Kollecin açılışı rayonun, eləcə də regionların inkişafına yönəlmiş addımdır

İsmayıllı –“ Azərbaycanın mirvarisi
Vətənimiz Azərbaycan başdan-başa gözəldir. Doğma yurdumuzun bir parçası olan İsmayıllı füsunkar təbiəti, qədim tarixi və zəngin mədəni irsi ilə hər zaman seçilmiş, sevilmiş, bu gün də insanları valeh etməkdədir. Hər il soydaşlarımızdan əlavə fərqli ölkələrdən bu gözəl diyarı görmək onun tarixi, burada məskunlaşmış insanların adət-ənənələri ilə tanış olmaq məqsədilə buraya çoxsaylı turistlər gəlir.
Kollecin açılışı rayonun, eləcə də regionların inkişafına yönəlmiş addımdır
Kollecin açılışı rayonun, eləcə də regionların inkişafına yönəlmiş addımdır
Turizm potensialına görə Azərbaycanın mirvarisi sayılan rayonumuz əlverişli coğrafi mövqeyə, zəngin mineral resurslara sahibdir. Rayonun əhalisi mehribanlığı və qonaqpərvərliyi ilə xüsusilə fərqlənir.
Ta qədimdən başlayaraq milli sənətkarlıq nümunələri bu bölgəni dünyaya tanıtmışdır. Bənzərsiz kəlağayıları ilə məşhur olan Basqal, misgərlik sənətkarlığı sahəsində dünyada tanınan Lahıc kimi tarixi məkanlarımız bizim üçün qürur yeridir. Г‡ox sevindirici haldır ki, adları çəkilən sahələrin inkişafı bu gün dövlətin diqqət və nəzarətindədir.

Təhsil millətin gələcəyidir

İsmayıllı təkcə təbii gözəllikləri ilə deyil, həm də elmə, təhsilə göstərilən qayğı, eləcə də bu sahədə qazanılan uğurları ilə digər rayon və şəhərlərdən fərqlənir. Hər il orta məktəbləri bitirən xeyli sayda şagirdimiz ölkəmizin və dünyanın müxtəlif ali məktəblərinə yüksək balla qəbul olunaraq rayonumuzun adını ucaldırlar. Bundan əlavə rayonun qabaqcıl müəllimləri müxtəlif layihələrdə bilik və bacarıqlarını nümayiş etdirərək, “İlin müəllimi”, Əməkdar müəllim kimi fəxri adlara layiq görülmüş, medallarla təltif olunmuşlar.
Təhsil sisteminin inkişafı istiqamətində qəbul olunan dövlət proqramları və digər normativ hüquqi aktlar günümüzün durmadan artan tələblərinə cavab verən bir təhsil sisteminin formalaşmasına yönəlib.
Möhtərəm prezidentimiz İlham Əliyevin İsmayıllı rayonuna göstərdiyi diqqət və qayğı nəticəsində 2013-cü ildə rayonumuzda çoxprofilli kollecin açılması rayonun, eləcə də regionların inkişafına yönəlmiş bir addım oldu.
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun təşəbbüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 saylı qərarı ilə 11 ixtisas üzrə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci (İDHTK) açıldı və TQDK-nin tələbə qəbulu planına daxil edildi.
Ötən qısa müddət ərzində İDHTK savadlı, intellektual səviyyəsi yüksək olan pedaqoji heyət, kompyuter texnikası, təhsilə aid innovativ yeniliklərin tətbiqi sayəsində ölkənin ən güclü təhsil müəssisələrindən birinə çevrilib. Bu təhsil ocağında təlim texnologiyaları daim yenilənir və təkmilləşir. Təhsildəki innovativ metodlar yeni təfəkkür tərzinə malik insan tipini meydana çıxarır. Psixologiyalar dəyişir. Sürətlə artan informasiya bolluğu, mürəkkəb ictimai-siyasi hadisələr, inkişaf etmiş texnologiyalar həyatımızın bütün sahələrinə daxil olduğu bir şəraitdə bizdən ölkəsini inkişaf etdirməyi bacaran insan yetişdirməyi tələb edir.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə maraq

Kollecimiz dördüncü tədris ilidir ki, fəaliyyət göstərir. Hazırda kollecimizdə 10 ixtisas üzrə respublikanın 41 rayonundan 492 tələbə təhsil alır. Kollecdə tələbələr 34 qrup üzrə müvafiq olaraq “Müalicə işi”, “Məktəbəqədər təlim və tərbiyə”, ”Kompüter şəbəkələrinin və hesablanma texnikasının təmiri və servis xidməti”, “Aqrar (fermer) təsərrüfatının təşkili”, “Mühasibat uçotu”, “Turizm və onun təşkili”, ”Ət və süd məhsullarının emalı texnologiyası”, ”Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası”, ”Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası” fakültələrində təhsil alırlar.
Bizim üçün ixtisas hazırlığını həyata keçirdiyimiz tələbələrin sayı çox da önəmli deyil. Önəmli olan əmək bazarında rəqabətə dözən, əsl mütəxəssis və vətəndaş kimi yetişən kadrlar hazırlamaqdır.
Abituriyentlərə təklif olunan ixtisaslar kənd təsərrüfatı rayonlarının, eləcə də rayonumuzun təsərrüfat profilinə və mütəxəssislərə olan tələbatına uyğun olaraq seçilib. Dörd ixtisas aqrar istiqamətlidir ki, ölkəmizin ərazicə ən böyük və zəngin təbiətli rayonlarından biri olan İsmayıllı üçün bu uyğun və perspektivlidir. ”Müalicə işi” ixtisası üzrə qəbul planında nəzərdə tutulmuş bütün yerlərin dolması bu ixtisasa marağı əks etdirir. Eləcə də rayonumuzda tibb mütəxəssislərinə böyük ehtiyac vardır.

Məqsəd uğurları artırmaqdır

2016-2017-ci tədris ilinin I semestri ərzində keçirilən imtahanlarda tələbələrin imtahan göstəricisi 78 faiz olub. 18 tələbə əlaçı, 82 tələbə zərbəçi adını qazanıb. Tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə kollecdə rəhbərlik tərəfindən kitabxana yaradılmış, buraya 600-dən çox bədii, 1000-dən artıq elmi-publisist və çox sayda dərslik cəmlənmişdir. Kollec ehtiyac olan tədris avadanlıqları ilə təchiz edilmişdir. Tələbələrə bilik və bacarıqlarını artırmaq üçün hərtərəfli şərait yaradılmışdır. Tələbələrin dərsə davamiyyətini, sağlamlığını təmin etmək məqsədi ilə bu ilin yanvar ayında kollec binasında istilik sistemi qurulmuşdur. Təhsil müəssisəsinin maddi-texniki təchizatı diqqətdə saxlanılmış, aidiyyəti qurumların vasitəsi ilə kollec binasında lazımi təmir işləri aparılmışdır.
İDHTK-nin kollektivi keçirilən dövlət tədbirlərinin, tarixi və əlamətdar günlərin keçirilməsində də fəallıq göstərir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi başlıca məqsədlərdən biridir. Gənclərə Vətən sevgisi aşılamaq pedaqoji heyətimizin başlıca vəzifələrindən biridir. Bu məqsədlə vaxtaşırı müxtəlif tədbirlər keçirir, bununla həm də gənclərin intellekt səviyyəsini yüksəldir, yaradıcılıq potensiallarını aşkarlamağa şərait yaradırıq.
Builki qış tətili günlərində kollec daxilindəki bütün otaqlarda təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Bütün qruplar iməciliklər keçirərək kollecin həyətində abadlıq işləri həyata keçirib. Buradakı ağaclarda budama, gövdəətrafı belləmə, ağac gövdələrinin əhənglənməsi, ərazinin kol-kosdan təmizlənməsi kimi işlər həyata keçirilib. Bir sözlə, kollecin uğurlarını artırmaq naminə bütün kollektiv əzmlə çalışır.

Maddi-texniki bazamızı inkişaf etdirmək qarşıda duran mühüm vəzifələrdəndir

Tələbələrin praktik təlimlərə cəlb olunması üçün kollecin maddi-texniki bazasını inkişaf etdirmək qarşıda duran mühüm vəzifələrdəndir. Təcrübə bazasının yaradılması qazanılan nailiyyətlərə əhəmiyyətli dərəcədə təsir edir. Təcrübi dərslərin keyfiyyətli keçirilməsi üçün daxili və digər imkanlardan maksimum istifadə edirik. Məsələn, “Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrimizin əsl tibb mütəxəssisi kimi yetişməsi üçün qarşılıqlı razılıq əsasında İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının bazasından istifadə olunur. Rayon ərazisində mövcud olan müəssisələrin bazasından qarşılıqlı razılıqlar əsasında müvafiq ixtisaslar üzrə praktik təlimlərin keçirilməsi üçün istifadə edirik. Yalnız tələbələrimizin deyil, müəllimlərimizin də təhsil səviyyəsinin artırılmasını diqqət mərkəzində saxlayırıq. Gənc müəllimlərin elmi və pedaqoji ustalığını artırmaq üçün müxtəlif vasitələrdən istifadə edirik. Gələcək üçün plan və arzularımız çoxdur. Kollecimizin müasir dünya standartlarına uyğun olmasını istəyirik. Eyni zamanda kollecdə ümumilikdə elmi səviyyənin artırılması istiqamətində işlər görülür. Müəllimlər və tələbələrin iştirakı ilə elmi konfranslar keçirir, elmi mərkəzlərə inteqrasiya olunmağa çalışırıq.

Qayğı varsa, problemlər həllini tapacaq

Öndə qeyd etdiyim kimi, kollecimizin yaradılmasının təşəbbüskarı İsmayıllı RİH-nin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov olub. Dövlətimiz bu təşəbbüsü dərhal dəstəklədi. Şüurlu ömrünü elmə və təhsilə həsr etmiş M.Sadıqovun rayonumuzun inkişafı üçün gördüyü uğurlu işlər sırasında təhsilə qayğısı daha yüksək yer tutur. İşin çoxluğu və gərginliyi ona bu sahəni unutdurmur. Ötən ilin sentyabrında rayonumuzda təhsildən kənarda qalan gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi və bu istiqamətdə hazırlanması məqsədi ilə Mirdaməd müəllim “Gənc təsərrüfatçılar məktəbi” yaratdı. Həmin müdavimlər təlimlərə cəlb olundu və təsərrüfat işləri üzrə mütəxəssislər kimi ixtisaslaşdırıldı.
Bu gün kollecdə gənclərin təhsilə və əməyə cəlb olunması ilə yanaşı onların asudə vaxtının təşkili və ideoloji baxımdan düzgün istiqamətləndirilməsi də diqqət mərkəzində olan məsələlərdəndir. Gənclərin zərərli vərdişlərdən qorunmaları və ideya-siyasi baxımdan mükəmməl maariflənmələri, onların sivil vətəndaş kimi formalaşmaları qarşımızda duran əsas şərtlərdən biridir. Bu yaxınlarda 27 tələbəmizin Yeni Azərbaycan Partiyasının sıralarına qəbulu bir daha göstərdi ki, gördüyümüz işlər gənclərin həyatda düzgün mövqe seçmələri üçün kifayət qədər təsiredici amildir.
Kollektivimiz Azərbaycanın çiçəklənməsi yolunda ulu öndər Heydər Əliyevin qoyduğu irsə sədaqət nümayiş etdirərək, ölkə Prezidentinin və Təhsil Nazirliyinin qarşıya qoyduğu vəzifə və tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün həmişə əzmkarlıq nümayiş etdirəcəkdir.
Azad Şahalıyev,
kollecin əyani şöbəsinin müdiri

Şərh Yaz