Qurumuş ağac

(Kiçik hekayə)

Geniş asfalt döşənmiş kənd yolunu bitirib, evlərinin qapısındaca dayandı. Əslində qapı da deyildi. Bir-birinə məftillə bağlanmış iki dəmir parçası qapını əvəz etmişdi. Ətrafda üst-üstə qalanmış, quruyub qalmış ağac budaqları kəndin mal-qarasının ayaqları altında qalıb alçalmışdı. Ətrafda hər şey tər-təzə göründü gözünə, təkcə bu qapı və bu hasarı əvəz edən tör-töküntüdən savayı. Dəmiri özünə tərəf çəkib içəri keçdi. Burnuna uzun illərdən bəri hiss etmədiyi tanış qoxu gəldi. Dizə qədər qalxmış yamyaşıl otların arasından keçməyə yol tapmasa da, birtəhər ayaqlayıb evə tərəf addımladı. Özü ilə götürdüyü çantanı məhəccərin üstünə yerləşdirib, nəfəsini dərdikdən sonra maraqla ətrafa boylandı. Uzun illərin ayrılığından sonra kəndə ilk dəfə idi yolu düşürdü. Aspiranturanı bitirib işə düzələn gündən buralara gəlməyi ağlına da gətirməmişdi. “Kənd yollarının zığı, palçığı, tozu, torpağı mənlik deyil” – deyə düşünərdi. Kənddə tək qalan anasını da elə o vaxtdan özü ilə apardığından həyətə, ev-eşiyə baxacaq bir insan yox idi. Yolun yorğunluğu, susuzluğun onu əldən saldığını hiss etdi. Əl atıb məhəccərin üstündəki çantanı əlləşdirdi. İçindən bir butulka qazlı suyu boş fincana süzərək, birnəfəsə başına çəkdi. Tozlu pilləkəndəcə oturub, həyat yoldaşının çantaya yerləşdirdiyi yol azuqəsini acgözlüklə yeməyə başladı. Belə tez acıdığına özü də təəccübləndi.
Kəndin təmiz havasını ciyərlərinə çəkirmiş kimi dərindən nəfəs aldı. Rahatlığına əminliklə ətrafa boylandı. Həyətin ağacları baxımsızlıqdan çoxdan qurumuşdu. Otların arasına elə bil yaz çiçəkləri səpmişdin. Gözəllik göz oxşasa da ağacların bu halı özü də bilmədən kefini pozdu. Heç vaxt hiss etmədiyi qəribə bir həsrət çökmüşdü sinəsinə. Ötən günlərin xatirəsindən gələn bir səs qulağını dəlib keçirdi:
– Başına dönüm, ay oğul, o qələmlərdən muğayat ol. Hər cür meyvədən əkmişəm. Mən daha gedəriyəm. Həyət-baca sənə baxır. O təzə əkdiyim qırmızı alma növüdür. Qızıləhmədi deyərlər adına. Cana xeyri var. Yetişəndə, meyvəsini dərib yeyəndə, rəhmət oxuyarsınız mənə. Yataq xəstəsi olmuş atasının yalvarış dolu səsi idi.
Otların arasından yeriyib həmin ağacın yanında dayandı. Gövdəsi böyüyüb, iriləşmiş, neçə illərdi hər il üstündə meyvəsi quruyub qalmış, suya həsrət ağacın özü də qurumuşdu, çoxdan qurumuşdu.
Günahkar, günahkar qurumuş budaqları əlləri ilə sığalladı. Astadan – “Allah sənə rəhmət eləsin, ay ata” -deyə bildi. İndicə atasını itiribmiş kimi boğazına dolan qəhər içində bərkdən hönkürdü.
Mehriban İbrahimova

Şərh Yaz