“Dağ çiçəkləri”

Səfin önü, arxası o zaman ki, düzəldi,

Qabağa peyğəmbərlər, sonra şairlər gəldi.

Nizami Gəncəvi

 

Sevdirə bilmədim özümü sənə

 

Dünyaya gəlişim səndən ötəri,

Quş kimi tordayam dəndən ötəri.

Baxırsan sən mənə gendən, ötəri,

Kim verib bu qədər dözümü sənə?

Sevdirə bilmədim özümü sənə.

 

Canımı verərdim o çağın üçün,

Şam, çıraq olardım otağın üçün.

Yandı dilim-ağzım dodağın üçün,

Yox! Deyə bilmədim sözümü sənə,

Sevdirə bilmədim özümü sənə.

 

Günəşi qüruba gedən axşamam,

Olsun ki, sevməkdə hələ də xamam.

Sevdikcə özümü unutdum tamam,

Gec oldu tutanda üzümü sənə,

Sevdirə bilmədim özümü sənə.

 

Yaxşı ki, sevdiyim el içindəyəm,

Ətrafım bağ-bağat, gül içindəyəm.

Amma xəyalınla kül içindəyəm,

Göstərə bilmirəm közümü sənə,

Sevdirə bilmədim özümü sənə.

 

Şair, xəyallarla sinəni dəlmə,

Söndürməz bu odu ağlayan kəlmə.

Gülüm, yolunu get, arxamca gəlmə,

Göstərən olsa da izimi sənə –

Sevdirə bilmədim özümü sənə.

Şahməmməd Dağlaroğlu

 

Təcnis

 

Kim nə bilir nə dərdim var…
Qurdtək məni yedi dərdim.
Tanrı, bəsdir verdiklərin,
Yetdi mənə, yetdi dərdim.

 

Yerindədi, sanı sandı,
Daşıyım, görüm, asandı?
Çoxları da elə sandı,
Bir bəslədim, yeddi dərdim.

 

Sanma namərd yıxar məni,
Əzər gültək ya xar məni.
Amma hər gün yaxar məni,
Yeddi yerdən yeddi dərdim.

 

Ötüşdükcə il an kimi,
Ağrıtmazmı il, an kimi?
Çalır başdan ilan kimi,
Ağlı, huşu, yadı dərdim.

 

Yol olmadı bir yol, gedəm,
Min yol gələm, bir yol gedəm.
Kaş öldürə bir yol, gedəm,
Güldürüncə yadı dərdim.

Nazir Ziya Talıstanlı

 

Bir gül ver mənə

 

Allahım, bir belə dərd verirsənsə,
Barı dərdi sevən könül ver mənə.
İndi ki könlümü kövrək yaratdın,
Onda bu dərdləri yüngül ver mənə.

 

Şərin gözlərini çən tutmur axı,
Zaman haqqı oddan gen tutmur axı.
Zəmimdə sünbüllər dən tutmur axı,
Rəhm elə, bir dolu sünbül ver mənə.

 

Hər dağın, dərənin yüz sahibi var,
Gör nə qədər sırtıq üz sahibi var.
Yerdəki hər gülün öz sahibi var,
Nə olar, göylərdən bir gül ver mənə.

Oqtay İsmayıllı

 

Sənin həsrətin 

 

Küçəyə atılmış ac körpə kimi,
Həsrətin yenə də kirimək bilmir.
Mənim dərdlərim də şikəst doğulub,
Düşüb dizlərimdən yerimək bilmir.

 

Əllərim payızın son gecəsidir,
Sığalı telimə ağ çiçək taxır.
Elə darıxmışam özümdən ötrü,
Bütün güzgülərdən gözlərin baxır.

 

Bəxt mənim üzümə çırpılan qapı,
Sən gedən, mən isə “geridə qalan”.
İndi rahatsanmı könül yuvamdan
Sərçə ümüdləri didərgin salan?!

 

Qəlbimi yandırıb isitdim səni,
Üşüyən ömrümə “bir gün” almadın.
Sənə göz yaşımdan dəniz yaratdım,
Sahil gözlərimdə lövbər salmadın.

Turac Hilal

 

İsinişz

 

Tut gətir, ünvanın dəyiş,

Lap yuvasın, qının dəyiş,

Damarında qanın dəyiş,

İlan sənə isinişməz.

 

Qızınsa od-ocağında,

Evinin baş bucağında,

Yuxulasa qucağında,

İlan sənə isinişməz.

 

Oyanıb, durub gedəcək,

Əslini sorub gedəcək,

Quyruğun qırıb gedəcək,

İlan sənə isinişməz.

brayıl Hüseyn

 

Ay Allah

Kim deyir ki, məhəbbətdən dərd olar,
Dərd özü də məhəbbətmiş, ay Allah!
Yanib, yanib əzabinda kül olmaq,
Külün közü səadətmuş, Ay Allah!

 

Görüş yeri xəyalları qucaqlar,
Xəyallarda yanar isti ocaqlar.
Dünya boyda cənnət olar o çağlar,
Xəyal özü bir cənnətmiş, ay Allah!

 

Qərib olmaz düşüncələr, kəlamlar,
Kəlmə-kəlmə ürək deyər, dil anlar.
Həqiqətdən utanandi yalanlar,
Doğru-düzü qənimətmiş, ay Allah!

 

Ürəksizi qul saymayıb Yaradan,
Yara olmaz, könül çəkən yaradan.
Müqəddəslik nədir, bilər sevən can,
Tale sözü həqiqətmiş, ay Allah!

 

Yaşadandı, həyat dərsi verəndi,
Məhəbbətli gözlər dünya görəndi.
Bağban olub, bəhərini dərəndi,
Sevgi bizə bir nemətmiş, ay Allah!

Mehriban İbrahimova

 

Sevincim olsa

 

Mənim də bir “ovuc” sevincim olsa,
Sevincim qəlbimə süzülüb dolsa,
Bir sən, bir bu dünya əbədi qalsa,
Min elə sevinci verərdim sənə.

 

Qüssələr həmişə qəlbimi oyub,
Arzular puç olub, dərimi soyub,
Qəlbimi canımın üstünə qoyub,
Gözəl bir hədiyyə edərdim sənə.

 

Özümdə güc tapıb üzünə baxam,
Çeşmə tək durulub, süzüləm,  axam,
Eşqindən alışam, şimşək tək çaxam…
Qayanın bağrını didərdim sənə.

 

Əlindən tutardım öləndə belə,
Sevgidən min çələng hörərdim telə,
Nahaqdan verməzdik ömürü yelə,
Dağlardan gül, çiçək dərərdim sənə.

 

Nazını, sözünü boynuma dola,
Bəlkə o dünyada cənnətim ola.
Rüstəməm, ölsəm də girib mən qola,
Qoymaram yük ola öz dərdim sənə.

stəm Məbudoğlu

 

laya-ağlaya

 

Namərd sevinməsin deyə,

Gülür ağlaya-ağlaya.

Ürəkdəki nisgilləri,

Silir ağlaya-ağlaya.

 

Dönüb vaxtsız solan gülə,

Dözməyir, az qalır ölə.

Tikəsini alıb ələ,

Bölür ağlaya-ağlaya.

 

Qurutmayıbdır gözünü,

Şən göstərməyir özünü.

Yerə salmayıb sözünü,

Gəlir ağlaya-ağlaya.

 

Bitirdiyinin yerini,

Götürdüyünün yerini,

İtirdiyinin yerini,

Bilir ağlaya-ağlaya.

 

Qulağı olmur səsdə də,

Perik düşür də dəstədən.

Gülməyir son nəfəsdə də,

Ölür ağlaya-ağlaya.

Tamam Nur Tağlabiyanlı

 

ni sevirsən, demək…

 

Nazir müəllim, qalsan bağçasız-barsız,

İraq olsun, olsan əlsiz, ayaqsız,

Yaşaya bilməzsən sən bu torpaqsız.

Əyildim önündə səcdə edərək,

Vətəni sevirsən, demək!

 

Həyat bir dənizdir, insanlar ada,

Ucalar heç zaman batmaz dəryada.

Dostum, uymamısan şöhrətə-ada,

Burda arzuların açırsa çiçək –

Vətəni sevirsən, demək!

 

Mərdlik ağardıbsa sənin üzünü,

Açıq deyirsənsə sözün düzünü,

Kürsü eyləməyib Vətən sözünü,

Keşik çəkirsənsə ona əsgərtək –

Vətəni sevirsən, demək!

 

Duydun babaların dərdi-sərini,

Üşütdü ruhunu dərdin sərini.

Əblinin, Musanın şah əsərini,

Qəlbində, köksündə eylədin çələng,

Vətəni sevirsən, demək!

qar Vaqifoğlu (Hüseynov)

 

Fərqi yox, İnqilab, ya da Mikayıl

 

Dərdim təzələndi şəhidliyinlə,

Gözümün önündə atam dayandı.

Mikayıl! – deyərək ağladı anan,

Yatmış xatirəmdən nənəm oyandı.

 

– Ağlardı atamın məzarı üstdə

Necə ki ağlayır, Mikayıl, anan.

“Şəhidim!” – sözünə yanardı qəlbi,

Atam qalxacaqdı sanki məzardan.

 

Hər iki ananın balası şəhid,

Fərqi yox, İnqilab, ya da Mikayıl.

Kaş yuxu olaydı ölümün, igid,

Anan səsləyəydi: Oğlum, qalx, ayıl…

 

Ayıl, tut ananın əsən əlindən,

Qara şal olmasın anama geyim.

– Bax, atam qayıtdı Mikayıl ilə,

Bağlama bu matəm örpəyin, – deyim.

Nargilə Əhədli İnqilabqı

 

İnanma

 

Dünya özü yalançıdır, ey könül,

Qocasına, qarısına inanma.

İnanarsan, aldadarlar səni də,

Dostu sına, yarı sına, inanma.

 

Getmişəm mən onun qəm dərsinə də,

Dabbaqda bələdəm dərisinə də.

Eşitdiklərinin birisinə də

Gördüyünün yarısına inanma.

 

Ayaz, dünya quru səsdi, səmirdi,

Yalan deyən, billah, yalan demirdi.

Bu zinətin içi paslı dəmirdi,

Üzündəki sarısına inanma.

Ayaz Şəfaqətov

 

***

Açılıb qönçə gülüm; Gəldi baharım yenə də.
Al geyib lalə kimi, sevgili yarım yenə də.

 

Süzdürüb gözlərini, güllərə min tənə edir,
Şur ilə cilvələnir nazlı nigarım yenə də.

 

Yetdi canım ləbə, hicr atəşi yandırdı məni,
Könlümə hakim olub dərdü-qubarım yenə də.

 

Möhnəti-hicrə dayanmır ürəyim, sızlayıram,
Səslənir qəmlə kamanım, həmi tarım yenə də.

 

Baxışın verdi, gülüm, qətlimə fərman; ölürəm,
Dolaşır yerləri ahım, göyü zarım yenə də.

 

Şəkəri-şəhdi-ləbin abi-həyatdır, gözəlim,
Qəlbimi eylə sirab, tazə nübarım, yenə də.

 

Versə də eşqin əzab, hiss edirəm nəşəsini,
Romanam, “Sevgi” sözü oldu şüarım yenə də.

Roman Səfərov

 

Neyləm onda

 

Tutub əllərindən gedirəm sənin,

Yolumuz ayrılsa, neylərəm onda?

Başını bağlamaq olmaz kədərin

Qəlbimə sarılsa, neylərəm onda?

 

Biz dünya qurmuşuq min bir naxışlı,

Kinsiz, küdurətsiz, təmiz baxışlı.

Əhdə sədaqətli, sevgi yağışlı,

Bölünsə, yarılsa, neylərəm onda?

 

Mən ki yaşayıram, nə qədər varsan,

Ömrümün, günümün çoxuna yarsan.

Sanıram sözündə sən düz ilqarsan,

Gümanım qırılsa, neylərəm onda?

 

Şirin arzuların xəstəsiyəm mən,

Qoşa ömrümüzün bəstəsiyəm mən.

Soldurma, bir çiçək dəstəsiyəm mən,

Dünyamız dağılsa, neylərəm onda?

Nazilərova

 

Dayanıbsa

 

Qoruna bilməzsən pisdən, yamandan,

Pislərin əlində daş dayanıbsa.

Tüstüsü burular çıxar göylərə,

Qurunun gözündə yaş dayanıbsa.

 

Qaranquş gəlişi dönər xoş çağa,

Bahar nəmər verər dərəyə, dağa.

Bütün kədərini basdır torpağa,

Payıztək qəsdinə qış dayanıbsa.

 

Qara gözlərində nəmin gözəldir,

Torpağın üstündə zəmin gözəldır.

Sevincin içində qəmin gözəldir,

Çiynində ağıllı baş dayanıbsa.

Surəbrayılova

 

drini bilək…

 

Qəlbimizi, könlümüzü alanın,

Evlər  tikib, yurd-yuvalar salanın,

Sevinc olub, ömrümüzə dolanın,

Qədrini hər zaman biz  bilək gərək.

 

Yaradaq arada şirin bir ülfət,

Sədaqət, saf sevgi, təmiz məhəbbət.

Nə lazım arada yarana  nifrət,

Gözəldir həyatı sevmək sonadək.

 

Könül bir olanda açılır ürək,

İnsan yaşayarmı bu dünyada tək?

Ey qadir Allahım, özün et kömək,

Bərabər döyünsün, bir vursun ürək.

 

Yaransın qohumluq saf məhəbbətdən,

Düşməsin qüssədən  saça bircə dən.

Açılsın ürəklər ülfət, hörmətdən,

Eşq toxumu səpsin dünyaya fələk!

Xuraman Baxış

 

Şərh Yaz