Küçəmiz mədəniyyətimizin göstəricisidir

Bu yazını bəlkə də yazmayacaqdım. Bir neçə gün əvvəl işlə əlaqədar İsmayıllımızın bir küçəsini piyada keçməli oldum və gördüklərimdən bu qeydləri etmək məcburiyyətində qaldım. Sakinlərinə ehtiram əlaməti olaraq küçənin adını çəkmirəm.
Küçəmiz  mədəniyyətimizin göstəricisidir
O fikirdə idim ki, natəmizliyə görə Kommunal Müəssisələri Kombinatını günahlandırım. Amma küçə boyu qoyulmuş zibil qutularını boş görəndə bu fikirdən daşındım. Bu qərara gəldim ki, gördüklərimi ərazidə yaşayanların mədəniyyətinin göstəricisi kimi qiymətləndirim. Anlaşılmaz haldır –“ insanlar həyətlərini təmiz saxlamaq fikri ilə küçəni zibilləyirlər. Görəsən bu hansı məntiqdən irəli gəlir?
İsmayıllı son zamanlar dövlət və rayon rəhbərliyi səviyyəsində göstərilən diqqət, işgüzarlıq sayəsində xeyli gözəlləşib və abadlaşıb. Gördüklərimizə uyğun olaraq həyətimizi, bütün küçə və meydanlarımızı, ümumi istifadə yerlərini də təmiz saxlamalı, daha doğrusu, zibilləməməliyik.
Təəssüf ki, bu gün əksər küçələrdə müxtəlif adda tikinti materialları qalaqlarına, həyət-bacada aparılan təmirdən sonra tullanması vacib olan çıxdaş tör-töküntüyə rast gəlmək olur. Bu gün küçə təkcə gediş-gəliş üçün yol, yaşayış üçün reyestr ünvanı deyil, o həm də həmin yerdən istifadə edənin “qab”ında nə olduğunu nümayiş etdirən məkandır.
Г‡əkilmiş siqaretin kötüyünü, boşalmış qutusunu küçəyə atmaq, hərəkət zamanı tüpürə-tüpürə getmək, sükan arxasında içilmiş suyun şüşəsini nəqliyyat hərəkətdə ola-ola pəncərədən tullamaq artıq adi vərdişlər sırasındadır.
Son vaxtlar bölgəmizə olan maraq səbəbindən turistlərin bu yerlərə gəlişi də xeyli artmışdır. Güman edirəm ki, sözü gedən məsələdə kifayət qədər mədəni olan qonaqlarımız bu sahədəki mədəniyyətsizliyi görəndə nəinki bu yerləri bir də ayaq basmayacaq, hətta tanıdıqlarına da natəmizliyimiz barədə kifayət qədər məlumat verəcəklər.
Məişət tullantılarının müəyyən olunmuş zibil qutularına deyil, birbaşa küçəyə atılması ədəb qaydalarına zidd, sağlamlıq üçün zərərli olan vərdişlər sırasındadır. Övladlarımıza, yetişən nəslə bu barədə lazımı bilgiləri vaxtında verməli, onların mədəni və sağlam böyümələri üçün mümkün imkan və şəraitdən istifadə etməliyik.
Sonda bir rus xalq məsəlini diqqətə çatdırmaq istərdim: Süpürülən yer təmiz deyil, zibillənməyən yer təmizdir.
Əziz ismayıllılar, gəlin, şəhərimizin təmizliyinə çalışaq, unutmayaq ki, təmiz və ya zibillədiyimiz küçə mədəniyyətimizin göstəricisidir.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz