İnsanı zəhmət və mühit yetişdirir…

Aydın məsələdir ki, dilənçilik cəmiyyət tərəfindən heç də müsbət qəbul olunmayan, hər hansı nəslə, ailəyə, yerə-yurda və sonda, elə cəmiyyətin özünə də utanc gətirən bir haldır. Bütün bunlara baxmayaraq, güzəranını kimlərinsə əməyi, alın təri, qazancı hesabına qurmağa çalışanlar və buna nail, qane, hətta sevinib yaşayanlar da vardır.

Yaşlı və orta nəslin nümayəndələri çoxuşaqlı ailələrdən olduqlarından yaxşı bilirlər ki, bir vaxtlar hər bir evdə ailə üzvünün yaşına, gücünə müvafiq olaraq, müəyyən işlərin görülməsində, ailə büdcəsinə gəlir daxil olunmasında mütləq iştirakçı olurdu. Yaxşı oxuyanlar ali, zəif oxuyanlar sevdiyi, seçdiyi peşə üzrə təhsil  almağa gedirdi. Bu da yetişən nəslin məşğulluğuna, evlərdə açılan süfrələrə öz təsirini bu və ya digər şəkildə göstərərdi.

Zaman dəyişmədən irəli gedə bilmir. Əslində, bunu görə-görə  insan özü də dəyişir. Bir vaxtlar evlər balaca, ailələr böyük idi. Zaman keçdikcə evlər böyüdü, ailələr kiçildi. Vəziyyətin bu yerə gəlməsinin qərarını isə uşaqlar deyil, böyüklər, valideynlər verdilər. Ailələr kiçildikcə zəhmət, alın təri deyilən şeylər arxa plana keçdi. Nədənsə, “zəhmətkeş” sözü də bəyənilmədi. “Zəhmətkeş” adını daşıyan rayon qəzeti də fəaliyyətini dayandırdı. Elə o ərəfələrdə insanlarda sanki yeni düşüncə formalaşdı, daha müasir, dəbdəbəli evlər tikmək (İmkanı olmayanlar da buna can atdı),  ailədə uşaqların sayını azaltmaq hesabına, daha az zəhmətlə güzəranın yaxşılaşacağını, ali yaşayış əldə olunacağını planlaşdıranlar da tapıldı və bu hal olduqca yoluxucu oldu.

Bəli, zaman dəyişdi. Fabriklər, zavodlar, kolxoz və sovxozlar işini dayandırdı. Təbii olaraq çoxsaylı iş yerləri aradan çıxdı. İşləmək gücündə olan müxtəlif peşə sahibləri işçi qüvvəsi tələb olunan yerlərə, şəhərlərə axışdılar. Gəncləri və orta nəslin nümayəndələrini sürətlə itirən kəndlər boşaldı. Boşalan kəndlərin yal-yamacı o yerləri yuxusunda da görməyənlərin qoyun sürülərinə örüş yeri oldu…

Müstəqil, gənc Azərbaycan dövləti öz suverenliyini qorumaq üçün saysız-hesabsız çətinliklərlə üzləşdi. Vətəndaşların sosial durumunu tənzimləmək üçün aztəminatlı ailələrə sosial yardım edilməsini vacib bildi. İşləmədən dişləmək düşüncəsində olanlar da dövlətin bu humanistliyindən yararlanmağa meyl göstərdi. Bununla sanki yaşamağın yolunu tapmış olduğunu düşünənlər də oldu. Əslində isə bu, bəziləri üçün “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” adlı rəsmi dilənçilik  oldu.

İsmayıllıda 2013-cü ilin rəhbər dəyişikliyindən sonra bu məsələyə ciddi yanaşıldı və yaxşı yaşamaq üçün meyarın yalnız yaxşı işləmək olduğu hamıya çatdırıldı. Göstərilən tarixdə rayonda nümunə üçün kənd təsərrüfatı məhsulları yetişdirən bir istixana olmadığı halda, indi istixanaların sayı 100-ə çatmaqdadır.  5-6 il əvvəl 52 min ton taxıl tədarükü ilə kifayətlənən İsmayıllı son illərdə bu rəqəmi 110 min tona çatdırmaq əzmindədir. Kənd təsərrüfatının unudulmuş sahələri olan tütünçülük, xüsusilə də baramaçılıq inkişaf etməkdə davam edir.

Əmək sahələrinin yaradılması həm də iş yerlərinin açılması deməkdir. Bir vacib məsələni də qeyd edək ki, bəzən valideynlər belə demək olarsa, çox istədiklərindən övladlarını təsərrüfat işlərinə, uşaqları üçün ağır saydıqları işlərə cəlb etmək istəmirlər. Məlum məsələdir ki, ailə təsərrüfatlarında uşaqlar bacardıqları qədər zəhmətə qatlaşmalı, valideynlərinə kömək etməlidirlər. Əməyə bu cür yanaşma öz zəhməti hesabına yaşamaq anlayışını uşaqlara əyani şəkildə göstərə bilər. Hələ üstəlik, belə hallarda hər bir azyaşlı özünü gələcəyin halallığa, zəhmətsevərliyə üz tutmuş vətəndaşı kimi görər.

Gələcək, zəhmət və halallıq kimi anlayışlar, bu gün daha çox gənclərimizi düşündürməlidir. Çünki,  ulu öndər Heydər Əliyevin uzaqgörən ideyalarına söykənən cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində inkişaf edən ölkəmizin parlaq sabahları məhz gənclərin, onların balalarının ixtiyarında olacaqdır. Elə buna görə də bu gün hər birimiz süfrəmizin bolluğunu, ailə büdcəmizin qalxma səviyyəsini, rahat yaşayışımızı öz halal zəhmətimizdə, düzgün müəyyənləşdirdiyimiz həyat yolunda – övladlarımızın düzgün tərbiyə olunmasında görməliyik.

Fiziki sağlamlığı qaydasında olan, istənilən yaşda adamı ələbaxımlığa öyrətmək, yumşaq ifadə etsək – cinayətdir. Təbiətə nəzər saldıqda aydın görürük ki, canlılar davamçılarının təminatını yalnız onların körpəlik dövründə öz üzərilərinə götürürlər. Bəlkə də atalarımız “Bığın bığımca, qığın qığımca” – deyimini də elə buradan götürmüşlər. Amma övlad tərbiyəsində zəhmətə bağlılıq gündəlik həyat tərzinin vacib parçası olmalı, insanın ailədə, cəmiyyətdə yer tutmasında zəruri ehtiyaca çevrilməlidir.

Ələbaxımlıq, başqasının rahat yaşamasına həsədlə, qısqanclıqla baxmaq heç vaxt hansımızınsa rahat yaşayışına səbəb olmayacaq. Hər kəs öz taleyinin memarıdır. Taleyindən narazılar bacarığından gileylənsə, daha haqlı olar.

Şahməmməd Soltanov,

Prezident təqaüdçü

 

Şərh Yaz