Yaddas kitabcasi

Qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri

Qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri        Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycanda məskunlaşma tarixi 1810-cu illərə gedib çıxır. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. 1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra Azərbaycana yəhudi biznesinin nümayəndələri (Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel və b.) axın etməyə başlayıblar.
Ölkəmiz daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir. Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə və ya bəzi postsovet ölkələrində müşahidə olunan antisemitizm təzahürlərinə yer olmamışdır. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir. Keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yer Quba rayonunda dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədir.
Qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri        Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən, mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olmuşdur.
Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılığının bariz sübutudur.
2008-ci ildə Los-Anceles şəhərinin ən böyük ispandilli “La Opinion” qəzetinin redaktoru Qabriel Lerner Azərbaycana səfər etdikdən sonra “Los-Angeles Jewish Journal”da “Azərbaycan yəhudiləri: əsrlərlə bir yerdə yaşamağın nümunəsi” adlı məqalə dərc etdirmişdi. Məqalədə digər ölkələrdən fərqli olaraq yəhudilərin Azərbaycanda yüksək səviyyədə təmsil olunduğu, Azərbaycanı dini tolerantlığa görə dünyanın ən liberal ölkəsi kimi göstərmişdi.
2015-ci ildə Amerikan-yəhudi nəşri olan “The Jewish Press”də müəllifi Mayan Kaffenin olduğu Azərbaycan-İsrail əlaqələrinə həsr olunan məqalə yayımlanmışdı. Məqalədə Azərbaycan və İsrailin təkcə iqtisadi sahədə deyil, strateji baxımdan da müttəfiq olduqlarından bəhs edilirdi. “The Jewish Press”in 2016-cı il 10 oktyabr tarixli digər bir məqaləsində respublikamızda yaşayan 30 min yəhudiyə böyük hörmətin olduğundan, əsrlər boyu Azərbaycan xalqı ilə bu ölkədə yaşayan yəhudilər arasında dərin əlaqələrin mövcudluğundan bəhs olunur. Məqalədə xüsusi qeyd olunur ki, Azərbaycan indi də, Holokost zamanı da yəhudilərin sığınacağı olub.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev 2016-cı il 17 fevral tarixində Gəncə “İmamzadə” dini kompleksində əsaslı təmir və bərpa işlərindən sonra təşkil olunan açılış mərasimində çıxışında vurğulamışdı ki, “Biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır”.
Bütün bu faktlar Azərbaycan və yəhudi xalqlarının tarixi bağlılığının, qarşılıqlı hörmətinin bariz nümunəsidir.
Ş.Soltanov

Şərh Yaz