Region gəncləri üçün qış düşərgəsi keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin  əməkdaşlığı ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı”  ictimai birliyi tərəfindən  “Region gəncləri üçün qış düşərgəsi”  layihəsi çərçivəsində düşərgə həyata keçirilib.

İsmayıllı Olimpiya-İdman Kompleksində baş tutan, maarifləndirmə və ekskursiya proqramı çərçivəsində təşkil edilən düşərgənin əsas məqsədi cəbhəyanı bölgələrdə, ucqar, məcburi köçkün qəsəbə və kəndlərində yaşayan yeniyetmə və gəncləri  əhatə edərək, onların şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının, təhsilə marağının artmasını təşviq etmək təşkil edib.

8-10 fevral  2019-cu il tarixlərində Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Kürdəmir və İsmayıllı rayonundan düşərgənin iştirakçıları müxtəlif maarifləndirici sessiyalarda  – “Azərbaycanı tanı”, “Bölgənin tarix və maddi-mədəniyyət abidələri”, “Fərdi inkişaf”, “Kommunikasiya və ünsiyyət”,  “Gənclərin ictimai fəallığının yüksəldilməsi” kimi mövzular ətrafında müzakirələr aparılıb. Gənclər üçün vacib olan peşə, özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları) haqqında da məlumatlar verilib.
Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov olub.

Təlim sessiyalarında iştirakla bərabər, İsmayıllı Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə səfər, intellektual, əyləncəli müsabiqələr, idman yarışları, eko-tur, İsmayıllı Olimpiya-İdman Kompleksinin imkanlarından yararlanmaq fürsəti gənclərin xoş istirahətini təmin edib.

Düşərgə zamanı regionun tarixi abidələri haqqında maraqlı faktlarla üzləşən gənclər foto və video çəkilişlər ediblər. Əldə olunan faktlardan ibarət təqdimatlar hazırlayaraq yaşadıqları icmalarda gənclərə təqdim etmək, eyni zamanda kiçik layihə təşəbbüsləri həyata keçirmək də nəzərdə tutulub.

Ş.Soltanov

 

Şərh Yaz