Nəsimi yaşayır, Nəsimi bizimlədir

Xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur. Bu keyfiyyətləri özündə əks etdirən klassik ədəbiyyatımızı yenidən çap etdirib, təbliğ etmək böyük xeyirxahlıq və vətəndaşlıq borcudur.

Bu baxımdan xalqımızın böyük şairi İmadəddin Nəsimiyə verilən qiymət, onun həyat və yaradıcılığına bəslənən hörmət və ehtiram Azərbaycanda  2019-cu ilin “Nəsimi ili” elan olunması ilə nəticələndi.

Hörmətli Prezidentimiz İlham Əliyevin bu Sərəncamını yerinə yetirmək alimlərimizin, tədqiqatçılarımızın, müəllimlərimizin cəsarətli araşdırma fəaliyyətləri üçün stimul olacaqdır. Bu diqqət Nəsimi irsinin dünya ictimaiyyətinə çatdırılması üçün bir əsasdır.

Bədii sözün qədrini bilən, ədəbiyyatımızda həyatı əfsanə və rəvayətlərlə dolu elə bir bəşər övladı tapmaq olarmı ki, bu sadə və əzəmətli ad sahibinin mücəssəməsi qarşısında həyacan keçirməmiş olsun? O, yalnız Azərbaycanın deyil, bəşəriyyətin övladı olmaqla, şanlı və ölməz adı ilə bəşəriyyətin yetirdiyi nadir dahilər sırasındadır.

Dünya xalqları Nəsimini tanıyır və sevir. O, öz parlaq bədii dühası ilə əsrlərin zülmətini yara-yara irəliləyir, sənət silahını bir an da yerə qoymadan haqqı, ədaləti, insan səadətini qoruyanların cəbhəsində döyüşür.

Əsl adı Əli olan şairin ləqəbi “İmadəddin”, ən çox işlətdiyi təxəllüs “Nəsimi” olmuşdur. “Seyyid və ”Hüseyni” təxəllüslərindən də istifadə etmişdir. Nisbəsi “Şirvani”dir. Peyğəmbər nəslindən olduğu üçün “Seyid” adlandırılmışdır. Şair “Hüseyni” təxəllüsünü sufi şeyxi Həllac Hüseyn ibn Mənsurun, “Nəsimi” təxəllüsünü isə hürufiliyin banisi, öz mürşidi Fəzlullah Nəiminin şərəfinə götürmüşdür.

Nəsiminin həyatı iki mərhələyə bölünür – 1386-cı ilə qədərki və ondan sonrakı dövr.

Həyatının birinci dövründə  kamil təhsil almış, dini və dünyavi elmləri, eləcə də ərəb, fars və türk dillərində yaranmış fəlsəfi fikirləri öyrənmişdir. Həyatının ikinci dövrü isə sufizmin bir qolu olan hürifizmin ideyalarının təbliğ etməklə bağlıdır. Bu, 1380-ci ildə, Nəimi ilə tanışlıqdan sonra başlamış, 30 il davam etmişdir. Hürufiliyin banisi  Fəzlullah Nəimi olsa  da, ən böyük nümayəndəsi Nəsimi olmuşdur. Bu təriqətin əsas prinsipləri insanın Tanrı tərəfindən çox böyük potensial imkanlarla yaratdığı və onun öz nəfsini kamilləşdirmək, heyvani instinktlərdən çəkindirmək yolu ilə ilahi mərtəbəyə yüksəltməyə qadir olmaq imkanını təşkil edirdi.

Nəsimi Miranşah tərəfindən öldürülməzdən əvvəl vəsiyyətini yazıb müridlərinə – şagirdlərinə çatdıra bilir. O, vəsiyyət edir ki, müxtəlif ölkələrə yayılıb hürufiliyi yaysınlar. “Hürufi” sözünün ərəb dilindən tərcüməsi hərflərə aid olan deməkdir. Bu səbəbdən də Nəsimi o zaman hürufiliyin mərkəzi olan Bakını tərk edərək. Ruma – Anadoluya gedir. Osmanlı sultanı I Murad bu təriqətin tərəfdarlarını təqib etdiyindən  Suriyaya gedib Hələb şəhərində fəaliyyət göstərir. Burada da həbs edilərək 1417-ci ildə işgəncələrlə öldürülür. Nəsimi elə Hələb şəhərində də dəfn olunmuşdur. Mübariz şeirləri, ibrətamiz həyatı və faciəli ölümü onu türk dünyasında çox məşhurlaşdırmışdır.

Nəsimi ədəbi və əbədi xəzinəmizdir. 650 il qaranlıq təkində itib-batmayan bu xəzinə öz inciləri ilə bu gün daha parlaq şölə saçır.

Nəsimini layiqincə öyrənmək, xalqa çatdırmaq və geniş oxucu kütləsinin mənəvi, estetik sərvətinə çevirmək hər bir ziyalımızın borcudur. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi hər bir ziyalı azərbaycanlının ürəyincədir.

Xalqa, bəşəriyyətə, ictimai tərəqqiyə xidmət edə biləcək bədii sözün qüdrəti  sayəsində yaşamaq – Nəsimi insanları belə bir əbədi, ölməz yaşayışa inandırdı.  İnanırıq ki, onun xalq arasında ziyarətgah kimi tanınan məzarı  Azərbaycana gətiriləcək, onun qüdrət və əzəmətini əks etdirən yeni heykəl və abidələri qoyulacaq. Xalq onun məzarını kütləviliklə ziyarət edəcək. Dahilər ölmürlər. Nəsimi ürəklərdə yaşayır, Nəsimi bizimlədir.

Hacıməmməd Məmmədov,

əmək veteranı, “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatıəllimi

Şərh Yaz