Ağıllı sərçə

Yayın son ayı idi. Havalar yavaş-yavaş soyuyurdu. Köçəri quşlar dəstə-dəstə uçub isti ölkələrə gedirdi. Kolun üstünə Cik-Cik adlı bir sərçə qonmuşdu. O soyuqdan titrəyir, isti ölkələrə köç edən quşları seyr edirdi. Bir anlıq onlara qoşulub o da getmək istədi. Öz-özünə düşündü: Bütün qışı burada soyuqda qalacağam. Hər tərəf qarla örtüləcək. Özümə yem də tapa bilməyəcəyəm. Onlar isə isti ölkələrdə rahat və firavan yaşayacaqlar. Mən də onlara qoşulub gedim. Yaz gələndə yenə də qayıdıb gələrəm.

Cik-Cik bu fikirlə qanadlanıb uçmaq istəyirdi ki, bir anlıq gözü böyük zəhmətlə qurduğu yuvasına sataşdı. Öz-özünə düşündü:

– Bəs yuvam? Onu kimə tapşırım. Birdən yazda geri dönəndə onu tapmadım.

Cik-Cik köçəri quşların dəstəsindən ayrılıb öz yuvasına qondu. Onun hər tərəfini sevgi dolu baxışlarla süzdü. Min bir əziyyətlə qurduğu yuvanı qoyub getmək istədiyi üçün özünü danladı.

Hər kəsə Vətəni, isti yuvası daha əzizdir. Hər birimiz öz Vətənimizi sevməliyik. Çox düz deyiblər: ”Qürbət el cənnət olsa, yenə Vətən yaxşıdır”.

Şərh Yaz