Uşaqlarla danışaq ki, onlar da danışa bilsinlər

Bir vaxtlar uşaqları nənnidə, beşikdə, ya da yüyrükdə yatırardılar, ana, ya da nənə körpənin beşiyi başında o yuxuya gedənə qədər layla deyərdi, səsi olsa da, olmasa da, uşaq laylasız yatsa da, yatmasa da. Çünki böyüklər bu həzin, içdən gələn laylanın körpəni sakitləşdirdiyini, onun şirin yuxuya getməsinə necə bir şəkər qatdığını, hər dəfə yuxudan qabaq ona  bir neçə dəqiqə vaxt ayırmaqla onun sizin üçün nə qədər sevimli, əziz olduğunu hiss etdirməklə körpələrinin hər an bir buğda boyda böyüməsinə yardımçı olduqlarına inanırdılar. Analar körpələri ilə “danışardılar” və onlar danışdıqca o balaca, dilsiz-ağızsız körpədən “cavab” gələrdi: əvvəl gül dodaq azacıq yana qaçardı, bir az sonra səsli gülüş eşidilərdi, daha sonra dünyanın ən gözəl himni çalınardı – körpə qığıltısı eşidilərdi, sonra, sonra… Analar danışmaqdan yorulmazdılar, ta ki, balaları dil açana qədər, sonra balalar danışardı, analar səbrlə dinləyərdilər.

Nar budağın əyəndə,

Ucu yerə dəyəndə,

Bir qoç qurban kəsəcəm,

Balam “ana” deyəndə.

Bir vaxtlar belə böyüyərdi uşaqlar, onda ki,  hələ nə “loqoped”, “defektoloq”, heç “psixoloq” sözünü də  eşidib nə olduğunu bilməzdik. Onda ki, hələ analar 2 yox, 8-10 uşaq böyüdərdilər, paltarı əl ilə yuyardılar, evi süpürgə ilə təmizləyərdilər, əti kötük üzərində balta ilə döyərdilər. Onda ki, hələ nə internet var idi, nə cib telefonu, heç televizor, seriallar da həyatımızda əziz olanların yerini bu qədər çox istila edə bilməmişdi…

Təəssüf ki, bu gün nə beşik var, nə layla, nə gündə bir buğda boyu böyüyən uca boylu, səbrli, sakit, dil-dil ötən uşaqlar. Əvəzində çoxsaylı psixoloji və loqopedik mərkəzlər var, qapısında sıra gözləyib bir-birinə uşağının yaxşı danışa bilmədiyindən, çox əsəbi olduğundan, özünə qapandığınan gileylənən analar. Gileylərin əsil ünvanının gününü övladına deyil, seriala, cib telefonuna, internetə həsr edən, uşaq ona mane olmasın deyə bütün günü onu televizorda, ya da elə telefonunda daha çox qan, zorakılıq təbliğ edən cizgi filmlərinə baxmağa vadar edən özü olduğundan xəbərsiz…

Hansı ki, danışmaq, ünsiyyət qurmaq, aydın və səlis danışıq, sözləri düzgün tələffüz edərək  fikrini qarşı tərəfə çatdırmaq hər kəsə Allahın bəxş etdiyi ən böyük nemətlərdəndir. Danışıq qüsurlu olanda, hansısa səsləri düzgün tələffüz etməyəndə,  kəkələyəndə, fikri tam ifadə edən cümlə qura bilməyəndə insan  cəmiyyət arasında kompleksə düşür, özünü narahat hiss edərək ünsiyyətdən qaçır, insanlardan, cəmiyyətdən uşaqlaşır, özünə qapanır. Təəssüf ki,  son zamanlar bu hal xüsusilə kiçik yaşlı uşaqlar arasında geniş yayılıb. Əksər valideynlər övladının hətta 3 və daha yuxarı yaşda olmasına baxmayaraq, danışa bilməməsindən şikayətçidirlər. Həmin uşaqlar arasında elələri də var ki, nəinki danışa bilmir, hətta körpəyə məxsus sadə səsləri belə çıxarmırlar. Valideynlər bəzən bunun zamanla düzələcəyinə ümid edib mütəxəssislərə müraciət etmirlər. Hansı ki, vaxt keçdikcə, uşaq böyüdükcə problem də onunla birlikdə böyüyür.

Elektron vasitələr qarşısında daha çox vaxt keçirən uşaqlarda nitq problemlərinə sıx rastlanır. Belə ki, onlar ünsiyyətdən kənarda qaldıqları üçün nitqləri inkişaf etmir, özünəqapanmalar baş verir. Uşaqlar jestlərdən və mimikalardan istifadə edərək, asan yolla ünsiyyət qurmağa başlayırlar. Hərəkətlərlə, göz-qaşla qarşı tərəfə öz fikirlərini izah etməyə çalışırlar. Bunlar bir tərəfdən ünsiyyət vasitəsidir, amma uşaqların alıcı nitqi formalaşır, verici nitqi formalaşmır. Buna görə də uşaq informasiyanı alır, amma ötürmədiyi üçün onun nitqi passivləşməyə başlayır. Uşaq kiminləsə danışsa, onun emosiyalarına uyğun olaraq reaksiya verəcək və bununla da uşaq yavaş-yavaş ünsiyyətə təşviq olunacaq. Amma saydığımız texnoloji vasitələr, eyni zamanda əmzik  (mütəxəssislərin fikrincə, əmzik və bir də ana südünü uzun müddət yeyən uşaqlarda həmin hallar ağız aparatı rolunu oynadığına görə, uşağın öz ağız aparatı, dişləri, damağı üçün problemlər yaradır) buna mane olur, zaman keçdikcə passivləşdirir və uşağın ağız aparatı yatır.  Bu gün adıçəkilən cihazlar ailədə dayə rolunu oynayır. Ana əmziyi verir uşağın ağzına, oturdur televizorun qabağında və ya telefonu verir əlinə, başlayır iş görməyə, ya da “Whatsapp”da yazışmağa, seriala, şoulara baxmağa, ya da “vasvası” deyiləcək qədər təmizliyə həvəskar olduğu üçün gününü ev təmizliyinə həsr edir. Axır ki, hər nə isə, uşaqdan gen qalır, onunla oynamır, ünsiyyətdə olmur, əlindən tutub əl təması ilə də olsa hisslərini ötürmür və … Gün bitir və bir də ayılır ki, uşağı televizorun qabağında qoyduğu kimi eləcə sakit oturub. Hətta ana bu haldan çox məmnun olur və ürəyində bunları “icad” edənin atasına rəhmət də oxuyur. Uşağın belə vəziyyətinin davranış pozuntusu olduğunu təbii ki, vaxtında anlaya, başa düşə bilmir. Birdə onda ayılır ki, övladının yaşıdı dostları ilə ünsiyyət qurur, “dil-dil” ötür, gördüklərini ətrafdakılara səlis nitqlə çatdırır. Bax onda telefon da unudulur, televizor da, amma xeyli gec olur.

Elə gün olmur ki, işlədiyim Mərkəzə nitq, ünsiyyət və psixoloji problemi olan insanlarla bağlı müraciət olmasın. Mərkəzimizin təcrübəli mütəxəssislərinin səyi ilə bu problemlər bir az tez, bir gec aradan qaldırılır. Mərkəzimizdə hər cür nitq qüsurları–alaliya, afaziya, dizartiya, disqrafiya, dislaliya – hərflərin qoyuluşu, kəkələmə, axıcı danışıq bacarıqlarının qazanılması ilə bağlı  loqopedik xidmət göstərilir, yaş məhdudiyyəti yoxdur. Mərkəzdə təkcə problem aradan qaldırılmır, həm də valideynlərlə  valideynlik bacarıqları ilə bağlı iş də aparılır. Gəlin etiraf edək ki, bu problemlərin əksəriyyəti olmaya bilər, əgər biz valideyn olaraq, insan olaraq öz işimizi düzgün qura bilsək. Əsrimiz texnologiya əsridir, təbii ki, insanlar televizora da baxmalıdırlar, internetdən, telefondan da istifadə etməlidirlər, lakin şair dediyi kimi: “Artıq içiləndə dərd verir su da!” Biz  nəyəsə lazım olandan artıq vaxt sərf ediriksə, təbii ki, zamanı uzatmaqla etmirik, başqa nəyəsə ayrılası  zamandan kəsirik.

Övladlarını canından çox sevən çox hörmətli atalar, əziz analar! Hansı vaxtımızdan kəsiriksə kəsək, uşaqlarımızın “payına” toxunmayaq, onlarla vaxt keçirək, əlimizin hərarətini, ürəyimzin döyüntüsünü, gözümüzdən axan sevinci, fərəhi onlara çox görməyək. Onları sevək ki, onlar da sevə bilsinlər. Onları duyaq ki, onlar da duya bilsinlər. Onları bir baxışdan anlayaq ki, onlar da duyan qəlbə sahib olsunlar. Onlarla danışaq ki, onlar da danışa bilsinlər. Övladlarımızın yanında olaq ki, bir ömür boyu onlar da bizimlə olsunlar.

Nazlı Yəhyayeva,

İsmayıllıaq və Ailələrə Dəstək Mərkəzinin sosial üzrətəxəssisi, loqoped

 

Şərh Yaz