Həmid Araslı -110

Həmid Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. O, 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya gəlmiş, iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdir.

H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur. 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirən Həmid 1926-cı ildə seminariyanı  bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib, 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq  Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur.1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad edirlər.

1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir.

H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.

Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şeirinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir.

Alimin yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Həmid Araslı “Kitabi-Dədə Qorqud”u 1939-cu ildə nəşr etdirməklə təkcə Azərbaycan ədəbiyyatına deyil, ümumilikdə bütün türkologiya elminə ölçüyəgəlməz dərəcədə xidmət göstərmişdir. Belə bir şəraitdə sinəsini qabağa vermək və xalqımızın ana kitabının müdafiəsinə qalxmaq insandan böyük fədakarlıq tələb edirdi. Lakin Həmid Araslı çoxsaylı təzyiq və təhdidlərdən çəkinməyərək, rəhbərliyin qərəzli mövqeyinə qarşı daim öz etiraz səsini yüksəltmişdir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də “Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır.

“Dədə Qorqud” dastanı ilə yanaşı, “Koroğlu” dastanının da araşdırılmasında və nəşri işində Həmid Araslının xüsusi xidmətləri olmuşdur. Bundan əlavə H.Araslı Xaqani, Xətai, Hadi, Səməd Vurğun yaradıcılıqlarının yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmir. Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olmuşdur. 1943-1944-cü illərdə nəşr olunmuş iki cildliyin – “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini vermiş, o əsrlərdə yaşayan sənətkarların dolğun portretlərini yaratmışdır.

H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmuşdur. Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşmış, “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri” və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut etmişdir. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst etmişdir. O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olmuşdur. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası vardır.

Ədəbiyyatşünaslıq elmimizin, demək olar ki, bütün sahələrində, o cümlədən ədəbiyyat tarixi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi kimi sahələrdə məhsuldar fəaliyyət göstərən və olduqca önəmli uğurlara imza atan, Azərbaycan ədəbi-elmi düşüncə tarixində təkrarsız yeri və rolu olan Həmid Araslı folklorşünaslığımızın spesifik sahələrindən hesab edilən ənənəvi aşıq yaradıcılığı sahəsinə də xüsusi diqqət ayırmış, bu istiqamət onun elmi fəaliyyətinin başlıca istiqamətlərindən olmuşdur. Alim tədqiqatlarında aşıq sənətinin müxtəlif sahələrinə toxunmuş, bu əbədi söz xəzinəsinin sirlərindən bəhs etmişdir. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri olan məşhur aşıqlar haqqında onlarla məqalələr nəşr etdirmişdir.

Onun 1960-cı ildə çap etdirdiyi “Aşıq yaradıcılığı” kitabı bu gün üçün belə öz dəyərini itirməyib. H.Araslının bu kitabda və aşıqlar haqqındakı digər məqalələrində aşığın davranış və rəftarından tutmuş aşıqlıq sənətinin strukturuna qədər vacib məsələlərə diqqəti yönəltməsi məsələləri monoqrafiyada bu günün tələbləri çərçivəsində təhlil edilir.

Həmid Araslı tədqiqatlarında folklorşünaslığın ən həssas və ən aktual məsələlərindən olan yazılı və şifahi ədəbiyyatın qarşılıqlı əlaqələri məsələsi də xüsusi yer tutur. Xalqımızın tarixi, elmi yüksəlişi, eləcə də gənc nəslin ali məqsədlərlə, elm, biliklə əhatə olunması istiqamətində yorulmaz müəllim, əsl ziyalı qiyafəsini heç zaman tərk etməyən Həmid Araslının yeri və mövqeyi ölkəmizin ədəbiyyatşünaslıq və folklorşünaslıq elmi tarixində hər zaman yüksək ehtiram və təqdirlə yad olunacaqdır.

Azərbaycan Respublikası Prezidenti 11 fevral 2019-cu il tarixində akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Bu da dövlətimizin Azərbaycan elmi-ədəbi və mədəni həyatında iştirak edən şəxslərə verilən dəyərin bariz nümunəsidir.

Ramil Haşımlı,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin İstehsalat təcrübə rəhbəri, Azərbayan dili və ədəbiyyatı müəllimi

 

Şərh Yaz