Anadan şair doğulan qız

Anadan şair doğulan qızBu günlərdə çapını səbirsizliklə gözlədiyimiz bir kitab işıq üzü gördü. “Nazlı çiçək kimiyəm” adlandırılan bu kitabın oxucular tərəfindən sevilən müəllifi həmyerlimiz –“ İsmayıllı rayonunun Qurbanəfəndi kənd sakini, 1979-cu ildə anadan olmuş Turac Hilaldır (Kərimova Turac Ramiz qızı).
Şeirləri oxumazdan əvvəl kitabın redaktoru, “Ali mediya mükafatı” laureatı Məzahir Süleymanzadənin kitaba yazdığı “Ön söz”dən bəzi məqamlar diqqəti çəkir:
… Turac Hilalın şeirlərində kənd lövhələri əsas yer tutur. O, kəndi, kənd adamlarını məharətlə tərənnüm edir. Bəlkə də ona görə ki, həyatını kənddə keçirib, bu yerlərin səfasını da görüb, cəfasını da çəkib. Dağlar, dərələr, çəmənlər, düzlər, çaylar, bulaqlar… Turac xanımın təsvirində canlıdır, təbiidir. Şairin güclü müşahidə qabiliyyəti ona maraqlı, əsrarəngiz mənzərələr yaratmağa imkan verib.
… Turac xanımın son illər yazdığı bütün şeirləri oxumuşam. Onun mövzu dairəsi genişdir. Amma nədən yazır-yazsın, həyatın nəbzini tutmağa, oxucunu düşündürməyə çalışır və buna nail olur. Sevindirici haldır ki, Turac xanım uşaqları da unutmur, onlar üçün də əsərlər yazır. Bu maraqlı, bənzərsiz, istedadlı kənd qızının poetik duyğuları hamımızı sevindirir…
Anasını gənc yaşlarında itirmiş Turac özü anadan şair doğulan, qayğıkeş, mehriban ana, yorulmaq bilməyən, çalışqan evdar qadındır. Onun şeirləri bir çox yazarlarımızı söz qarşısında məsuliyyət hissini duymağa və artırmağa dəvət edir. Vaxta və daxilindəki poetik potensiala dəyər verən T.Hilal hər gün yazır və yazdıqlarında yerinə düşməyən, məna çəkisi olmayan bir söz, bir misra belə yoxdur. Г‡ağdaş ədəbiyyatımızda kifayət qədər tanınmış söz adamları onun yaradıcılığı barədə ən yüksək fikirləri söyləməkdən qürur duyurlar.
Turac Hilal “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinə bu yaxınlarda üzv olub. Müəllifin qələmindən çıxan şeirlərin ilk oxucularından biri kimi, tam əminliklə deyə bilərəm ki, bu istedad sahibi çox tezliklə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə də qəbul olunacaq. Belə düşünürəm ki, şairənin oxucusu, yaradıcılığı ilə tanış olanlar haqqında söylənilənlərin mübaliğəsiz olduğuna yetərincə inanacaqlar.
Turac Hilala yeni yaradıcılıq uğurları diləyirik.
“Nazlı çiçək kimiyəm” kitabını oxumaq üçün rayonun mərkəzi kitabxanasına, kitaba yiyələnməkdən ötrü birliyimizə müraciət edə bilərsiniz.
Şahməmməd Dağlaroğlu,
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri

Anadan şair doğulan qız
Dağlar

Dərd əlindən qaçıb gəldim,
Aç qoynunu mənə, dağlar!
Sinəmdəki dağ dərdimi,
Sənə deyim, sənə, dağlar!

Unudubdu o yar məni,
Öldürür bu qubar məni.
Daha üşütməz qar məni,
Sal borana, çənə, dağlar!

Həsrətlə dolu dumanam,
Xəzəlin tək quru canam.
Yox ki, mənə yana anam,
Sığınım köşənə, dağlar!

Nə qalıb ömrün qışına,
Dolanım qarlı başına.
Al məni öz ağuşuna,
Dönüm bənövşənə, dağlar!

Kiminin əvvəli, kiminin sonu

Yetimin, yesirin payından kəsib,
Yığdığın var-dövlət bükülməz ağa.
Ayağın altından gözünə qaçar,
Güvənmə gəzdiyin qara torpağa.

Kiminin əvvəli, kiminin sonu,
Ağlına gəlməyən, başına gələr.
Bir gün uduzarsan sən bu oyunu,
Toyunda gülməyən, yasına gələr.

“Allahın zopası yoxdur ki”, – demə,
Evini gen edər, məzarını dar.
Sinə torpağında əkər bənövşə,
Mərmər baş daşında bayquş uladar.

Nə mənası var

Bir oğul qəlbində od olmadımsa,
Bir qönçə dodaqda dad olmadımsa,
Körpə gülüşüylə şad olmadımsa,
Şeir yazmağımın nə mənası var?

Yetim baxışında ana həsrəti,
Quru göl çəkirsə sona həsrəti,
Yetmirsə bir eşqin sona həsrəti,
Şeir yazmağımın nə mənası var?

Bitmirsə qəlblərin ahı, naləsi,
Yoxsa dağ vüqarı, düzün laləsi,
Dolmasa sözümlə eşq piyaləsi,
Şeir yazmağımın nə mənası var?!

Olmasam ovçudan ov alan dumam,
Həsrətli qəlblərə son ümüd, güman,
Zamanın nəbzini tutmasam hər an,
Şeir yazmağımın nə mənası var?!

Yalın ayaqlara çarıq olmasam,
Sınıq könüllərə sarıq olmasam,
Yesir qəlbindəki qırıq olmasam,
Şeir yazmağımın nə mənası var?

Qürbətdən boylanan baxış olmasam,
Susuz səhra üçün yağış olmasam,
Qayaya oyulmuş naxış olmasam,
Şeir yazmağımın nə mənası var?

Yoğun boyunları əyməsə sözüm,
Namərdə şillə tək dəyməsə sözüm,
Mərdi hər misrada öyməsə sözüm,
Şeir yazmağımın nə mənası var?

Zəhmətkeş əllərdə qabar olmasam,
Vətən torpağında cadar olmasam,
Qarabağ adında qubar olmasam,
Şeir yazmağın nə mənası var?

Bir ana gözündə yaş olmadımsa,
Bir ata dizində “kaş” olmadımsa,
Viran yurd yerində daş olmadımsa,
Şeir yazmağımın nə mənası var?
Turac Hilal

Şərh Yaz