Boz atlı Gülalı

Onu hamı Boz atlı Gülalı adlandırardı. Çünki onun ömrü-günü, gecəsi-gündüzü, ruzusu-bərəkəti ancaq atla qazanılardı, atla keçərdi. Yayın cırcıramasında, qışın oğlan çağında o, həmişə at belində gah yaylaqlarda, gah da qışlaqlarda olar, çobanlarla ünsiyyət bağlayar, onlardan qoyun-keçi alıb gətirər, qəssablara satar, ailəsinə çörək pulu əldə edərdi. Ona görə də tez-tez tumarlayıb qaşovladığı boz atı canından artıq sevər, at da heç vaxt daş-kəsəkdə, uzun yollarda onu darda qoymazdı. Bu atın ipək kimi parıldayan yalı, söyüd kimi sallanan uzun quyruğu, məğrur duruşu, ceyran yerişi və hərdən də nərə çəkib kişnəməsi həmişə sahibinə sevinc gətirər, onu dost-tanış yanında başı uca edərdi.

Boz atla Gülalı Şiralı oğlu Dəmirov İsmayıllı rayonunun Lahıc, Kəlfərəc kəndlərində bir əsrə yaxın ömür sürmüşdü. O, keçən əsrin əvvəlində doğulmuş, sonlarında vəfat etmişdir. Çox səfalı, şəfalı, mərd, mübariz, hətta deyərdim ki, qəhrəmancasına bir ömür sürmüşdür. Qəhrəman dedim, yadıma müstəqilliyimizin ilk illərində əziz qohumlarından sayılan Ağalar Dadaşovun dediyi bu sözlər düşdü: “Sovet hökuməti Almaniya kimi bir dövlətə qalib gələ bildi, amma Gülalı dayıya qalib gələ bilmədi. Ömrü boyu bir gün də olsa kolxoz, sovxoz, sosializm, kommunizm nə olduğunu bilmədi. 70 ildə onun adına nə əmək kitabçası, nə pul cədvəli, nə də heç bir işə yararlı sənəd olmadı. Hətta müharibənin tüğyan etdiyi 1941-45-ci illərdə də yerli hərbi komissarlıq onu müharibəyə apara bilmədi. O, gah NKVD-nin öhdəsindəki atlara mehtərlik edir, gah digərlərinin çağırışa cəlb olunmasıyla məşğul olurdu (şux qaməti, iti yerişi, dağa-daşa dırmaşması və çoxlu piyada gəzməsi ilə əlaqədar olaraq inzibati təşkilatlar bəzən ondan buyruqçu kimi istifadə edirdilər). O, bu işlərdəki dəqiqliyi ilə onların etimadını qazanmışdı”.

Bir dəfə də Gülalı kişi (özünün dediyi kimi) qəti tapşırıq alır ki, o, səhəri günü mütləq rayon hərbi komissarlığında olmalı, oradan Ucara – qatarla yola salınmalıdır. Səhər o, ailəsi ilə vidalaşıb yola düşəndə yer-göy qopur, dünyanı sel-su bürüyür. O, digərləri ilə Girdimançayın qırağına gəlir və baxırlar ki, çay başdan-başa ləbə-ləb su ilə coşub-daşır. Nə qədər çalışırlar, çayı keçə bilmirlər. Qayıdırlar geri. Səhər o, hərbi komissarlığa gələndə komissar hirsindən əsib-coşur. Onu o ki, var qorxudur. Hətta onu bir sutkalıq qaranlıq yerdə saxlatdırır. Sonra ara bir qədər sakitləşir… Gülalı kişi başlayır yenə mehtərlik etməyə. Bu, onun üçün çox əlverişli idi. Axı, o illər aclıq illəri adlanırdı. Buna baxmayaraq NKVD-dən və hərbi komissarlıqdan ona yarı aşkar, yarı da gizlin pay-püşk, qalac, un, yarma, makaron, çay və s. verirdilər ki, aparıb ailəsinə çatdırsın, onlar ac qalmasınlar.

Beləliklə, müharibə qurtardı. Gülalı kişi isə müharibə üzü görmədi. Ona görə ona Qəhrəman adı düşür ki, o illərdə böyük-böyük dövlətlər Sovet hakimiyyətinin hər cür asıb-kəsən qanunlarına tabe oldu, amma Gülalı kişi tabe olmadı. Əksinə, o quruluşu özünə tabe etdirdi…

Doğrudan da Gülalı Dəmirov Qaçaq Nəbi kimi bir adam idi. Onun kəndə daxil olması üç-dörd kilometrlikdən, atının kişnəməsindən məlum olardı. O, ailədə nizam-intizama çox dəqiq və çox sərt idi. O, həyətə daxil olanda uşaqlar qorxudan qaçıb gizlənmək istəyirdilər. Hansılar ki, öz işlərini görüb, dərslərini oxuyub, onlarla işi yox idi. Lazımi tapşırıqları və dərslərini yerinə yetirməyənlərin isə cəzası daha ağır olardı. Hətta danışırlar ki, bir gün adəti üzrə onun iki oğlu axşamtərəfi inəklər üçün yarpaq gətirmək məqsədilə qiyməkeş (ət doğrayan) götürüb yaxınlıqdakı meşəyə yollanırlar. Ora çatanda əvvəlcə bir qədər zarafatlaşırlar. Ora-bura qaçırlar. Bir də gəlib görürlər ki, qiyməkeş yerində yoxdur. Onlar əl-ayağa düşüb, ətrafı tamam axtarırlar. Lakin gördüm, – deyən olmayır. Sən demə, kəndin o başında yaşayan vicdansız bir oğlan həmin qiyməkeşi oğurlayıbmış.

O gecə Gülalı kişi tərəfindən uşaqlar üçün xüsusi bir divan quruldu. Onlar əvvəlcə bərk döyüldülər. Sonra yarıçılpaq küçəyə atıldılar: Gedin, qozun dibinə, nə vaxt qiyməkeşi tapsanız, onda gələrsiniz! O gecə səhərədək uşaqlar çöldə qaldı… Qiyməkeş tapılmadı ki, tapılmadı.

Boz atlı Gülalı kişi böyük bir ailə sahibi idi. O, orta yaşlarında çox cavan bir qızla ailə qursa da, sonradan çoxlu uşaqları olmuşdu. Onun qazancı ilə yanaşı, gənc ananın dövlətdən aldığı uşaq pulu onların dolanışığına böyük köməklik göstərərdi. Hər ikisi uşaqları fərəhlə böyüdərdi. Hətta, onu da bilirəm ki, bir dəfə çoxuşaqlı ana olduğu üçün onun həyat yoldaşı Balabacı xanıma “Qəhrəman ana” ordeni verilərkən rayon rəhbərliyi ananı təbrik edib tərifləyəndə Gülalı kişi zarafata salıb deyib: “Onu “Qəhrəman ana” edən mən olmuşam, bəs mən…”. O vaxt ona da hamı əl çalıb.

Gülalı kişi çox ruzulu, halal, etibarlı və zəhmətkeş bir adam olub. O, 96 illik ömründə bir adamın cücəsinə də haram gözlə baxmayıb. Arvadı, uşaqları elə yedizdirib içirdərdi ki, deyərdin onların üç-dörd inəyi var. Hələ demirəm ki, bu ər-arvad kolxozda işləməmələrinə, kolxoz təsərrüfatından, kənd bağ-bağçasından istifadə etməmələrinə baxmayaraq ilin sonunda onların topladığı ot-ələf, arpa-buğda, alma-armud, qax-lavaşna hamınınkından çox olardı.

Yeri gəlmişkən, Gülalı Dəmirov ilə əlaqədar bir hadisəni də danışmaq istəyirəm. Deyirlər, bir gün rayon mərkəzindən bir inspektor gəlib əhalinin ailə vəziyyəti, oğul-uşağıyla maraqlanmaq istəyirmiş. O, bir çoxları ilə görüşdükdən sonra Gülalı kişigilə gəlir. Ev yiyəsi qonaqpərvər olduğundan arvadına tapşırır ki, tez bir çolpa kəsdirib qızartsın. Özü də araq almaq məqsədilə qonşu kəndə uşaq göndərir (hərçəndi Gülalı kişi araq içən deyildi). Aradan bir az keçmiş məclis başlayır. İnspektor yeyib-içir, sonra başlayır uşaqların sənədlərini yoxlamağa. Baxır ki, metirkada uşaqların birinin familiyası Şirəliyev, biri Dəmirov, biri Əsədova, biri Əliyev və s. yazılıb. İnspektor maraqlanaraq soruşur:

– Gülalı dayı, neçə dəfə evlənmisən? (Bunu bəlkə də deməyə haqqı varmış. Çünki ərə baxanda arvad çox cavan görünərdi. Daha doğrusu, keçən əsrin 30-cu illərinin sonlarında 40-dan çox yaşı olan Gülalı kişi 13 yaşlı qızla evlənibmiş).

– Ayə, (Lahıc ləhcəsində hirslə) elə bil arağı içib dəmləndin ha!

– A kişi, daha niyə əsəbləşirsən? Metirkada uşaqların familiyaları cürbəcür olduğuna görə dedim, bəlkə bir neçə dəfə evlənmisən.

– Oğul, mən ömrümdə bircə dəfə evlənmişəm. O ki qaldı o familiyalara, onları dövlət, kənd sovetinin katibi müəyyənləşdirir. Haçan ki, uşaq olur, gəlib həm metirkasını yazır, həm də şirinliyini alır. Elə ki, uşaq qarlı-qışlı, çovğunlu-boranlı havada doğulur, onda nə katib gəlir, nə də familiyadan xəbəri olur. Ordan-burdan soruşub, ağıllarına nə gəlir yazıb yapışdırırlar ki, onun familiyası belədir…

Gülalı kişi bir az da əsəbiləşərək deyir:

– A bala, biləsən ki, mənim zavodum uşaq buraxır, onun familiyası ilə dövlət maraqlanmalıdır. Mənim o qədər vaxtım haradadır ki, gedib onların familiyasının ardınca düşüm.

Gülalı kişi uşaq yaşlarından yetim qaldığına, Lahıcda məscidlərə getdiyinə, mərsiyəxanalarda olduğuna görə arabir mollalardan şifahi dərs almış, özü Şura hökumətinin bir hərfini belə tanımasa da (qol çəkəndə həmişə baş barmağını çernilə batırıb basardı, deyilən yerə) Qurandan bəzi şeyləri bilərdi. Daha doğrusu, uşaqlıqda Quranın çox hissəsini əzbərləmişdi. Cümə axşamı, cümə günləri, məhərrəmlikdə Quran əlindən düşməzdi. Bəzən ona yas məclisləri üçün yasin surəsini oxumağı sifariş edənlər də olurdu. O, Quran vasitəsi ilə ixtisarə etməyi də bacarırdı. Tez-tez onun yanına qurd ağzı bağlamağa, itən heyvanları tapmağa, küsənləri barışdırmağa və s. işlər üçün də gələnlər olurdu. Çox vaxt “bağlamaları” düz çıxardı.

Bir dəfə 60-70 yaşlarında olan Boz atlı bu kişi nəql edirdi ki, Ağsu rayonunun Nuran kəndində onun Yəhya adlı bir dostu varmış. O, tez-tez onlardan taxıl, heyvan alıb gətirərmiş. Növbəti dəfə o, Nurana gedəndə dostunun arvadı deyərmiş:

– Ay Gülalı qardaş, camışımız təzə doğub. Amma nə balanı götürür, nə də süd verir. Çox naəlac qalmışıq. Bəlkə, bizə bir köməklik göstərəsiniz, baxıcı, dua yazan tapasınız. O, söz verir ki, bu işi qaydasına qoyar.

Evə gəldikdən sonra bir axşam yuyunub qüsul edir. Sonra Quranı vərəqləməyə başlayır. Daha sonra uşaqların ruçkasını götürərək ağ vərəq üzərində bir qədər ərəb əlifbasına bənzər cızma-qara edir. Axırda vərəqi üçkünc büküb dua şəklinə salır.

Bir axşam növbəti dəfə Nurana gedəndə “dua”nı dostunun arvadına verir və deyir ki, bir qara parçanın arasına tikib bu duanı camışın buynuzundan asın.

Qadın o deyən kimi edir. Səhər heyvanı sakitcə sağır və gəlib Gülalı kişiyə həm minnətdarlığını bildirir, həm də muştuluq olaraq ona iki pud sarı buğda verir.

Boz atlı Gülalı Dəmirovun həyat yolu, hekayəti olduqca maraqlı və genişdir. Onun qəhrəmanlığı, mərdliyi, dostluğu və yoldaşlığı bununla bitmir.  Haqqında olub-keçənlər hələ çoxdur.

(Ardı gələn sayımızda)

Qələmə aldı:

İldım Dəmirli,

Əməkdar jurnalist

 

Şərh Yaz