Yaddas kitabcasi

Azərbaycan mətbuat ailəsinin sevimli övladı

Azərbaycan mətbuat ailəsinin sevimli övladı“Vışka” qəzeti Azərbaycan mətbuat ailəsinin sevimli övladı, yarandığı gündən Azərbaycan adına ucalıq, şan-şöhrət gətirən mətbu orqanlarından biri, öndə olanlarındandır.
1928-ci ilin mart ayının xoş bir bahar günündə, mart ayının 1-də ilk oxucularını salamlayan, saydan-saya, ildən-ilə sevilən və oxucu rəğbəti qazanan bu qəzet müdrik bir qoca kimi artıq 90 yaşını qeyd edir.
Ötən 90 il ərzində tarixi, unudulmaz və şərəfli fəaliyyət yolu keçmiş “Vışka” qəzeti onun səhifələrini rəngarəng yazıları ilə nurlandıran çoxsaylı fədakar jurnalistlərin əməyi sayəsində mətbuat ailəsinin fəxri üzvü adını almışdır.
Qəzetin çıxmasında zəhmət payı olub dünyasını dəyişən qələm sahiblərinə, jurnalist adına şərəf gətirən sələflərimizə Allahdan rəhmət diləyirəm. Talelərini “Vışka” qəzeti ilə bağlayıb onun əməkdaşı olan, qəzetin redaksiyası divarları arasında ağsaqqal və ağbirçək adını qazananlara, eləcə də bu şərəfli yolda uğurla addımlayan gənclərə uca Yaradandan sağlıq və salamatlıq arzulayıram.
Bu gözəl yubiley ərəfəsində uzun illərdir “Vışka” qəzetinə baş redaktorluq edən Mədinə xanım Həsənovaya bir vətəndaş kimi minnətdarlıq edirəm. Nədənsə, düşünürəm, əslində də belədir ki, Mədinə xanım qəzetə baş redaktor kimi deyil, ana övladına sevgi, məhəbbət, diqqət və qayğı göstərdiyi kimi yanaşır.
Azərbaycanın keçmişində və bugünkü mövqeyində, onun mətbuat tarixində “Vışka” qəzetinin əvəzolunmaz, özünəməxsus yeri vardır. Hələ gənc yaşlarımdan yaşadığım, böyüyüb boya-başa çatdığım İsmayıllı rayonunda bu sevimli qəzetin çoxsaylı oxucuları olması barədə məlumatlıyam.
90 illik yubileyi münasibəti ilə hər gün sevimli oxucularının görüşünə can atan “Vışka” qəzetini, onun işgüzar əməkdaşlarını öz adımdan, baş redaktoru olduğum “İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti və oxucuları adından təbrik edirəm. Arzum odur ki, qəzet yaxın gələcəkdə Qarabağın düşmən tapdağından azad olunması xəbərini bütün dünyaya yaysın və qəzetin 100 illik yubiley nömrəsi də onun bügünkü redaksiya heyətinin əməkdaşlığı ilə işıq üzü görsün!
Müdriklik –“ 90 illik yubiley yaşın mübarək, “Vışka” qəzeti!!!
Dərin hörmətlə:
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz