Vətəndaşların qulluğunda durmaq şərəfli işdir

Dövlətin, eləcə də onun vətəndaşlarının qulluğunda durmaq şərəfli, məsuliyyətli işdir. Bunu dərk edən hər bir Dövlət qulluqçusu peşə borcunu ləyaqətlə yerinə yetirməyə səy göstərir. Təsis olunmuş bu peşə bayramı cənab Prezidentin dövlət qulluqçularına qayğı və diqqətinin, onların əməyinə verdiyi qiymətin əyani sübutudur.

İsmayıllıda çalışan 294 Dövlət qulluqçunun 250 nəfərindən çoxu  peşə bayramını “Qala” şadlıq sarayında qeyd edib. Tədbirin aparıcısı Famil Əhmədzadənin qısa girişindən sonra Dövlət himni səsləndirilib.

Bayram tədbirini İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb. O, ölkədə dövlət idarəetmə sisteminin əsaslı şəkildə təkmilləşdirildiyini diqqətə çatdırıb. Rayonda çalışan Dövlət qulluqçularını təbrik edib.

Tədbirdə çıxış edən Dövlət qulluğu veteranı Gözəl Osmanova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Fərhad Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov, Əməkdar müəllim Şəfaqət Rəsulov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov Dövlət qulluqçusu olmağın önəmindən danışaraq, bu məsul sahədə çalışanları  peşə bayramları münasibəti ilə təbrik ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı tədbirə əsl bayram ovqatı bəxş edib. “Niyal” xalq çalğı alətləri ansamblı solistlərindən Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, Bəhruz Həşimovun oxuduğu mahnılar, Uşaq incəsənət məktəbinin şagirdi Nihadın etdiyi rəqs, Əməkdar mədəniyyət işçiləri Aşıq Ağamuradın və Rasim Ələsgərovun ifaları alqışlarla qarşılanıb.

Bayram tədbirində Dövlət qulluqçularından bir qrupuna İsmayıllı RİH başçısının Sərəncamı ilə ixtisas dərəcələri elan olunub və Fəxri fərmanlar təqdim edilib.

Elnarə Qasımova

 

Şərh Yaz