Millət vəkili seçiciləri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov İsmayıllı rayonuna ənənəvi səfəri çərçivəsində Quşencə və Zoğallıq kənd sakinləri ilə görüş keçirib, onların həyat şəraiti ilə maraqlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Quşencə kənd inzibati ərazi dairəsinin nümayəndəsi Yaşar Şirəliyev son illərdə adı çəkilən kəndlərdə görülən işlər, həyata keçirilən layihələr barədə geniş məlumat verib.

Y.Şirəliyev bildirib ki, ölkə rəhbərinin göstərişi ilə respublikamızda aparılan islahatlar kəndlərin də sosial-iqtisadi durumunu xeyli yüksəldib. “Azərsu” və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətlərinin birgə səmərəli fəaliyyəti nəticəsində sakinləri uzun zaman narahat edən  su və yol problemləri aradan qaldırılıb. Buna görə də, o, öz adından və  sakinlər adından  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib.

Milli Məclisin üzvü, deputat Novruzəli Aslanov çıxışında sakinləri kəndə su xətti və yol çəkilişi münasibəti ilə təbrik edib. Möhtərəm Prezidentimiz tərəfindən aparılan genişmiqyaslı islahat və quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar barədə danışıb.

Sonda vətəndaşları narahat edən məsələlərlə yaxından maraqlanan millət vəkili tez bir zamanda problemlərin həllinə çalışacağını söz verib. Görüş qarşılıqlı səmimiyyət və yüksək əhval-ruhiyyədə başa çatıb.

Qamət Məmmədov

Şərh Yaz