ÖLÜMÜN NƏSİMİ ZİRVƏSİ – Nəsimi – 650

Oqtay İsmayıllı

 

ÖLÜMÜN NƏSİMİ ZİRVƏSİ –  Nəsimi – 650                                           

 

Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,

Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz.

 

Həyatı da, yaradıcılığı da misilsiz qəhrəmanlıq nümunəsi olan qüdrətli şair-filosof İmadəddin Nəsiminin ölümü də misilsiz qəhrəmanlıq nümunəsi olmuşdur. Onun edamı 600 ilə yaxındır ki, dildən-dilə gəzərək bütün nəsillərin düşüncəsini məşğul etmiş, ən müxtəlif fikirlərə və rəylərə səbəb olmuşdur. Biz 35 illik pedaqoji fəaliyyətimiz ərzində hər il şagirdlərin bir qisminin Nəsiminin faciəli ölümü ilə bağlı şübhə dolu sualları ilə qarşılaşmışıq. Onlar şairin diri ikən dərisinin soyulmasına, dəhşətli əzablara dözərək qətiyyən inildəyib yalvarmamasına, üstəlik qanı axa-axa “Ağrımaz” rədifli qəzəli deməsinə skeptik yanaşırlar. Doğrudan da, bütün bunlar ağlasığmaz görünür. Əli Kərimin məşhur “Şəhidliyin zirvəsi” şeirində deyildiyi kimi:

Altı yüz ildir idrak

çırpınır pələng kimi,

Nərə çəkir, ağlayır,

tapa bilmir ki, bilmir

o bir sirri-xudanı:

Təpədən-dırnağadək

soyalar bir adamı;

Necə ola dinməsin,

Böyük əqidəsindən

bir misralıq enməsin.

Bizcə, bəzi faktları bir yerə toplayıb əlaqələndirsək, bu məsələ ilə bağlı hər cür şübhələr yox olar. Hamı M.Quluzadənin “Böyük ideallar şairi” kitabında (Bakı, 1973, səh.22) Sultan Müəyyədin Nəsimi haqqında hökmü ilə tanış ola bilər. Həmin hökm belədir: “Dərisi soyulsun və Hələbdə yeddi gün göstərilsin. Dəllal car çəksin, sonra da əl-ayağı kəsilsin, bir parçası Zülqədir oğlu Əlibəyə, qardaşı Nəsirəddin və Osman Qarayölükə göndərilsin; çünki bu Nəsimi onların inanclarını (etiqadını) pozmuşdur”.

Burada tam aydın şəkildə məhz dərisini soymaq yolu ilə edam edilmə cəzası əks olunmuşdur.

Belə vəhşi cəza nə görünməmiş hadisədir, nə də yalnız Sultan Müəyyədin ağlına gəlib. Tarixdə az-az olsa da, belə üsulla edamlar baş verib. Onlardan biri ilə oxucular Şklovskinin “Marko Polo” kitabında (Bakı, 1973, səh. 141) tanış ola bilərlər. Həmin hadisənin qısa məzmunu belədir: Xubilay xan öz ölkəsinin idarəsilə, demək olar ki, maraqlanmırdı. Bütün ixtiyarı Əhməd adlı bir müsəlmana vermişdi: “Necə bilirsən, elə et”. Bu acgöz və namussuz adam ölkədə dözülməz şərait yaratmış, rüşvət və talama yolu ilə böyük sərvət yığmışdı. Onun qasidləri hər yeri gəzib gözəl qız və qadınlar haqqında xəbər gətirirdi. Əhməd hətta ərli qadınları da zorla alırdı. O, 22 il fironluq etdi. Nəhayət, əhali dözə bilməyib qiyam qaldırdı və onu öldürdü. Yalnız bundan sonra ayılan Xubilay xan Əhmədin və onun 20 oğlunun saysız cinayətlərindən xəbər tutdu. O, Əhmədin 7 oğlunu daha ağır cinayətlərinə görə dərisini diri-diri soydurdu.

Mənbələrə görə, Sisamnes adlı bir hakim rüşvət alarkən yaxalanır. Əhəməni imperatoru I Dara rüşvət almağa meyilli olan digər hakimlərə də dərs olsun deyə, Sisamnesin dərisini soydurub, kürsü üzlüyü hazırlatdırır və ondan sonra vəzifəyə təyin olunan hakimin istifadəsinə verir. Ən ağlasığmaz cəhət isə o idi ki, ölkənin yeni hakimi Sisamnesin doğma oğlu idi.

Mannanın ən qüdrətli şahlarından olan İranzunun ölümündən (təq. e.ə. 716-cı il) sonra hakimiyyətə onun oğlu Aza gəlir. Aza atasının siyasətini davam etdirərək, Urartuya qarşı mübarizəsində Assuriya ilə müttəfiq olur. Buna görə də Mannanın Assuriyaya düşmən münasibəti bəsləyən Metatti, Telusina və Baqdattu kimi vilayət başçıları açıq şəkildə onun siyasətinə qarşı çıxırlar. Nəticədə onlar Azanı öldürür və taxta onun qardaşı Ullusununu gətirirlər. Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. O, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Beləliklə, Baqdattunun dərisi soyulur, cəsədi isə mannalılara görk olmaq üçün nümayiş etdirilir.

Roma imperatoru Valerian farslara əsir düşən zaman o həmin an öldürülmür. Valerian öncə imperator Şapurun nökərinə çevrilir. Şapur onunla it kimi davranır, hətta it adı verir, 4 ayaq üzərində gəzməsini əmr edirdi. Atına minəndə isə, Valeriandan kətil əvəzi istifadə edirdi. Tezliklə Şapur öz nökərindən bezir və onun boğazına ərinmiş qızıl tökdürərək edam etdirir. Sonra isə dərisini üzüb, içərisinə saman doldurmağı əmr edir. Valerianın dərisi uzun müddət mərkəzi meydanda nümayiş olunur. (© xezerxeber.az ) (“Dərisinə saman təpdirmək” ifadəsi məhz belə edamların bu günə çatmış əks-sədasıdır).

Qədim farslar cinayətkarların bir dəfə edam edilməsinə icazə vermirdilər. Dərisini üzüb sağaldır, yenidən eyni cəzanı verirdilər. Sonda isə, sağaldıb, dar ağacından asırdılar.

Zənnimizcə, belə dəhşətli edamların əfsanə olmadığına inanmaq üçün bu misallar da bəsdir.

Nəsimi belə işgəncəli və uzun müddət davam edən edama elə mətanətlə dözmüşdür ki, adı qəhrəmanlıq və dözüm rəmzi kimi əbədiləşmişdir. Həqiqətən, dərisi soyulan bir insanın nəinki çığırıb-bağırmaması, heç inildəməməsi də ağlasığan hadisəyə oxşamır. Ancaq belə olmasaydı, bunun izi mütləq tarixdə qalardı. Bəs onda Nəsiminin hədsiz dözümünü necə anlamaq olar? Bizcə, bu məsələ o qədər də mürəkkəb izah istəmir.

İki ehtimal irəli sürmək istəyirik:

Birincisi, Nəsimidə anadangəlmə ağrı hissini duymaq qabiliyyəti yox imiş. Çox nadir hallarda olsa da, bəzi adamlarda ağrıya cavabdeh olan sinirlər və beyinin müvafiq şöbəsi əbədi susur. Məsələn, ”Macar qızı Menika heç bir ağrı hiss etmir. Bu anadangəlmədir”. (Ə.Əsgərov. “Nələr olmur bu dünyada”, səh.108). “Ginnesin rekordlar kitabı” dilinə, qollarının dərisinə, ətinə qarmaq keçirib ağırlıq qaldıranlar, kürəyinə keçirilmiş qarmaqlardan asılanlar və b. haqqında dəqiq faktlarla zəngindir. Həm də belələrinin ağlasığmaz bacarıqları videomateriallarla təsdiqlənir. Daha bir örnək də qədim tarixdən gətirək: Etrusklar Romanı mühasirəyə alırlar. Mutsiy adlı yeniyetmə romalı düşmən ordugahına keçərək etrusk çarı Porseni öldürmək istəyir, ancaq ələ keçir. Çar əmr edir ki, ona odla əzab verərək sui-qəsdin digər iştirakçılarının adlarını öyrənsinlər. Mutsiy öz mətanətini ona göstərmək üçün tonqala yaxınlaşıb əlini odun üstünə qoyur və ətinin cızhacızla yanmasına, ətrafı yanıq ət qoxusunun bürüməsinə baxmayaraq, heç nə olmayıbmış kimi çarla sakitcə söhbət edir.

İndiyədək tibb elmi, təxminən, 100 belə adam haqqında məlumata malikdir. Ancaq qədimdən bəri heç bir ağrı duymayan adamlar, şübhəsiz ki, minlərlə olub. Xüsusilə keçmişdə həkimə müraciət edənlər az olub, onların isə çox cüzi bir hissəsi hərtərəfli müayinə olunub. Sözsüz ki, heç indi də ağrı hissindən məhrum olan adamların böyük bir hissəsindən nə başqalarının, nə də özlərinin xəbəri var. Axı belə adamlar ağrı duymamaqlarını adətən çox sağlam və dözümlü olmalarının nəticəsi hesab edirlər.

İkinci ehtimalımız isə belədir: Əgər Nəsimidə anadangəlmə ağrını duymamaq qabiliyyəti olmayıbsa, onda belə qabiliyyəti özündə sonradan yaradıb. İradəli adamlar müntəzəm fikri məşqlə, özünütəlqinlə buna nail ola bilirlər. Nəsimi öz mürşidi Nəiminin faciəli edamını heç zaman unuda bilməzdi. O, yaxşı anlayırdı ki, ya öz həyatının mənası olan mütərəqqi ideologiyadan əl çəkib xətərsiz yaşamalı, ya da gec-tez özünün daha ağır edamını göz altına almalıdır. O, divlərə itaətlə barışa bilməzdi. Deməli, ləyaqətli, bütün feodal dünyasını və düşüncəsini sarsıda biləcək, ona ölümsüzlük qazandıracaq bir ölümə hazır olmaq lazım idi. Buna da ancaq öz bədənində fiziki ağrı hissinə qalib gəlməklə nail olmaq mümkün idi. Qeyd edək ki, bu, o qədər də çətin iş deyil. Fikrimizi təsdiq etmək üçün Ə.Bayramovun “Qəribə psixi hadisələr” kitabından (Bakı, 1967, səh. 30-31) bir örnək verək: Birici dünya müharibəsinin sonlarında avstraliyalı kimyaçı mühəndis To-Rama qumbara qəlpəsi ilə çox ağır yaralandı. Həkimlər onun vəziyyətini ümidsiz hesab etdilər və ölülər üçün ayrılmış palataya qoydular. Bu “ölü” həkimlərin danışığını yaxşı eşidirdi, ancaq heç kirpiyini də tərpədə bilmirdi ki, ölmədiyini anlada bilsin. To-Rama özü sonralar yazırdı: “Bu zaman mənim daxilimdə nə isə üsyan etdi. Mən dişlərimi qıcadım və məndə yeganə fikir əmələ gəldi: “Sən salamat qalmalısan, sən ölməyəcəksən, sən heç bir ağrı hiss etməyəcəksən”. Bunu mən sonsuz sayda təkrar etdim. Nəhayət, bu fikir mənim ətimə, qanıma yeridi, ruhuma hakim kəsildi. Bundan sonra mən heç bir ağrı hiss etmədim… Beləliklə, mən öz iradəmin gücü ilə sağaldım”. To-Ramanı dəfn etmək üçün aparmaq istəyəndə onun ölüyə oxşamadığını görən həkimlər dərhal müalicəyə başladılar. Cəmi iki ay ərzində o, özünütəlqin yolu ilə ağrıya qalib gəlməyi elə bacardı ki, üzərində narkozsuz cərrahiyyə əməliyyatı keçirildi və qəlpə çıxarıldı. Bundan sonra To-Rama özü üçün xüsusi fikri məşq sistemi hazırladı və ağrını duymamaq sahəsində inanılmaz nəticələrə nail oldu. Bir çox sirklərdə məharətini nümayiş etdirən bu “keçmiş ölü” bədəninin istənilən yerini ən yoğun iynə ilə deşəkən, hər cür işgəncəyə məruz qoyarkən nəbzi, qan təzyiqi qətiyyən dəyişmirdi, başqa sözlə, o özü istəməsəydi, heç bir ağrını hiss etmirdi.

Nəhayət, skeptiklərin üçüncü şübhəsini dağıtmağa çalışaq. Nəsimi, doğrudanmı, edam zamanı al qan içində “Ağrımaz” qəzəlini demişdir? Biz buna qətiyyən şübhə etmirik. Ancaq həmin əsərin yaranma zamanı haqqında iki ehtimal söyləmək olar. Birinci ehtimal: Dəhşətli fiziki əzablar verməzdən əvvəl Nəsimini mənəvi işgəncəyə məruz qoymaq üçün soyulma cəzası ilə edam hökmü bir gün əvvəldən ona elan edilir. Bu cəsur şair nəinki qorxmur, hətta edamını gözü qarşısında canlandıraraq bu qəzəli şifahi yaradır. Axı zindanda o, kağız-qələmdən məhrum edilib. Səhəri gün edam zamanı həmin qəzəli söyləyərək əbədiyyətə qovuşur.

İkinci ehtimal: Edam zamanı baş verən ikrahdoğurucu komik hadisə – din xadiminin (zahidin) qorxub öz sözündən qaçması (Nəsiminin qanı dəyən barmağının kəsilməsinə razı olmaması) şairin bu “murdar sallaxlara” son zərbəsini endirməsinə səbəb olmuşdur. Axı o, ağrı hiss etmirdi, ona görə də al qan içində olsa da, bədahətən sonuncu məğrur sözünü – “Ağrımaz” qəzəlini deyir. Biz bu ehtimalı həqiqətə daha uyğun sayırıq. Çünki bu şeir məzmunu və məğrur əhvali-ruhiyyəsi ilə Nəsiminin başqa şeirlərindən fərqlənməsə də, qafiyələrin zövqlə seçilməsi baxımından bir qədər nöqsanlıdır (cigərlər – damarlar – bəsərlər və s.). Hətta “damarlar” sözü iki dəfə qafiyə kimi işlənib, yəni təkrarçılığa yol verilib. Nəsimi kimi yüksək ədəbi zövqə malik olan şair adi şəraitdə bunlara qətiyyən yol verməzdi. Heç bir ağrı hiss etməsə də, qanı axdıqca zəifləyən, şüuru dumanlanmaqda olan, ömrünə bir neçə dəqiqə qalan qüdrətli şair son sözlərini mümkün qədər sürətlə deməli idi. Qafiyələrin mükəmməlliyini gözləmək üçün onun heç bircə saniyə də vaxtı yox idi.

Dediklərimizə qısaca yekun vuraq: Nəsimi ya anadangəlmə ağrı hissindən məhrum fenomen insanlardan biri imiş, ya da Nəiminin ölümündən sonra fikri məşqlər nəticəsində özündə işgəncələri duymamaq qabiliyyəti yaradıbmış. Ona görə də dözülməz əzabları hiss etməmiş, qanına boyansa da, ömrünün son anında dünyaya “Ağrımaz” qəzəlini bəxş etmiş, öz cəsurluğu, dönməzliyi və məğrur səsi ilə orta əsrlərin zülmət səmasını bir daha şimşək kimi parlaq işığa qərq etmişdir.

Şərh Yaz