Kəndlinin güzəranı torpaqdan asılıdır

Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.
Kəndlinin güzəranı torpaqdan asılıdır
Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.
Bu reallıqları, eləcə də rayon rəhbərliyinin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar keçirdiyi müşavirələrdə verdiyi tapışırıq və tövsiyələri əhaliyə çatdırmaq məqsədilə oktyabr ayının 21-də Xanagah kəndində yığıncaq keçirilib. Havanın yağışlı olmasına baxmayaraq kənd sakinləri toplantıda fəal iştirak ediblər.
Toplantıda kənd təsərrüfatının inkişafı, o cümlədən ərazi üçün optimal olan iş növlərinin – kümçülük, tütünçülük və bağçılığın bərpası və inkişaf etdirilməsi günün vacib məsələlərindən biri kimi müzakirə olunub.
Məsələ barədə rayon icra hakimiyyəti başçısının Xanagah inzibati ərazi dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Rövşən Əsgərov çıxış edib. O bildirib ki, kənd təsərrüfatı sahəsində əldə olan imkanlar daha da genişləndirməyə çalışmalı, yaxşı yaşamaq üçün mümkün olan hər şeyin öz əlimizdə, çalışmağımızda olduğunu dərk etməliyik.
Yığıncaqda iştirak edən İsmayıllı Kənd Təsərrüfatı idarəsinin əməkdaşı Paşa Məmmədov qeyd edib ki, hazırkı vəziyyətdə əkib-becərməyə yarayan bir qarış torpağı belə boş saxlamaq olmaz. Kəndlinin güzəranı torpaqdan asılıdır. Bu səbəbdən də hər kəs bacarığına, ehtiyacına uyğun əzmkarlıq nümayiş etdirməli, özünü zəhmətə alışdırmalıdır.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kənd sakinlərindən V.Fətəliyev, F.Camalov, Z.Məhərrəmov, S.Tağıyev, Ə.Zülfüqarov çıxış edərək müzakirə olunan məsələnin aktuallığından danışıblar.
Bəxtiyar Əhmədov,
Xanagah İƏD-nin baş məsləhətçisi – mühasib

Şərh Yaz