Həyətləri su basmaya da bilər

Ağsaqqallardan eşitdiklərimizə görə İsmayıllı sözünün məkan adı kimi seçilməsinə bu ərazinin suya meyilli olmasındandır və son vaxtlara qədər buranı Sumeyilli kimi adlandıran və təqdim edənlər də olmuşdur. Əlbəttə, ərazinin relyefi deyilənlərə kifayət qədər uyğundur.
Həyətləri su basmaya da bilər
Belə olsa da, son vaxtlar İsmayıllıda yaşayan sakinlərdən həyətlərinin su basması ilə əlaqədar xəbərlər eşidir, zərərçəkənlərin müvafiq orqanlara şikayətlənmələri və köməklik istəmələri faktları ilə üzləşirik.
Bəs əslində bu məsələnin problemə çevrilməsi nədən və haradan qaynaqlanır?
Ağsaqqallarla söhbətlərimizdə bu sualın cavabını axtardıq. Г‡oxsaylı cavabları ümumiləşdirdikdə bəlli oldu ki, illərlə öncə həyətyanı torpaq sahəsinə malik olan ismayıllılar qrunt və yağıntı sularının axıdılması üçün həyətində arx qazar və həyətdən-həyətə ötürməklə münasib su arxlarına istiqamətləndirərdilər. Bu arxlarla yalnız su axardı. Bu arxlar məişət tullantıları ilə zibillənməz, onlarla çirkab suları axıdılmazdı. Payız gələndə isə hər kəs həyətindən keçən arxı otdan, xəzəldən təmizləyər, onları mövsümə, artmaqda olan yağıntılara hazır saxlayardılar.
Hazırda vəziyyət tamamilə başqadır. İmkanların, zövqlərin, aparılan abadlıq işlərinin artması səbəbindən çəpərlər hasarlarla əvəz olunur, həyətlərdə səliqə-sahman yaratmaq fikri ilə suların axıdılmasına xidmət göstərən arxlar doldurulur. Belə bir şəraitdə leysan yağışlar yağdıqda isə sanki birbaşa hovuza tökülür. Məhz bu hallarda bəzi həyətlərə, hətta zirzəmisi dərin olmayan evlərə, yardımçı təsərrüfat binalarına su dolur.
Təəccüb və təəssüf olunasıdır ki, təsərrüfat sahibləri özlərini bu kimi hallarda heç də cavabdeh, günahkar saymırlar.
Küçələrin, ümumi istifadə yerlərinin məişət tullantıları ilə zibillənməsi də həyətlərin su basmasına şərait yaradan haldır. Belə ki, güclü yağıntılar zamanı küçələrlə axan sular axdıqca güclənir və yerdə olan tullantıları qabağına qataraq yolları kəsən su arxlarına qoyulmuş boruların boğazında pərçimlənir. Belədə yolların pis günə qalması ilə yanaşı, ətrafdakı həyətləri də su basır.
Apardığımız sadə araşdırma onu göstərir ki, suya meyilli olan İsmayıllıda həyətləri su basırsa, biz ev-eşik, ailə, uşaq sahibi, kifayət qədər həyat təcrübəsi olan sakinlərimizlə maarifləndirmə işi aparmalı, onlara həyətlərini, küçələrindəki su arxlarını təmiz saxlamağı xatırlatmalı və öyrətməliyik.
Şahməmməd Soltanov

Şərh Yaz