Tircan kəndində qəbul keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Tircan kəndində də görüş-qəbul keçirib. Tədbiri giriş nitqi ilə açan Mirdaməd müəllim dünyada baş verən hadisələrdən, davam edən iqtisadi, sosial, siyasi böhranlardan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin balanslaşdırılmış siyasətinin nəticəsi olaraq Yaxın Şərqdə, qonşu ölkələrdə baş verən hadisələr Azərbaycanın sürətli inkişafına, sabit və təhlükəsiz həyat şəraitinə təsir edə bilməyib. Cənab Prezidentin 15 illik fəaliyyəti elə qlobal nəticələr verib ki, xalqımız minnətdar olaraq yenə də möhtərəm İlham Əliyevə yekdilliklə səs verib, növbəti illər üçün də taleyini ona tapşırıb. Başçı daha sonra dövlətimizin, bilavasitə Prezidentin hərtərəfli dəstəyi ilə İsmayıllının da sürətli inkişaf yoluna inamla çıxdığını deyib.
Pensiyaçı müəllim Zərbalı Abdulov bugünkü xoşbəxtliklərinə, gələcək həyatlarına etibarlı təminat verdiyinə görə tircanlıların yekdil minnətdarlığını Prezident İlham Əliyevə ünvanlayıb. RİH-nin başçısından xahiş edib ki, qalan problemlərin, çatışmazlıqların aradan qaldırılmasını şəxsən öz nəzarətinə götürsün. Mirdaməd Sadıqov qeyd edib ki, Tircan inzibati ərazi dairəsinə aid olan məsələləri aid əməkdaşlar və mütəxəssislər vasitəsilə öyrənib, təhlil edib, icrası yollarını müəyyənləşdirib. Hansılardır onlar?
İsmayıllı-Muğanlı yolundan Tircana ayrılan yol, kəndarası yollar düzəldilməli, Tircan-Maçaxı daşıyıcı elektrik xətti təmir olunmalı, Qasımkənd məhəlləsindəki sürüşmə ilə əlaqədar mütəxəssislərin müşahidəsi həyata keçirilməli, torpaqlardan qanuni istifadə qaydalarına riayət edilməli, məktəb binası üçün əlavə sinif otaqlarının və ya korpusun tikintisi nəzərdə tutulmalı, su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Problemlər və onların həlli yolları birinci şəxsdən gəldiyi üçün kənd sakinlərinə dövlətimizdən razılıq etmək qaldı.
V.Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz