Oxucu-kitabxana əlaqəsi

Mütaliə formalaşmaqda olan insanın, xüsusən də məktəblilərin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Kitab oxumaq, oxuduqlarını dərk etmək mütaliə mədəniyyətinin vacib şərtlərindəndir. Kitab həyatı, elmləri, digər bilgiləri öyrətməklə məktəblilərin marağını, mənəvi tələbatını ödəyir, təfəkkürünü inkişaf etdirir, ona yeni düşüncə tərzi və biliklər qazandırır.
Oxucu-kitabxana əlaqəsi
Bir çox hallarda oxucuların kitabı başa düşmələrində, oxuduqları əsəri təhlil etməkdə kitabxanaçıların rolu böyükdür. Bədii ədəbiyyat gənc nəslin təlim-tərbiyəsində mühüm yer tutur. Məlumdur ki, oxucular, xüsusilə yeniyetmələr və gənclər bədii ədəbiyyatı daha çox mütaliə edirlər. Bədii əsərlər uşaqların hisslərinə, şüuruna və davranışına, dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir, onların şəxsiyyət kimi yetişməsinə kömək edir. Oxucular bədii ədəbiyyatın köməyi ilə bir sıra həyat hadisələrini daha yaxşı mənimsəyir, düzgün anlayır, lazım gəldikdə müəyyən çətinliklərdən qurtulmağın yolunu tapır.
N.Gəncəvinin və digər klassiklərin, B.Vahabzadənin, M.Arazın, Anarın, H.Arifin, Elçinin, Zəlimxan Yaqubun, R.Rövşənin, M.Yaqubun, İ.Əfəndiyevin, digər nüfuzlu şair və yazıçıların əsərləri məktəbli oxucuların tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.
Kitabxanalarda təşkil edilən bütün məktəbdənkənar tədbirlər, xüsusən dərnək məşğələləri, söhbətlər, disput və müzakirələr, ədəbi-bədii gecələr, şair və yazıçılarla görüşlər oxucuların asudə vaxtının səmərəli keçməsinə geniş şərait yaradır.
Bəlli olduğu kimi, yaradıcılıq qabiliyyəti fərqli formalarda hər uşaqda mövcuddur. Buna görə də uşaq kitabxanalarının başlıca vəzifələrindən biri oxuculara bədii yaradıcılıq fəaliyyətinin müxtəlif növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaratmaqdır. Bu şərait elə təşkil olunmalıdır ki, o, oxucuların yaradıcılıq qabiliyyətinin aşkara çıxarılması ilə yanaşı, onların inkişafına və təkmilləşməsinə təsir etsin. Uşaqlar “Gənc yazarlar”, “İstedadlar”, “Bədii qiraət”, “Sağlam kitablar” adlı dərnəklər vasitəsilə öz istedadlarını, bədii-estetik zövq və mənəvi tələbatlarını, incəsənətə olan meyllərini üzə çıxarmaqla yanaşı, cırılmış, köhnəlmiş kitabları bərpa edərək yenidən “həyata” qaytara bilərlər.
Uşaqlar bizim gələcəyimizdir. Onları maraqlı həyat aləminə aparmaq, ziyanlı işlərlə məşğul olmaqdan qorumaq, onların əsl şəxsiyyət kimi yetişməsinə kömək etmək məqsədilə təşkil olunan dərnəklərin işini səmərəli qurmaq kitabxanaçıların əsas vəzifəsidir. Bu sahədə daha çox uğur əldə etmək məqsədi ilə kitabxanada müxtəlif mövzular üzrə sərgilər də təşkil etmək olar.
Kitabxanalarda oxucuların asudə vaxtını daha da səmərəli təşkil etmək məqsədilə fəalları mükafatlandırmaq da olar. Daimi oxucuların mütaliəsinə dəyər verərək il ərzində daha çox kitab oxuyan oxuculara ilin sonunda kitabxana tərəfindən diplom və ya hədiyyələr təqdim oluna bilər. Bu kimi tədbirlər, oxucu-kitabxana əlaqəsini gücləndirər və gənclərin asudə vaxtının səmərəli təşkilinə böyük töhfə verə bilər.
Ələddin Ələkbərov,
İsmayıllı MKS-nin direktoru

Şərh Yaz