Yaddas kitabcasi

Nəsimi insana məhəbbəti, şəxsiyyətin azadlığını tərənnüm edib

Ölkəmiz, eləcə də doğma İsmayıllımız gündən-günə inkişaf edir. Bizə sevinc bəxş edən bu reallıq ölkədə ictimai-siyasi həyatın stabilliyi və dövlət siyasətinin düzgün aparılmasının bariz nəticəsidir. Sosial rifahımızın yüksəlməsinə bilavasitə təsir edən sahələrin inkişafı ilə yanaşı hazırda ədəbiyyat sahəsində də diqqətə çarpan yeniliklər biri-birini əvəz etməkdədir.

Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi də çox müsbət və təqdirəlayiq addımdır.

Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə Prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.

2019-cu ilin “Nəsimi İli” elan edilməsi səbəbsiz və təsadüfi deyil. Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

O vaxtdan etibarən, Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, eyni adlı gözəl bədii film çəkilib, həmçinin, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, Bakının ən böyük və mərkəzi rayonlarından biri onun adını daşıyır.

Ölkəmizdə söz-sənət adamlarına dövlət səviyyəsində yüksək səviyyədə verilən qiymət çağdaş ədəbiyyatımızın öncüllərini daha sanballı əsərlər yaratmağa sövq edir.

İsmayıllıda yazıb-yaradan qələm sahiblərinə göstərdiyi diqqət və qayğıya görə, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri adından hörmətli icra başçımız Mirdaməd Sadıqova minnətdarlıq  edirəm. Bu diqqət və qayğı sayəsində İsmayıllı yazarları yeni-yeni uğurlara imza atır.

Əminəm ki, Azərbaycan xalqı, o cümlədən yaradıcı vətəndaşlarımız 2019-cu ili daha yüksək nailiyyətlər, uğurlar ili kimi yaşayacaq və qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Turac Hilal,

şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Şərh Yaz