Məhsulumuz vardı

(“Yol gedər sizə, dağlar” silsiləsindən fraqmentlər)
Vaxtında ək, dürr bitirər,
Bivaxt əksən, bir bitirər.
(Qüdrət babanın söyləmələrindən).
Söhbətimizin əvvəlində Qüdrət babanın doğma kəndi Brovdalın bal dadan qırmızı kartofuyla məşhur olduğunu söyləmişdik. Oxucu düşünə bilər, necə oldu ki, Qüdrət baba əsrin əvvəllərindəki Bakının mazut gölməçələrindən tutmuş, bu dağların tarixinə qədər hər şey barədə danışdı, ancaq o məşhur qırmızı kartofun yetişdirilməsi barədə bir kəlmə də demədi? Əslində, Qüdrət baba sözünə elə kartofla başlamışdı və bir neçə saatlıq söhbətimiz ərzində bu mövzunun üstünə dönə-dönə qayıtdı. Həm də bu barədə, ümumiyyətlə, əkinçilikdən söz düşəndə daha şövqlə, daha ürəkdən və daha yanqılı danışırdı:
Məhsulumuz vardı
– Bizim bu məscid var ha, onun tirində bir tarix yazılıb. Hansı ildə yazıldığı yadımda döyül. Ancaq girib baxson, özün görərsən. Fikirləşəcəksən ki, yəqin nərdivan söyküyüblər ora, sora çıxıb yazıblar o tarixi. Amma elə döyül. Həmin il bizim qolxozda o qədər buğda olmuşdu ki, yığmağa yer tapmurduq. Lap bu soralar idi. Məmmədhüseyn də sədr idi onda. Kənddə bir az yaşlı adamların hansınnan soruşson, deyər sənə. Məscidin içərisini doldurduq taxılnan tavanacan. Uşaqlar buğda ənbizinin üstünə çıxıb, həmin tarixi yazdılar ora. Г‡ünki qolxozun tarixində belə şey görünməmişdi. Başqa bir anbar da vardı, onu da doldurduq buğda ilə. Qalanını evlərə, töylələrə yığduq. Hə, bax, helə bir məhsul olmuşdu o il. İndi hələ Həftəso da birrəşib biziynən, amma ikisində bir qılçıq yoxdu. Neçə ton buğda oldu o il, onu deyə bilmərəm. Soruş o vaxtı idarədə işləyənnərdən, desinnər sənə.
İndikilər deyillər daha burda heç nə bitməz. Niyə bitmir, ay balam? Torpaq elə həmin torpaq döyül? Onu da bilirəm e, deyəcəksən ki, ondakı qayda ilə indi məhsul yetişdirmək olmaz. İndi heç o qədər adam da yoxdu axı kənddə. Onda kənddə yeddi manqa vardı. Hərəsinin də 20-30 cüt öküzü. Manqalardan birinin başçısı da elə mən özüm idim. Staxanoçu olmuşdu bizim manqa. İndi işlər başqadı. Lap ondakı qədər öküz tapson da, cütə gedən tapmazsan. Heç kimdə günah görmürəm. Dünya dəyişilib. Bizim adamlar da görüb-götürüblər. İndi kimdi xışın dəstəyinnən yapışan? Ancaq bir iş də var ki, belə qızıl kimi torpaqların boş qalmasına gərək razı olmasınnar. Yəni hökumətin əlində çətin şeydi? Qoy elə maşın düzəltsin ki, bizim bu yamaclarda da işdiyə bilsin. Axı adamın yazığı gəlir bu “yiyəvay” deyən torpaqlara baxanda.
QOLXOZUN YERİDİ – QOY BOŞ QALSIN
Heç bilirsən müharibə vaxtı nə qədər adamı acdığdan çıxartdı bu kəndlər? Özü də ancaq qırmızı kartofuynan. Deyirsən bəs o aclıq çəkən kəndlərin özləri niyə kartof əkmirdi? Eh, ay oğul, birin bilirsən, beşin yox. Bəs onu da soruş ki, niyə biz bostannarı çayın içində tutmuşuq? Gül kimi torpaqlar qalıb o tayda bomboş. Qolxozun süfdəki illərində, lap elə onnan sora da kəndçi nəydi, torpaq nəydi? Yazıq kəndçi elə bil hökumətin ögey balasıydı. Bah, birdən normadan artıq bir keçi saxlardun, qiyaməti qopardardılar başunda. İndi desəm, inanmazsan, ağaclara da vergi qoymuşdular. Düzdü bizim kəndin meyvə bağları-filanı yoxıydı. Amma olannardan xəbərimiz vardı da. Qan ağlıyırdılar verginin əlinnən. A kişi, bəlkə heç meyvə gətirməyəcək bu ağac? Bəs onun vergisini hardan versin yazıq kəndçi? (Əslində, məhsul yetişməyə yaxın olanda ağacları vergiyə cəlb edərlərmiş –“ M.M.)
Haşiyə: Vaxtilə yuxarı dağ kəndlərində hazırcavablığı ilə məşhur olan və el şairi kimi tanınan müdrili Üzeyir kişi vardı. Deyilənə görə, onun bacısı Şamaxı qazısı əsli Diyallıdan olan Hacı Mecid əfəndinin evində aşpaz olub. Bu münasibətlə tez-tez Şamaxıya gedib-gələn Üzeyir kişi Seyid Əzim və Sabirlə də görüşübmüş. Müharibədən sonrakı illərdə gilabı satmaq üçün yolu Cülyanamı, ya Muluxamı düşən Üzeyir kişi bir nəfərin verginin ucbatından bostanda qoz ağacını kəsdiyini görüb bədahətən aşağıdakı bəndi deyir:
Əkməmisən qoz ağacın,
Nöş kəsirsen tez ağacı?
Var isə, kəs öz ağacın,
Qazı dibinnən, dibinnən.
Qüdrət babanın sözünün davamı:
– Keçmişdə bir yamacın ətəyində heç kimə lazım olmayan bir parça torpağı əkseydün, – deyə, Qüdrət baba sözünə davam edir – aləmi qarışdırardılar. Elə ki, guya böyük bir cinayət eləmisən. Diyərdün ki, a balam, bura qolxozun malı gəlmir, qarası gəlmir, əkilmir, biçilmir. Yiyəsiz yerdi də. Hikkə ilə cavabuvu verərdilər: “Sənə deyirəm, qolxozun yeridi, qoy boş qalsın!”. Boş qalsın? Qalsın da. Budey, indi hamısı bomboşdu. Yalvarsoz da əkən yoxdu.
Bizim imkanımız vardı ki, bu çaylağın içində bir parça yeri daşdan təmizdiyib əkək. Bu qumu torpağa çöyürüncə onun ağırrığınnan bəlkə yüz dəfə çox peyin vermişüy ora. Ancaq elə kəndlər də var ki, nə çayı vard,ı nə çaylaq qumu. Bəs haranı əkeydi?
KARTOF ÜSYANI
– Ancaq o da var ki, çox yerdə kartofun xeyrini hələ başa düşmürdülər. Bizim kəndlərdə elə bilirsən dədə-babadan həmişə kartof olub? Yox. Bizim əkinimiz ancaq taxıl idi. Mənim yadıma gələnnən nə bu bostannar vardı çayın içində, nə də kartof. Heç kartof nə olduğunu bilmirdi camaat. Pamadoru, kartofu hərdənbir “Qız Meydanı” bazarınnan alıb gətirərdilər malağannardan. (Keçmişdə Həftarandakı bazar belə adlanırmış — M.M.). Onu da namaz qılannar yeməzdi. Həftəsoya rəhmətlik Əlişiraz gətirib kartofu birinci dəfə. Onnan ötrü camaatın dannağını götürməli olub yazıq kişi. Deyiblər nahaq gətirmisən bu kafır meyvəsini buralara. Məhəmməd kişi vardı, elə maraq üçün bir-iki lək əkdi. Gördülər yox, diyəsən, yaxşı şeydi bu. Sora ha yavaş-yavaş, hamı başladı əkməyə. Sən demə, bunu elə bizim torpaqlarçın yaradıbmış Allah. Heç kimdən soruşmadan əkib-becərməyini də elə özümüz öyrəndüy. İndi bu kənddə ən avam adam da kartofçuluqdan aqronomlara dərs verər.
Haşiyə: Kartof bitkisinin Azərbaycana gətirildiyi iki yüz ilə yaxındır. Görünür, onun bu dağlara gəlib çıxmasına qədər də xeyli vaxt keçibmiş. Ancaq bizim dağ kəndləri ilə müqayisədə, Rusiya kəndləri kartofu daha ciddi müqavimətlə qarşılayıblar. 19-cu yüzilliyin ortalarında Rusiyada ən yaxşı münbit torpaqlar kartof əkinlərinə ayrıldığına görə təhkimli kəndlilər qiyam qaldıraraq bu əkinləri məhv edirdilər. Tarixdə, bu, hadisə “kartof qiyamları” adlanır.
HANSI TORPAQ YAXŞIDIR
– Qolxoz döyründə kartofu yığmaqçın elə anbarlar tikmişdüy ki, bu başınnan baxanda o başı görünmürdü. İndi hanı o anbarlar? 5-6 hektar əkillər ki, plandı bu. Amma heç nə olmur. Bilmirəm əkin planını qoyan məhsul planını niyə soruşmur bulardan?
Deyirsən ki, torpaq elə həmin torpaqdı, adamlar da həmin; bəs əvvəlki vaxtlardakı kimi kartof indi niyə olmur bu qolxozda? Hardan olsun, ay oğul? Kartof bu kəndə gəlib çıxannan bəri onu becərib-yetişdirməyçin nə eliyib öyrənmişdüysə, gərək hamısın eliyəsən. Yoxsa, burda məhsul olmaz. İndikilər buna fikir vermillər. Dərd budu ki, heç soruşub öyrənmək də isdəmillər.
Əvvəl gərək yeri yaxşı tanıyasan: kartof harda olar, buğda harda. Hansı yer nə qədər toxum aparar. Kartof qalsın, taxıldan deyim sənə. O vaxt mən özüm səpinçi idim. Səpinə başlamazdan əvvəl küz (yəni plan –“ M.M) çəkərdüy. Sora yerin qüvvəsinə görə toxum səpərdüy. İndi hara gəldi gözdərin yumub bir ucdan səpillər. Babam mənə kor deyib… tut gəldi ha!..
Haşiyə: Söhbət bura çatanda Müdri kəndinin keçmiş ağsaqqallarından olan Usta Rəcəb kişinin (babamın kiçik dayısı) bir sözünü xatırladım. O deyərdi ki, toxum səpmək, xizəklə dərz daşımaq və xırman döymək əkinçilikdə ən hörmətli işdir. Bu işləri hər adama etibar etməzlər. Xırman vaxtı Rəcəb dayının özü də xizəklə dərz daşıyardı. Başqalarından fərqli olaraq, o, dərzləri xırmana boşaldandan sonra biz uşaqların da xizəyə minməyinə çox səxavətlə razılıq verərdi.
O həm də kənddə yeganə dülgər-bənna idi. Barı çəkməkdən tutmuş, balta saplamağa qədər, kimin nə qulluğu olsaydı, onun yanına qaçardı. Bugünkü meyarla yanaşanda ən qəribəsi o idi ki, Usta Rəcəb dayı belə xırda-para işlərdən ötrü bəlkə ömründə bir dəfə də olsun heç kəsdən haqq almamışdı. Biri yüyürərdi ki, Usta həyətimizin barısı uçub. Və Usta Rəcəb çəkic-malasını götürüb gələrdi. İşi yoluna qoyub gedərdi. Г‡ox vaxt heç çay içməyə də dayanmazdı. Bir başqası iki dənə söyüd payasını götürüb gedərdi: Usta, bunlardan lapatka sapı düzəlt. Düzəldərdi. Sağ ol! Xoş getdün! Vəssalam. Xasiyyətini bildiklərindən ona belə işlər üçün heç haqq da təklif etməzdilər. Usta Rəcəb kişi iyirmi beş ildən çoxdur ki, dünyadan köçüb (89-cu ilin söhbətidir). Ancaq kənddə indi də elə bir ev, yaxud məhəllə olmaz ki, orda onun elə-belə, “xeyratdıq” naminə çəkdiyi zəhmətin nişanəsi olmasın. İndi sınaq xatirinə adını usta qoyanlardan hər hansı birini çağır, bir mıx vursun divara…
Yeri gəlmişkən, keçmişdə yığcam (kiçik) əkin sahələrini ora səpilən toxumun qədəri ilə adlandırardılar. Bu, həm də sonrakı nəslin işini asanlaşdırırdı. Heç kimdən soruşmadan bilirdilər ki, həmin yer nə qədər toxum aparır. Məsələn: ”Harda işləyirdiz?”, “Əllibatmanda”. Kəndimizin altında, yolun qırağında kiçik bir əkin sahəsi vardı. Apardığı toxumun qədərinə görə bura “Yeddibatman” adlanırdı. Yol çəkilişi zamanı həmin kiçik tarla tamam yoxa çıxdı. Amma ənənəvi cütçü-biçinçilər sonralar da bu yerə elə “Yeddibatman” deyirdilər. Məsələn: “Maşın Yeddibatmannan keçəndə–¦” və s..
Mətləbdən uzaq düşdük deyəsən. Söhbət toxumdan, xırmandan, dərzdən, məhsuldan getdiyinə görə, özlərindən sonrakılara həmişəlik örnək olmuş gözütox, dili şükürlü, sifəti nurlu kişiləri bir daha xatırlamalı oldum.
Qüdrət babanın sözünün davamı:
– Yerin qüvvəsinə görə toxumun qədərini bilsön, buğdanı hər torpaqda yetişdirməy olar. Ancaq kartofu yox. Kartof hər torpaqda olmur. Aran torpaqlarının xasiyyətini orda yaşıyannar yaxşı bilər. Amma bizim torpaqlarçın mən deyim sən də yadunda saxla, harda olar, harda yox. Əvvəla, sarı torpaqda kartof olmaz. Kömür kimi qara torpaqda da şaxı, göydəsi olar, kartof yox. Bizim yerdə kartof qumsal torpaqda olur. Özü də yataq yeri ola. (Qoyun yatağı nəzərdə tutulur–”M.M.). Kartofun dərmanı peyindi. Mən özüm Xəlilli dərəsindəki yataq yerində on batman xırda toxum əkib, on tağar götürmüşəm. Bir kiloya 50 kilo. İndikilər eşitsələr, inanmazdar. Axı nə təhər inansınnar? Bir tağar əkillər, bir kilo da götürə bilmillər.
Bax, bu dağı görürsən? “Quş dili” deyillər adına, baxanda deyərsən keçi də dırmaşa bilməz ora. Onun üstündəki düzənniydə yataq yeri vardı. Kartof əkdüy bir il orda. Yığıb-yığışdıra bilmirdüy. Yaylaq yeridi də, dəmyə əkindi. Su axtarmırsan, arx çəkmirsən. Allah öz yağışıynan, çiskiniynən, nəmiynən yetişdirir səniyçin. Kartofu ək Xəlilli dərəsində, ək Dəvədərəsindəki yataq yerlərində, gör nə olur! Deyillər o yerlər bizim döyül, necə əkək? Г‡ox çətin iş olub bu da! Adə, bizim yerlərdən üç o qədər ver yaylaq sahibinə, yataq yerlərini al ək də, sora qoy olmasın kartof!
HƏR İŞİN ÖZ VAXTI VAR
– Yeri gərək payızınnan sürəsən kartofçın. Yağış döysün, qar yağsın, şaxta vursun. Yazbaşı bir balaca kotana vur, kül kimi dağılacey. Sora arat elə, ək. Gör nə olur də!
Yoxsa indikilər kimi? Payızda yatıllar. Yazda, az qala ot biçilməli olanda, bir də görürsən kartofçın şum çıxardıllar. Özü də elə yerdə ki, orda heç ot da bitmir. Qız-gəlini də göndərillər ki, get ək. Bəs o kəsəkləri əzmək olar belə vaxtda? Kəsəyi çöyürüb, toxumu qoyullar altına. Qalıb çürüyür orda. Elə bəri başdan bilillər ki, boş yerə zəhəmət çəkillər. Ay əzizim, adam ki, öz zəhmətinin nəticəsin fıkirrəşmədi, o işdən iş olar? Beş-altı hektarı korramaqdansa, gəl sənə iki hektar yer göstərim, mən deyən kimi ək, becər, on hektarın məhsulunu götürməsön, gəl mənnən istə. Atalarımız da deyib ki, vaxtında ək, dürr bitirər, bivaxt əksön bir bitirər.
Rəvayət: Ötən zamanlarda bir dəfə payız əkini başa çatmamış bərk qar yağır. Əkinçilər gözləyirlər ki, bu bivaxt yağan qar dursun, sonra işlərini davam etdirsinlər. Kasıb bir kişinin də bir parça torpağı olur. O, qarın durmasını gözləmədən hər nə olar-olar, deyə şumu ikiləyib toxumu səpir qarın içinə. Əkinçilər yığışır ki, ağlın olsun, zəhmətinə hayıfın gəlsin, qarın içinə toxum səpməzlər. Baxmır heç kimin sözünə. öz bildiyini eləyir. Bir neçə gündən sonra hava isinir, qar durur. Əkinçilər səpini başa çatdırırlar. Biçin vaxtı çatanda görürlər qarın içinə toxum səpilən yerdə bir məhsul yetişib ki, gəl görəsən. Kasıb kişi biçinə başlamaq istəyəndə varlı-dövlətli bir şəxs olan kəndin ağsaqqalı gəlib çıxır ora. Deyir bu həmin sahədir ki, toxumu qarın içinə səpmişdin? Kasıb kişi təsdiq eləyir və üstəlik də fəxrlə deyir ki, hamı gülürdü onda mənə. Bəs niyə oldu məhsul? Qonşulardan bəziləri gileylənir ki, ağlımız olmadı, gərək biz də sənin kimi edəydik. Gör nə qədər məhsulumuz olacaqdı! Dədə-babadan əkinçi olan ağsaqqal deyir, eləmi? Kasıbdan soruşur ki, bu sahədən nə qədər taxıl gözləyirsən? Deyir hər il fılan qədər olurdu, ancaq bu il ondan üç dəfə çox gözləyirəm. Ağsaqqal cibindən kibrit çıxarıb zəmiyə od vurur. Kasıb kişi başlayır başına döyüb ağlamağa. Ağsaqqal deyir: gözüvün qorasını sıxma. Г‡uvallaruvu götür, bu zəmidən nə qədər taxıl gözləyirdinsə, gəl mənim anbarımdan apar. Ancaq bir də belə qələti eləmə. Kənddə sənin “təcrübəni” təkrar edənlər tapılsa, axırda camaat ac qalar.
BROVDAL KARTOFU SƏRGİDƏ
– Onda ki, Xəlilli dərəsində böyük məhsul götürmüşdük ha,– Qüdrət baba sözünə davam edir, — o il kartof ili idi. Heç kimin yadınnan çıxmaz o il. İndi desəm ki, həmin il yetişdirdiyimiz kartoflar filan boyda idi, inanan az olar. Ancaq belə bir iş oldu ki, ona çoxları şahiddi. Rayonnan gələnnər baxıb dedilər bu kartofdan gərək İsmayıllıya aparılıb sərgiyə qoyula ki, hamı görsün. Biz də dedüy, indi ki, elədi, qoy eləsin yığaq ki, heç çuvala doldurmaq lazım gəlməsin. Seçdüy kartofların yaxşısınnan, yığduy sicimin üstünə odun kimi, belin bağlıyıb göndərdüy rayona. Bütün kəndlərdən tamaşasına gəlmişdilər o kartofun. Əyər sözümə şübhön var, İsmayıllıda o vaxt qulluqda olanlardan soruş, təsdiq eləsinnər.
KARTOF Г‡ÖRƏYİ
– Eşitmiş olarsan, hər yerdə deyəllərdi ki, kartof ikinci çörəydi. Onu elə-belə demiyiblər. Kartof yetişdirməyi öyrənənnən sora biz həmişə onnan çörəy də bişirmişüy. Ona görə də çox vaxt kartof bizim birinci çörəyimiz olub. Bəlkə heç çox adam indi də bilmir ki, kartofdan çörəy bişirməy olar. Qoy bir dəfə bişirib baxsınnar dadına, görsünnər necə olur. Deyirsən hardan tapsınnar bir o qədər kartofu? O, düz sözdü. İndi bir kilo kartof yeddi kilo unun qiymətinədi, əyər o da tapılsa. A kişi, bu da ətdi, yağdı ki, yüz cür bəhanə eləsinnər? Bu torpaq, bu da toxum, ək, yetişdir də.
Hə, sözüm yarımçıq qaldı. Kartof çörəyinnən danışırdım. Qoy deyim qaydasın necə bişirillər kartofdan çörəyi. Bəlkə adamlar bir dəfə bildilər qədrin o məhsulun, əkib-yetişdirməyə qəsd qoydular.
Kartofu çıxardannan sora onu ayrı-ayrı çeşidlərə ayırarduy. Satmalısın bir yana, yeyilməlisin də bir yana. Toxumluğu da elə onda ayırıb götürərdüy. O lap xırdası ki var, onnan çörəy bişirərdüy. Xırda kartofları tökürsən böyük qazana, qoyursan odun üstünə. Həll bişir orda. Sora üstünə az-az su tökməynən bişmiş kartofu keçirdirsən aşsüzənnən. Qabığı çıxıb qalır bu üzdə. Bir az iri kartoflarısa qabığın soyub təknədə qəlindəsöynən (“qəlindəsö” –“ “kartofəzən” deməkdir –“ M.M.) əzirsən. Unu da əliyirsən üstünə. Sora acıtmanı vurub xəmir yoğurursan. Xəmiri gələndə kündələ, yap təndirə. Gör nə çörəylər alınır da! Bəh-bəh! Elə yavannığı da özindədi də. Qoy bir ay qalsın çörəy qutusunda, gör quruyarmı?
MƏNİ TORPAQDI YAŞADAN
Kartof olmaseydi, bəlkə mən bu yaşa gəlib çıxmazdım. Demirəm ki, kartof yeməynən çox yaşamışam. Kartof sahəsində işdəməynən! Bax, düz igirmi beş sota həyətim var. Özüm belliyirəm, özüm əkirəm. Şübhön varsa, budey kişilər oturub burda qulaq asıllar. Qoy desinnər ki, ikinci bir adam işdiyib mənim bostanımda. Özüm suluyuram, özüm becərirəm. Kartofun da çıxardıb yığıram içəri. Uşaqlar Bakıda olullar. Lap burda olsalar da, hər işi öz əlimnən görməsəm, canıma yatmaz. 112 yaşımacan belə gəlib çatmışam. Xəstəlik nə olduğun bilməmişəm. Təkcə gözdərimi apres eliyiblər bir-iki il bunnan qabaq. İndi əvvəlkinnən yaxşı görür.
İnişil kartofu çıxardıb tökdüm evə, getdim Bakıya, uşaqların yanına. Heç bilmirdim nə qədər kartof var orda. Qayıdanda, qardaşoğlu Balabəy dedi ki, 950 kilo satmışam kartofdan. Budey, Tarı şahıdıdı oturub burda. Sora 5-6 yüz kilo da özüm satdım. Hələ mən təkcə satdığımızı deyirəm. Yediyimiz, uşaqlarçın gedən, pay göndərilən hesabda döyül. Bir həyətdən bu qədər olursa, gör bir qolxoz nələr eliyə bilər! Hesabuvu götür də…
Hə, oğul, torpaq belə şeydi. Qulluq elə ona, nəzərdən salma, o da yaşatsın səni; həm məhsuluynan qarnuvu doyursun, həm də zəhmətiynən sağlamlığuvu qorusun. Mən ki iman gətirmişəm torpağa. Г‡ox yaşamağımın da səbəbini ancaq torpağnan əlləşməydə görürəm. Elə ki əlim torpaqdan üzüldü, qiyamət onda qopacaq mənimçün…
Sözün tamamı: Söhbətimizə Qüdrət baba ilə başlamışdıq, elə onunla da qurtarmaq istəyirəm. Başlanğıcda məqsədim Qüdrət baba haqqında oçerk yazmaq idi. Söz-sözü çəkdi, bu mətləb uzandı. Və məlum oldu ki, istəsək, rayonumuzun hər kəndi barədə bir kitab bağlamaq olar. Ancaq oxucuların səbir və etimadını sınaq qarşısında qoymaq istəməzdim. Hərçənd söhbətin gedişində mənə əlavə mövzular verməklə mətləbin uzanmasına da onların özləri səbəb oldular. El-oba söhbətlərindən eşitdiklərimiz tükənməyib.
Hələlik bu qədər.
Məmməd Mirzə,
Azərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü

Şərh Yaz