5 fənni əla bilmək, heç də savadlı olmaq demək deyil

Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilməkdədir. Təhsildə qazandığımız nailiyyətlər ildən-ilə artır. 2016-cı il qəbul imtahanlarında rayonumuzun 1 nəfər məzununun 700, 28 nəfərinin isə 600-dən yuxarı bal toplaması buna bariz nümunədir.
5 fənni əla bilmək, heç də savadlı olmaq demək deyil
Qazandığımız müvəffəqiyyətlər tək özümüzə deyil, dövlətlər içərisində özünəməxsus yeri olan doğma Azərbaycanımıza gərəkdir. Onun imzasını imzalar içində həmişəlik saxlamaq biz gənclərin müqəddəs vəzifəsidir. Əldə etdiyimiz nailiyyətlərin kökü çox möhkəm və sağlam təməl üzərində qurulub.
Təhsildəki mütəmadi uğurlarımızın əsasında möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, ölkəmizin əldə etdiyi siyasi sabitlik və davamlı iqtisadi inkişaf dayanır. Azərbaycanın ən yüksək ali təhsil ocaqlarında rayonumuzu layiqincə təmsil edən yüzlərlə tələbə var. Şagirdlərin son illərdə elmə, yüksək təhsilə göstərdiyi maraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, böyük pedaqoq, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun təhsilə olan diqqət və qayğısının nəticəsidir. Ağahüseyn Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbinin məzunuyam. 2015-ci ildə yüksək balla BDU-nun filologiya fakultəsinə qəbul olmuşam. Təhsildə qazandığım uğurlarda valideynlərimin və müəllimlərimin əvəzsiz rolu var. Təvəzökarlıqdan uzaq olsa da, 11 il əlaçı olmuş, bir çox intellektual yarışmalarda uğur qazanmışam. Yalnız öz ixtisas fənlərimi deyil, digər fənləri də yaxşı oxumağım dünyagörüşümün formalaşmasına səbəb olub.
İsmayıllı təhsili hər zaman öz yüksək nəticələri ilə seçilib. Arzu edərdim ki, Azərbaycanda və xaricdə təhsil alan tələbələr sırasından “İsmayıllı tələbə birliyi” yaradaq. Bu birlik vasitəsi ilə rayonumuzu onun hüdudlarından kənarda daha yaxından tanıdaq, rayonumuzun sabahı, gələcəyi barədə qarşıda duran vəzifələrdə söz və əməl sahibi olaq. Axı bizi bu torpaq –“ İsmayıllı pərvazlandırıb.
Tələbələrə İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən bu cür diqqət və qayğının göstərilməsi biz tələbələri çox sevindirir. İsmayıllıda “Əlaçı şagirdlərin birinci rayon Forumu”nun keçirilməsini çox bəyəndim. Tədbirə dəvətli olduğuma və mənə də çıxış üçün söz verildiyinə çox şad oldum. Əlaçı şagirdlərə bir tələbə kimi bəzi tövsiyələrim var: Rayonda, məktəblərdə təşkil olunmuş ictimai işlərdə, tədbirlərdə, intellektual yarışmalarda bacardıqca daha çox iştirak etsinlər. İctimai fəallıq onlara gələcək həyatlarında da öz müsbət təsirini göstərəcək. Yalnız öz ixtisas fənlərini oxumaqla kifayətlənməsinlər. 5 fənni əla oxuyub, yüksək balla ali məktəbə qəbul olmaq heç də savadlı, bilikli, intellektual olmaq demək deyil. İKT-nin bu səviyyədə inkişaf etdiyi bir dövrdə əlavə məlumatlar qazanmaq işimizi asanlaşdırır. Mütaliə ilə məşğul olub söz bazamızı, nitqimizi dolğunlaşdıra bilərik. Fəal, savadlı, intellektual gənclərimiz çoxdur. Şagirdlərimiz həmyerli tələbələrdən nümunə götürməklə maraq dairələrini genişləndirər, üzləşdikləri mürəkkəbliklərin həllini tapar, universitet mühiti, tələbəlik illəri və s. baradə məlumat əldə edə bilərlər.
Tədbir öncəsi foyedə şagirdlərimizin qazandıqları uğurları göstərən lövhələri görüb qürur duydum. Bunlar həm də müəllimlərimizin əziyyətinin bəhrəsidir. İsmayıllının təhsil işçilərinə dərin minnətdarlığımı bildirir, zəhmətləri qarşısında ehtiramla baş əyirəm.
Biz gənclər başladığımız müvəffəqiyyətləri uğurla davam etdirməyə, göstərilən etimadı şərəflə doğrultmağa, peşəkar kadrlar kimi yetişməyə, Vətənə, onun bir parçası olan doğma İsmayıllıya layiqli övlad kimi qayıtmağa çalışmalıyıq.
Afaq Sabirli,
BDU-nun filologiya fakultəsinin tələbəsi

Şərh Yaz