Tarixçilər üçün töhfə

Həmyerlimiz, İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin tarix müəllimi Qumru Abdullayevanın müəllifliyi ilə “Rusca-Azərbaycanca tarix terminləri lüğəti” adlı kitab üşıq üzü görüb. Kitabın elmi redaktoru pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılovdur. Pedaqogika üzrə fəlsəfə doktorları, dosent Tahir Paşayev və Lalə Əsədova kitab haqqında müsbət rəylərini qeyd ediblər.
Tarixçilər üçün töhfə
Q.Abdullayevanın gərgin əməyi sayəsində çap olunan “Rusca-Azərbaycanca tarix terminləri lüğəti” biləvasitə tarix terminlərini, o cümlədən tarix fənninin tərkib hissəsi və ayrılmaz hissələri olan arxeologiya, din tarixi, fəlsəfə, tarixi coğrafiya, numizmatika, sosiologiya, politologiya, heraldika, etnoqrafiya, epiqrafika, mədəniyyət tarixi və digər sahələri də özündə əks etdirir.
Lüğəti hazırlamaqda məqsəd bu fənlə bağlı pərakəndə məlumatları bir araya gətirmək və toplu halına salmaq olub.
Geniş oxucu kütləsinin diqqətinə təqdim olunan lüğət tarix fənni və onunla əlaqəli sahələri rus və Azərbaycan dillərində araşdırmaq, öyrənmək, tərcümə işi ilə məşqul olmaq şəraiti yaradır. Əksər rus sözlərinin yanına nitq hissələrini, isimlərin cins və kəmiyyətini, fellərin tərzini göstərən qrammatik işarələr, habelə, lazım gəldikdə sözlərin hansı sahədə işləndiyini göstərən üslubi və sair işarələr qoyulmuşdur. Lüğətin üstünlüklərindən biri tərcümə lüğəti mahiyyətindən başqa izahlı lüğət elementlərini də özündə cəmləşdirməsidir.
Kitabdan istifadə edən hər kəs tez bir zamanda hər hansı terminlə, onun mənası, ona yaxın olan eyniköklü sözlərlə, fleksiyaya uğramış sözlərin mahiyyəti və digər məna növləri ilə daha yaxından tanış ola bilər. Hazırlanmış vəsait bütövlükdə təhsil sahəsini əhatə etdiyindən, istifadəsi ilk növbədə gənc müəllimlər, bu sahədə təhsil almaq istəyən abituriyentlər və yuxarı sinif şagirdləri üçün daha faydalı və stimulverici olacaq.
Müəllif hesab edir ki, hazırladığı vəsait gələcəkdə yalnız tarix fənni üçün deyil, digər elm və fənlərin sistemləşdirilib tədrisə cəlb edilməsində yeni imkanlar açmaqla mükəmməl bir ənənənin başlanğıcını qoyacaq. Bununla bərabər, lüğət geniş oxucu kütləsinin tarix fənnindəki terminlərin açıqlaması ilə bağlı suallarını dolğun şəkildə cavablandıracaqdır.
Gənc tarix müəllimi Qumru Abdullayevanı təbrik edir, ona yeni yaradıcılıq uğurları qazulayırıq.
Kitabı əldə etmək istəyənlər müəllifə müraciət edə bilərlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz