Jurnalistlər İsmayıllının ucqar kəndlərində dərs prosesini izləyiblər

Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib.

 

Metbuat.az-ın məlumatına görə, mediaturda KİV nümayəndələri ilə yanaşı, təhsil ekspertləri də iştirak ediblər. Media nümayəndələri əvvəlcə Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Məktəbin direktoru Xuraman Qurbanova bildirib ki, 1975-ci ildə tikilmiş bundan əvvəlki məktəb çox köhnə olub: “Əvvəlki məktəb nə qədər təmir edilsə də, şəraitsizlik idi. Ona görə də şagirdlərimiz əziyyət çəkirdilər. Ölkə prezidentinin sərəncamına əsasən, 2018-ci ildə quraşdırılan modul məktəbdə isə hazırda 44 şagird təhsil alır, ümumilikdə məktəb 56 şagird yerlikdir. Məktəbdə 7 sinif və bir müəllim otağı var”.

Məktəb direktoru bildirib ki, modul tipli məktəbdə 5 kənddən gələn şagirdlər təhsil alır – Gəndov, Namazgah, Müşkəmir, Köhnə Daxar və Dərə kəndlərindən. Bu məktəbin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. Elə valideyn var ki, qızını uzaq kənddən at belində gətirir. Artıq valideynlər də uşaqlarını məktəbə göndərməkdə tərəddüd etmirlər, yaradılan şəraiti görürlər.

60 yaşlı ibtidai sinif müəllimi Faiz Şərifov 30 ildir ki, bu məktəbdə çalışır. Deyir ki, onun sinfi azkomplektli sinifdir, yəni həm II, həm də IV sinif şagirdləri dərs alır: “Ümumilikdə sinifdə 6 şagird var, onlardan 4-ü II sinif şagirdidir, 2-si isə IV sinif şagirdləridir. Şagirdlərim 3 kənddən gəlir – 4,5 km məsafədə yerləşən Köhnə Daxar kəndi, 2,5 km. məsafədə yerləşən Dərə və 2,5 km.. məsafədə yerləşən Müşkəmir kəndindən. Məktəbimiz 9 illikdir. Daha sonra şagirdlərimizin çoxu pedaqoji texnikomlara və kolleclərə gedir. Ancaq istəyənlər başqa məktəblərdə 11 illik təhsilini bitirə bilər. Ötən tədris ilində bizim məktəbin 9 illik təhsilini alıb, başqa məktəbdə 11 illik təhsilini davam etdirən 2 şagirdimiz ali məktəblərə daxil olub”.

Məktəbin rus dili müəllimi Seyidalı Əliyev də təxminən 30 ilə yaxındır bu məktəbdə çalışır: “Hazırda IX sinfə dərs keçirəm, bu sinifdə 9 şagird təhsil alır. Məktəbimizin şagird kontingenti müxtəlifdir, bir neçə kənddən şagirdlərimiz var. Bizim məktəbdə dərs 08:00-da başlayır, dərslər 1 növbəlidir”.

Həmin sinfin şagirdi Aynur Mütəllimova dərsə hər gün 4,5 km məsafədə olan Köhnə Daxar kəndindən gəlir. Deyir ki, buradakı 9 illik təhsilini bitirdikdən sonra X-XI sinifləri başqa məktəbdə oxumağa davam edəcək.

Modul tipli məktəbin V sinfində təhsil alan Familə Bağırovanı isə atası hər gün məktəbə at belində gətirir: “Kəndimiz məktəbdən 4 kilometr aralıdadır. Yolumuz dağlıq olduğu üçün atam məni məktəbə hər gün at belində gətirir”.

Məktəbin I sinfində isə cəmi 1 şagird təhsil alır, Mirzə Mikayılov. Sinfinin yeganə şagirdi olsa da, oxumağa və yazmağa çox həvəs göstərir.

Qeyd edək ki, Gəndov kəndindəki modul tipli məktəbdə Bakıda təhsil alıb burada işləməyə gələn və müəllimlərin işə qəbul müsabiqəsində 50-dən çox bal toplayan 2 müəllim də işləyir. Onlardan biri Azərbaycan dili və ədəbiyyat müəllimi olan Ceyhun Əsgərovdur. Bakının Şağan qəsəbəsindən gələn C.Əsgərov deyir ki, Bakıdan gəlsəm də, burada işləməyə öyrəşmişəm: “Artıq 5 ildir İsmayıllıdayam. Əvvəl 2 il başqa kənd məktəbində çalışmışam. 2016-cı ildən bu məktəbdə çalışıram. Buradan əvvəl isə Şamaxıda işləmişəm. Məktəb rəhbərliyi qalmağımız üçün yer də təşkil edib, aylıq maaşım 600 manatdır. Çalışırıq ki, şagirdlərimiz yüksək səviyyədə bilik əldə etsinlər, elə boş vaxtlarımda da şagirdlərin dərsləri ilə məşğul oluram”.

Məktəbin coğrafiya müəllimi Orxan Kamallı isə İsmayıllının özündən olsa da, təhsilini Bakıda alıb və hazırda Gəndov kənd məktəbində çalışır: “2015-ci ildən etibarən burada dərs deyirəm. Əvvəl köhnə məktəbdə dərs deyirdim. İndi yaradılan şərait çox yaxşıdır, həm də məktəbimiz təbiət qoynunda yerləşir. Bakıda məktəbdə təcrübə keçən zaman şagirdlərə dağlardan, meşələrdən danışanda bunu ancaq şəkillərlə göstərə bilirdim. Amma burada relyef elədir ki, hər şeyə canlı şahid olurlar və uşaqlar dərsi daha yaxşı öyrənə bilir”.

O.Kamallı deyir ki, Gəndov kəndi rayon mərkəzindən 28 km .uzaqlıqda yerləşir: “20 kmilometrdən uzaq məsafədə çalışanda əlavə istiqamət pulu da ödənilir. Ümumilikdə maaşım 500 manatdır”.

Qeyd edək ki, prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6000 şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Gəndovdakı modul tipli məktəblə tanışlıqdan sonra media nümayəndələri və ekspertlər Lahıc qəsəbə tam orta məktəbi ilə də tanış olublar. Əvvəlcə onu qeyd edim ki, məktəb ucqar kənddə yerləşsə də, şəraitinə görə, hətta Bakı məktəbləri ilə rəqabət apara bilər.

Məktəb direktoru Hikmət Haqverdili deyir ki, məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb: “400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Binanın daxilində idman zalı, hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar var. Məktəbdə 220 şagird təhsil alır. Hazırda məktəbdə 30 müəllim çalışır, amma bizim musiqi, rəsm, ingilis dili, coğrafiya və ibtidai sinif müəlliminə ehtiyacımız var. Bura uzaqdan gələn müəllimlərə həvəsləndirmə tətbiq edilmədiyi üçün gələnlərin sayı azdır. Gələn müəllimlər də müqavilə ilə işləyir və bir il sonra gedir. Hər il eyni proses yaşanır. Daimi müəllim olsa, bizim işimiz də daha rahat olar”.

Daha sonra məktəblərdəki dərs prosesi ilə tanış olduq. VI sinif şagirdlərinə dərs keçən biologiya müəllimi Cəmilə Kamilova deyir ki, 37 ildir ki, burada çalışır: “Mən özüm də əvvəlki köhnə məktəbdə oxumuşam. Biologiya fənninə həmişə maraq çox olur. Aşağı siniflərdə oxuyanların demək olar hamısı Lahıcdan olan şagirdlərdir, yuxarı siniflərdə isə başqa kəndlərdən gələnlər də var”.

Əvvəllər Bakıda yaşayan VI sinif şagirdi Zeynəb Abbasova 4 ildir ki, ailəsi ilə birgə Lahıca köçüb: “Əslən elə Lahıcdanıq. Köhnə məktəbimiz belə yaxşı deyildi. İndi məktəbimizdən də, müəllimlərimizdən də çox razıyıq”.

6 ildir Lahıc qəsəbə tam orta məktəbinin Riyaziyyat və informatika müəllimi olan Nuranə Xalıqovanın da V sinifdəki dərsini izlədik. Müəllim deyir ki, uşaqların kompyuter biliklərini qavraması normaldır: “Özləri rahat işləyir, kompyuterdə yazı da yaza bilirlər. Əvvəlki məktəb 1888-ci ildən fəaliyyət göstərirdi, şəraiti yox idi, istilik cəhətdən də əziyyət çəkirdik. 2018-ci ildən isə artıq burada dərsə başlamışıq”.

Əməkdar müəllim, orta məktəb Fizika kitablarının müəllifi olan Rövşən Əliyev isə deyir ki, 1992-ci ildən bu məktəbdə çalışır: “Lahıcda hər zaman riyaziyyat və fizika təhsili yüksək olub. Bizim bu sahə üzrə akademiklərimiz, professorlarımız da var. Yeni məktəbimizdə də bu ənənəni davam etdirməyə çalışırıq. Fizikadan 7 nəfər olimpiada qalibimiz var. Eyni zamanda digər fənlər üzrə də məktəbin nailiyyətləri yüksəkdir. Xüsusilə də informatika sahəsi üzrə xeyli uğurlarımız var. Məktəbimiz “Bir şagird, bir kompyuter” layihəsinin də qalibi olub. Məktəbin laboratoriyasında lazım olan bütün cihazlar, elektron lövhə və digər avadanlıqlar mövcuddur. Ona görə də hesab edirəm ki, uğurlarımız daha da yüksək olacaq”.

Rəna Əlisaflı isə müəllimlərin işə qəbul müsabiqəsində 50 bal toplayıb və bu məktəbdə işə başlayıb: “Özüm İsmayıllının Xankənd kəndindən olsam da Sumqayıtda yaşamışıq. Sumqayıt Dövlət Universitetini bitirəndən sonra 2 il işsiz qalmışam. Müsabiqədə 50 bal topladıqdan sonra isə özüm bu məktəbi seçib işə başlamışam. İbtidai sinif müəllimiyəm və uşaqlarla işləmək çox maraqlıdır”.

Məktəblə tanışlıq zamanı 20 ildir orada ibtidai sinif müəllimi olan Günay Cəbrayılovanın açıq dərsində də iştirak etdik. Diqqətimizi çəkən məqamlardan da biri budur ki, açıq dərsdə elektron lövhə ilə də dərs keçirdi: “Demək olar ki, hər gün bu cür dərslərimiz belə olur. Kənd yerində olduğumuz üçün müəllim güclü olmalıdır ki, şagirdləri oxumağa həvəsləndirə bilsin”.

Məktəbin tarix müəllimi Rəfiqə İsmayılova isə IX sinif şagirdlərinə Azərbaycan tarixindən dərsi Tarix-Diyarşünaslıq muzeyində keçirdi.

Daha sonra media nümayəndələri və ekspertlər məktəbin muzeyinə, idman zalına, kitabxanasına baxış keçirib və dərs proseslərini izləyiblər.

Günay Elşadqızı,

İsmayıllı– Gəndov-Lahıc

 

Şərh Yaz