Məktəbin uğurları ilbəil artır

Cülyan kənd tam orta məktəbində son illərin nəticələri daha uğurludur. Hər il ali məktəbə qəbul olunanların, 500-600 arası, daha yüksək bal toplayan məzunların sayı artır, müxtəlif müsabiqələrdə qalib gələn şagirdlərimiz mötəbər təşkilatlar tərəfindən mükafatlandırılır.

Məktəbdə 53 nəfər müəllim, texniki işçi çalışır ki, bunların da 37 nəfəri qadınlardır. Məktəb rəhbərliyi və məktəb Həmkarlar İttifaqı Komitəsi arasında 2017-2019-cu illər üçün kollektiv  müqavilə  bağlanmışdır. Kollektiv müqavilənin 7-ci bəndində əməyin mühafizəsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğından mühafizə, sanitariya-gigiyena, məktəb tibbi aptek qutuların təşkil edilməsi, məktəb bülleteninin normaya uyğun işlədilməsi təhsilin keyfiyyətinə təsir göstərən digər məsələlər öz əksini tapmışdır.

Bu məsələlərin məktəbdə normal həyata keçməsi üçün məktəb rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi iş fəaliyyətini birgə quraraq müvəffəqiyyətlər əldə etməkdədir. Belə uğurlardan biri də AHİK-in qərarı ilə ATİAHİ Respublika Komitəsinin təşkilatları arasında ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” (təşkilatı) devizi ilə  Respublika baxış müsabiqəsində Cülyan kənd tam orta məktəbin qalib gəlməsi oldu.

Baxış-müsabiqə öncə ATİAHİ Rayon Komitəsinin ilk təşkilatları arasında keçirildi. Rayon müsabiqəsində qalib gələn Cülyan kənd tam orta məktəbinin sənədləri Rayon Komitəsinin qərarı ilə AHİK-ə təqdim olundu. Müsabiqə yekunlaşdırılanda təhsil müəssisələri arasında məktəbimiz Respublika üzrə ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” baxış-müsabiqəsinin qalibi oldu və AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev tərəfindən Fəxri diplom və qiymətli hədiyyə ilə mükafatlandırıldı.

Məktəb kollektivini təbrik edir, uğurların bol olmasını arzulayırıq.

Azadə Xəlilova,

lyan kənd tam orta məktəbinin Həmkarlar komitəsinin sədri     

Şərh Yaz