Yaxşı yaşamaq üçün meyar…

596 təsərrüfatdan, 431 evdən, əhalisinin sayı 2106 nəfərdən ibarət olan Qalınçaq kəndində 360 şagird yerlik orta məkrəbdə 347 nəfər şagird, 44 uşaq isə məktəbəqədər qrupda təhsil alır. Kənddə tibb məntəqəsi, ATS, poçt, kənd yaradıcılıq klubu və kitabxana fəaliyyət göstərir. Bu göstəricilər deməyə imkan verir ki, Qalınçaq rayonun ən böyük kəndlərindən biridir.

İyun ayının 21-də RİH başçısı Mirdaməd Sadıqov rayonun hüquq-mühafizə orqanları rəhbərləri ilə birgə kənddə görüş-qəbul keçirib. Başçı əvvəlcə kənddəki sosial durum və yeniliklər barədə məlumat verib.

Qalınçaqda əhalinin əsas məşğuliyyəti maldarlıq, əkinçilik və bağçılıqdır. Son illərdə bu əmək sahələrinin sırasına tütünçülük və baramaçılıq da  daxil olub. Cari ildə 215 qram barama qurdu bəslənilib. Hələlik 260 kiloqrama yaxın məhsul təhvil verilib. Bu sahənin inkişafı üçün 1200 ədəd tut tingi əkilib. Ərazidə 167 hektarda fındıq, 83 hektarda meyvə bağı salınıb. 4,2 hektarda isə tütün əkilib. Hazırda becərmə işləri davam etdirilir.

Kənd sakinlərinin çıxışlarından bəlli oldu ki, 180 evə qaz xətti çəkilməsinə, həkim məntəqəsinin tikilməsinə, uşaq bağçasının açılmasına, kənd daxilində yararsız 25 elektrik dirəyinin dəyişdirilməsinə, məhəllələrdən birində subartezian quyusunun qazılmasına, kəndin asfalt yolunun təmir olunmasına ehtiyac vardır. Çıxış edənlər  kəndin inkişafına, yaşayış tərzinin yüksəlməsinə görə ölkə rəhbərliyinə minnətdarlıq edib, qaldırılan məsələlərin də tezliklə həll olunacağına ümidvar olduqlarını bildiriblər.

 Əksər görüşlərdə olduğu kimi, burada da başçı yaxşı yaşamaq üçün yaxşı işləməyin başlıca meyar olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

 Ş.Soltanov

Şərh Yaz