Ayrılığın üzü dönsün…

12 dekabr 2016-cı il tarixinin bizə yaşatdığı təsəvvüredilməz acı. Nərgizimizin acı ölüm xəbəri… Bu xədərin sədası çatan hər yerdə sanki həyat dondu, vaxt dayandı…
Ayrılığın üzü dönsün...
Sənin ölümündən xəbər tutanda,
Günəş saçlarını yoldu, Nərgizim!
Zirvənin qarı da qara geyindi,
Ən gözəl çiçəklər soldu, Nərgizim!,
Həyatın amansızlığı barədə çox eşitmişdik. Amansızlığın bu dərəcədə olacağını ağlımıza belə gətirə bilməzdik. Bu necə gedişdi? Bu nə cür yoldu? Həyata vida etdiyində ailəni, doğmalarını heç düşünə bildinmi? Axı bu qədər acını paylaşsaq belə, daşıya biləcək ürəyimiz yox idi bizim, Nərgiz!
Tanrıya nə deyim? O baxmır yaşa
Mələklər mələyi, çəkildin başa.
Ölümün dağ çəkdi qohum-qardaşa,
Heç vaxt olmayanlar oldu, Nərgizim!
Yüksək mənəviyyatın, ağlın, cəsarətin, savadın və pozitiv auranla geniş əhatə dairəsi, böyük sevgi və hörmət qazanmışdın – Nərgiz Adil qızı Adgözəlova. Sənin düşdüyün qəzada qəfil ölümün təkcə bir nəslin deyil, İsmayıllının, Azərbaycanın faciəsi oldu. Qərib ölkədən aldığımız, inanmaq istəmədiyimiz ölüm xəbəri nə qədər ağır olsa da, biz bu yükün ağırlığını çiyinlərimizə aldıq.
Hönkürdük, ağladıq eşitmədin sən,
Г‡ətin al geyinək, bir də olaq şən.
Ağılar söyləyən, laylalar deyən,
Dillərlə ev-eşik doldu, Nərgizim!
Halbuki, sən bizi həyata ruhlandırar, davamlı təhsil alın, irəliyə gedin, vətənimiz üçün lazımlı, əsl şəxsiyyət olun deyən, ailəsinin qayğısına qalan, xoş günlərimizə sevinib, gülüşünlə gülüşümüzə gözəllik qatan bir örnək idin. Bir belə güclü ikən ölümə güc gələ bilmədin. Sən həyatı çox sevirdin axı! Ailəsinin qayğısına qalan, heç kimi heç vaxt nigaran qoymayan Nərgizimiz, bəs niyə bu qədər aciz və çarəsiz qoydun bizi?
Qəmi sevinc kimi bölən tapılmaz,
Ölüm haqq, vaxtını bilən tapılmaz.
Gedəni növbədə, gələn tapılmaz,
Bu necə gedişdi, yoldu, Nərgizim?
Göz yaşlarımla qələmə aldğım bu sətirlər məni səninlə birlikdə uşaqlığımıza, keçmiş xatirələrimizə qaytardı. Kaş ki, bu acını bizə yaşatmazdın. Yerin cənnət olsun, əziz bacımız -Nərgizimiz!
Leyla Nadirqızı

Şərh Yaz