İnkişaf səviyyəsinin şahidi olduq

Məktəbli Nilufər Qəhrəmanova “Ölkəmizi tanıyaq” tur-aksiyasını başa vurduqdan sonra təəssüratlarını redaksiyamıza göndərdiyi  məktubla bölüşüb:

 

2003-cü ildə İsmayıllı rayonunda anadan olmuşam. 2009-cu ildə  R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin birinci sinfinə qəbul olunmuşam. 2015-ci ildən İsmayıllı şəhərinin 3 nömrəli məktəb-liseyində oxuyuram. Bədii qiraət üzrə məktəblilər arasında keçirilən yarışlarda dəfələrlə fərqlənmişəm. Bu il Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş müsabiqədə münsiflər heyətinin yekdil rəyi ilə birinci yerə layiq görülmüşəm.

Təhsildə, məktəbin ictimai həyatında  fərqləndiyimi nəzərə alan məktəb rəhbərliyi noyabr ayının 18-dən  başlanan “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olmağıma qərar verdi. Minnətdarlıqla mənim üçün bu hadisənin çox sevindirici olduğunu bildirirəm.

Sevimli prezidentimiz İlham Əliyevə bu layihənin həyata keçirilməsi üçün etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Bu aksiyaya qatılmaqla ölkəmizin əsrarəngiz guşələri olan  Quba, Qusar, Xaçmaz rayonlarını görüb, gəzdim.

Məktəbli dostlarımla əvvəlcə Quba rayonunun tarixi abidələri, mədəniyyəti, iqtisadiyatı, coğrafiyası, eləcə də əhalinin məşğuliyyəti və həyat tərzi barədə məlumatlandıq. Quba şəhərində Gənclərin İnkişaf Mərkəzi, Mədəniyyət sarayı ilə tanış olduq. Səfərin ikinci günü Qırmızı qəsəbədə, “Cümə” məscidində, Xalçaçılıq mərkəzində, əfsanəvi Xınalıq kəndində olub Soyqırımı abidəsini ziyarət etdik.

Qusar rayonunda bizi yaddan çıxmayacaq bir təmtəraqla qarşıladılar. “Şahdağ” kompleksinin rəsm qalereyasındakı əl işlərinə baxdıq. Günün sonunda  keçirilən intellektual yarışmada ayrı-ayrı rayonları təmsil edən 27 komanda içərisində “İsmayıllı” komandası qalib oldu. Bu möhtəşəm qələbənin sevinci ilə növbəti günü Xaçmaz rayonunu tanışlıqla keçirdik. Burada mədəniyyət və incəsənət mərkəzlərində,  Tarix-Diyarşünaslıq  Muzeyində olduq.

Tur-aksiya zamanı şagirdlərimiz tariximizi öyrənməklə yanaşı, ölkə regionlarının inkişaf səviyyəsinin şahidi oldular. Azərbaycanın hər bir rayonu özünəməxsus gözəlliyə malikdir. Biz bu gözəllikləri görməklə yanaşı, bir neçə  rayonun milli-mədəni ənənələri ilə də yaxından tanış olduq.

Özümün və məktəbli dostlarımın adından tur-aksiyanın təşkilatçılarına minnətdarlıq edirəm.

 

Şərh Yaz