Ehtiram Səmədov

Səmədov Ehtiram Əziz oğlu 1956-cı ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub.

Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Şeirləri dövri mətbuatda dərc olunub.  Həmyerlimizin iki şeirini oxuculara təqdim edirik:

 

Qoy sakit yaşayım qalan ömrümü

 

Yuxuma girmisən bu gecə yenə,
İndi yuxularda görüşürük biz.
Görsəydim, bir sual verərdim sənə,
Niyə yuxu oldu görüşməyimiz?

 

Unutma sən məni, sal yada hərdən,
Biz ki, görüşmürük çoxdandı belə.
İndi həsrətimlə üz-üzəyəm mən,
Açılma səhərim, açılma hələ.

 

Ot basıb cığırlar, bağlanıb yolum,
Biz bu gün görüşə gələ bilmirik.
Bizi ayıracaq deyərdin ölüm,
Bəs bu gün biz niyə ölə bilmirik?

 

Çalışıb sən məndə axtarma günah,
Gedişin eylədi talan ömrümü.
Bir daha yuxuma girmə,  sən Allah,
Qoy sakit yaşayım qalan ömrümü.

 

Bəlkə də sən məni sevməmisən heç

 

Eşqimi həsrətə büküb apardın,
Sevgi sarayımı söküb apardın.
Qara tellərimi biçib apardın,
Bəlkə də sən məni sevməmisən heç.

 

Səni çox axtardım, eylədim soraq,
Könlümü qəmlərə sən etdin varaq.
Səninçün məhəbbət demə oyuncaq,
Bəlkə də sən məni sevməmisən heç.

 

Niyə sönük verdin mənə dünyamı,
Gedişin bürüdü çənə dünyamı.
Qayıdıb söndürmə yenə dünyamı,
Bəlkə də sən məni sevməmisən heç.

 

Sənsiz bir qanadsız quş olmuşam mən,
Gözlərimdən axan yaş olmuşam mən,
Daha sevməyirəm, daş olmuşam mən,
Bəlkə də sən məni sevməmisən heç.

 

Bir çəngə buluddum, yağışa döndüm,
Ömrün baharıydı, mən qışa döndüm.
Sən getdin, bir qəmli baxışa döndüm,
Bəlkə də sən məni sevməmisən heç.

 

İndi o yerlər də axtarır bizi,
Saxlayıb çığırı, saxlayıb izi.
Yoxdu dərdlərimi çəkən tərəzi,
Bəlkə də sən məni sevməmisən heç.

 

Şərh Yaz