Ulu öndərə həsr olunmuş anım mərasimi

Qalacıq kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əbədiyaşar liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Rusan Qasımov açıb. O qeyd edib ki, Ulu öndərin vəfatından 15 il ötsə də, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür.

Direktor vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin sayəsində bu gün artıq bir reallıqdır.

Təşkilati işlər üzrə direktor müavini Bədir Bədirov da nitqində Ulu öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açıb. O, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını səciyyələndirib.

Şagirdlərin təqdimatında Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya dinlənilib, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən slayd və film nümayiş olunub.

Sədəf Mikayılova,

İsmayıllı RTŞ-nin metodisti

 

Şərh Yaz