Bütün sahələr yüksək səviyyədə inkişaf etdirilir

11 dekabr tarixində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Qalacıq kənd tam orta məktəbinin şagirdləri arasında müxtəlif müsabiqələr və idman növləri üzrə açıq birinciliklər keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Keçirilən müsabiqə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı hazırlanmış video çarxın nümayişi ilə başlayıb. Müsabiqədə “Heydər Əliyev – Azərbaycan” mövzusunda ən yaxşı əl işi və rəsm təqdim edən, ən yaxşı bədii qiraətçi və ən yaxşı esse təqdim edən ilk 3 yerin qalibləri müəyyən olunub. Qaliblərə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamələr təqdim olunub.

Məktəbin direktoru R.Qasımov ulu öndər Heydər Əliyevin ədəbiyyata, incəsənətə, idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edib. Bildirib ki, xalqımızın Ümummilli lideri ölkəmizdə bütün sahələrin yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırırlar. Ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğı bu gün də davam və inkişaf etdirilməkdədir.

Çıxışlardan sonra yarışlara start verilib. Birincilikdə stolüstü tennis və məktəbin voleybol komandaları yüksək fiziki və texniki bacarıq nümayiş etdiriblər. Sonda qaliblərə diplom və Fəxri fərmanlar təqdim olunub.

Rəna Mirzəliyeva,

İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz