Gənclər elmi və bədii ədəbiyyat işığında

24 və 25 yanvar tarixlərində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması çərçivəsində ixtisaslaşmış təlimlər keçirilib.
Gənclər elmi və bədii ədəbiyyat işığında
10 noyabr 2016-cı il tarixindən etibarən 3 ay müddətində fərdi şəxs qismində Gülnar Yunusova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin icrasını həyata keçirib. Məqsəd məktəblilərin elmi və bədii təfəkkürünün inkişafına yönəlməklə onların elmi və bədii ədəbiyyatın müxtəlif sahələrində olan potensiallarının təyin olunması, sorğu, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirlərin həyata keçirilməsi olub.
Fəaliyyətlərin üç məktəbdə – İsmayıllı şəhəri 1 nömrəli, rayonun Təzəkənd və Topçu kənd tam orta məktəblərində keçirilməsi nəzərdə tutulmuşdu. 11-12 yanvar 2017-ci il tarixlərində adı çəkilən məktəblərin VIII-X sinif şagirdləri arasında sorğu-anket keçirilib. Toplam olaraq 300 şagird tərəfindən doldurulan sorğu-anketlərin nəticələrinə əsasən ədəbiyyata xüsusi marağı olan, bədii yaradıcılıq qabiliyyətli 60 nəfər müəyyənləşdirilərək ixtisaslaşmış təlimlərə cəlb olunub.
24 yanvar 2017-ci il tarixində Təzəkənd kənd tam orta məktəbinin 16 nəfər şagirdi və ədəbiyyat müəllimləri, Topçu kənd tam orta məktəbinin 14 nəfər şagirdi və ədəbiyyat müəllimləri AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyevanın ixtisaslaşmış təlimində iştirak ediblər.
25 yanvar 2017-ci il tarixdə isə eyni sistemli təlimdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin 30 nəfər şagirdi və müəllim kollektivi iştirak edib.
Təlimləri giriş sözü ilə açan layihə rəhbəri Gülnar Yunusova qısa şəkildə məqsədi izah edərək, məktəblilərə təlimdə və müsabiqədə uğurlar arzulayıb. Sonra isə hər bir işdə əsas məqsədimizin Azərbaycançılıq məfkurəsi olmasını qeyd edib. İştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməyə dəvət edib.
Daha sonra təlimi B.Əzizəliyeva davam etdirərək, iştirakçılara ədəbiyyat – elmi və bədii ədəbiyyat haqqında geniş məlumat verib, bədii yaradıcılığın mühüm atributları, bədii yaradıcılığı zənginləşdirən amillər, bədii yaradıcılığın inkişafına yardım edən elm sahələrindən danışıb. Azərbaycan ədəbiyyatı tarixinə nəzər salınıb, məktəblilərlə birlikdə bədii nümunələr təhlil olunub. Eyni zamanda, yaradıcılıq qabiliyyəti olan şagirdlər öz bədii nümunələrini səsləndiriblər. Məktəblərdə gənc ədəbiyyatşünasların hazırlanması sahəsində görülməli işlər də B.Əzizəliyevanın təlimində əsas istiqamətlərdən olub.
Təlimlərdə iştirak edən ədəbiyyat müəllimləri layihənin əhəmiyyətini vurğulayaraq, onun məhz İsmayıllı rayonunda keçirdiyi üçün layihə rəhbərinə və təlimçiyə dərin minnətdarlıqlarını ifadə ediblər.
Təlim iştirakçıları onlar üçün təşkil olunmuş çay süfrəsində maraqlı söhbətlərini davam etdiriblər.
Fərqlənən iştirakçılara sertifikatların təqdim olunması 2 Fevral – Gənclər Günü münasibəti ilə Mədəniyyət sarayında keçiriləcək tədbirdə reallaşacaqdır.
Qeyd edək ki, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi layihənin icrasında tərəfdaş kimi iştirak edib.
Elnarə Qasımova

Şərh Yaz