Göyçə dərdi, Vətən dərdi, el dərdi

Əhmədov Vahid Rəcəb oğlu 1951-ci ildə Göyçə mahalında, Qoşabulaq kəndində anadan olub. 1970-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetini bitirib. Məcburi köçkün kimi İsmayıllı rayonunun Qalagah kəndində məskunlaşıb. Uzun illər Qalagah kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Gənc yaşlarından bədii yaradıcılıqla məşğuldur. Şeirləri müxtəlif qəzet və jurnallarda çap olunub.

Vahid Rəcəboğlu imzası ilə yazan müəllifin 3 kitabı işıq üzü görüb. Yazdığı şeirlərin qayəsini Vətən məhəbbəti, elə-obaya, zəhmətə, halallığa bağlılıq, dosta, doğmalara, əzizlərə sədaqət təşkil edir.

Klassik ədəbiyyatımıza qəlbən bağlı olan müəllifin diqqət çəkən qoşmaları, gəraylı və təcnisləri çap etdirdiyi kitabları oxucu üçün dəyərli edir.

Vahid müəllim hazırda təqaüddə olan müəllimdir. Özünün dediyi kimi desək, yazmağa daha çox vaxtı olur. Bir qələm sahibi kimi sözə dəyər verən şair ürəyi yaz deyəndə fikirlərini qələmə pıçıldayır, nəzmə çəkir. Nə qədər yazsa da, Göyçə – ana yurdun həsrəti tükənmir ki, tükənmir:

Dəyməyin Vahidə, qəmdi, kədərdi,

Dərdi bu dünyada dağlar qədərdi.

Üç dərdi var, hər bir dərddən betərdi

ə dərdi, Vətən dərdi, el dərdi.

V.Rəcəboğlunun yaradıcılığından bir neçə nümunəni oxuculara təqdim edirik:

 

Məni

 

Bu fələk mənimlə heç düz dolanmır,

Gah yoxuşa salır, gah düzə məni.

Həmi müttəhiməm, həmi də hakim,

Qoyubdur özümlə üz-üzə məni.

 

Mən onun əlində oldum oyuncaq,

Dərd-qəmi pay verdi lap qucaq-qucaq.

İmtina eylədim, olmadı, ancaq,

Vaxtsız bükəcəkdir o bezə məni.

 

Vahid, baş açmadım fələk felindən,

Dad-hazar eylədim onun əlindən.

Dərd yükü, qəm yükü basdı belimdən,

Hər an həsrət etdi gündüzə məni.

 

Dərdim

 

Uzaqda dur, gendə dayan

Gedib tapma yarı, dərdim.

Mən ki səndən yarımadım,

Sənsə məndən yarı, dərdim.

 

Qəlbimin son baharısan,

Saçımın bəyaz qarısan.

Könlümün də qubarısan,

Qoca dərdim, qarı dərdim.

 

Gənc Vahidi arayıram,

İllər ötüb, qarıyıram.

Necə ki mən zarıyıram,

Zarı dərdim, zarı, dərdim.

 

Vəfalı dost gəlişi

 

Vəfalı dost gül-çiçəkdən həyalı,

Həm də sənin abırındı, həyandı.

Harda olsan soraq alı, hay alı,

Yaman gündə dostum mənə hayandı.

 

Dost gəlməsə, uzaqlaşıb yad olu,

Aralığa ya qar yağır, ya dolu.

Təki gəlsin, ya boş gəlsin, ya dolu,

Gəlsin, görsün yurdum, yuvam hayandı.

 

Yazıq Vahid, dərmanı bir, dərdi min,

Kədər əkdi, becərdi bir, dərdi min.

Dost gəlişi dərmanıdır dərdimin,

Gəlməyəndə canım yandı, ha yandı.

Şərh Yaz