“Kanadadakı azərbaycanlılar gözdən uzaq gəzirlər”

Ailəsi əslən İsmayıllı rayonunun Mücü kəndindəndir. Həmyerlimizlə fəxr edirik. Halal olsun. Əksər kişilərin edə bilmədiyini bu xanım edir.
Bu xanımın fəaliyyəti sosial mediadan, verdiyi müsahibələrdən diqqətimi çəkib. Bizim bəzi diaspor qurumlarımız kimi yaşadığı yerdə baş verənlərə səssiz qalmır, ailə qurub köçdüyü uzaq Kanadada əsl Azərbaycan təəssübkeşliyi nümayiş etdirir. Ölkəmizi təbliğ eləmək üçün dəridən-qabıqdan çıxır. Məhdud imkanları ilə nə isə eləməyə çalışır.
“Kanadadakı azərbaycanlılar gözdən uzaq gəzirlər”
“Kanadadakı azərbaycanlılar gözdən uzaq gəzirlər”
“Kanadadakı azərbaycanlılar gözdən uzaq gəzirlər”
Azadinform-un müsahibi Kanadada yaşayan həmyerlimiz Rəna xanım Müslümovadır. Bizim bəzi üzdəniraq qurumların edə bilmədiyini edən, soyuq Kanadada Azərbaycan adını tanıdan xanım.
– Rəna xanım, gəlin sizi bir az tanıyaq. Harda dünyaya gəlmisiniz, harda böyüyüb boya-başa çatmısınız?
– Bakıda doğulmuşam. 2007-ci ildən də Kanadanın Monreal şəhərində yaşayıram.
– Xaricdə yaşama səbəbiniz nədir?
– Ailə qurmaq. Yoldaşım məndən əvvəl burda yaşayırdı. Ona görə də ailə qurandan sonra mən də bura köçməli oldum. Əslində heç vaxt Kanadada yaşamaq arzum olmayıb, nəinki Kanada, ümumiyyətlə, heç vaxt dünyanın başqa bir ölkəsində yaşamaq istəməmişəm. Bu bir alın yazısıdırmı, qismətdirmi bilmirəm. Ailəm də razı deyildi. Anam hələ də deyir, uşaqlar bir az böyüsün, köç gəl Azərbaycana. Burda üç balam böyüyür. Leyla, Fərid, Nilufər.
– Vətən uzaqda deyil ki? Soyuq Kanada Odlar yurdunun yerini verirmi? Həsrətə necə dözürsünüz? Musiqi ehtiyacı, dost-tanış ehtiyacı, qonşular… Heç elə olubmu ki, bunlardan ötrü darıxasınız?
– Həsrət–¦ Mən 2007-in aprelin 2-də gəldim Monreala. Bir həftə sonra başladım ağlamağa, mən burda qalmaq istəmirəm, səhv eləmişəm, evimizə qayıtmaq istəyirəm. Hətta çamadanlarımı da yığdım. Bilet sifarişi üçün agentliklərə zəng edirdim. İki-üç ay beləcə keçdi. Anam üçün çox darıxırdım. Ailəm üçün, doğmalarım üçün. Yad bir ölkədə, yad insanların əhatəsində bu, çox çətin idi. Sonralar kursa gedib dil öyrəndim. Əvvəllər dadıma Azərbaycan televiziyası çatırdı, bütün verilişlərinə baxırdım. Muğam müsabiqəsini izlədim. Ömründə muğama qulaq asmayan adam, indi muğam dinləyirdim. Sanki məlhəm olmuşdu. Ən çox da Güllü Muradovaya və balaca Elməddin İbrahimova pərəstiş edirdim. Onlar da qalib gəldilər. İnternet dadımıza çatır. “Youtube”dan həm musiqlərimizi, həm filmlərimizi izləyirik hamılıqla. Yeri gəlmişkən bir iradımı bildirmək istəyirəm. Bu, bəlkə də kiminsə işinə qarışmaq kimi olacaq, amma Azərbaycan adına hansısa videonu yerləşdirəndə düşünün ki, Azərbaycandan kənarda yaşayanlar, bu mədəniyyətdən xəbərsiz olanlar siz necə təqdim eləsəniz o cür qəbul edəcək. Ona görə də səhv eləməyə haqqınız yoxdur. Məsələn, məndən Azərbaycan toyu və adətləri haqqında, toyda rəqslər haqda soruşanda “youtube”dan Azərbaycan toylarının videolarını axtarıb tapıram, amma o möhtəşəm zallarda, füsunkar şadlıq evlərində, zövqlə geyinən insanlar xarici musiqiylə rəqs edirlər. Gəl indi bir ingilisə sübut elə ki, bu Azərbaycan toyudur. İngilis Azərbaycan toyunda öz dilində mahnı dinləyir. Nə qəribədir, elə deyilmi?!
Mən hələ elə bir ingilis, elə bir amerikalı, elə bir kanadalı, ümumiyyətlə bir qeyri-millət tanımıram ki, öz toyunun reklam çarxını Azərbaycan musiqisi fonunda versin. Niyə bu toy edənlər utanır öz musiqimizdən? Gəlin “Vağzalı” havası yerinə başqa musiqi ilə çıxır. Bilirsinizmi, elə şeylər var ki, onlar toxunulmaz qalmalıdır. Düzdür, bu başqa mövzudur, amma yeri gəlmişkən, fikrimi bildirdim.
Bakıdakı dostlarım üçün çox darıxıram, onların yerini heç kim vermir. İllərin sınağından keçib bu dostluqlar.
– Kanadada dostlarınız yoxdurmu?
– Əlbəttə var. Burda da özümə yeni dostlar tapmışam, vaxtaşırı görüşürük. Nə qədər də kandalı olsaq da öz millətimizin yerini heç kim əvəz edə bilməz. Aydındır ki, hərə öz xarakterinə, dünya görüşünə uyğun insanlarla daha sıx əlaqədə olur. Bir də burda məkan məsələsi mühüm rol oynayır. Şəhər böyük, məsafə uzaq.
– Rəna xanım, Azərbaycandan kənarda ölkəmiz necə təmsil olunur?
– Kanada böyük ölkədir. Provinslərdən ibarətdir. Azərbaycanlılar isə ən çox Ontario provinsində, Toronto şəhərində sıx məskunlaşıblar. Həmçinin Alberta provinsi, Edmonton və Kalqari şəhərlərində, Vankuverdə, Ottavada və Monrealda da çoxlu azərbaycanlı yaşayır. Sadaladığım bu şəhərlərdə Vətənini sevən və onu tanıtmağa çalışan, bunu da çox gözəl bacaran həmvətənlərim var. Bir çoxunu şəxsən tanıyıram. Bəzilərinin fəaliyyətini isə sosial şəbəkələrdən izləyirəm, onlarla “online” dostam.
– Siz necə? Bu istiqamətdə nə kimi işlər görürsünüz?
– Müxtəlif şəhərlərdə baş verən tədbirləri, bayramları, bizimkilərin iştirak elədiyi festivalları tanıtmaq, təbliğ eləmək məqsədilə sosilal şəbəkələrin birində qrup açmışam. Kanadada yaşayan bütün azərbaycanlıları uğurlarını, diaspor fəaliyyətlərini, müxtəlif festivallarda iştiraklarını və yaxud planlaşdırılan hər hansı bir tədbiri burda paylaşıram.
– Rəna xanım, Azərbaycandan kənarda yaşayan biri olaraq diaspor fəaliyyətindəki əyər-əskikləri necə xarakterizə edərdiz? Nə eləmək lazımdır ki, həqiqətləri olduğu kimi çatdıraq? Məlum erməni lobbisi bizdən qat-qat güclüdür…
– Mən Monrealdan deyim, burda yaşayan azərbaycanlıların 30-35 faizi daha çox aktvdir, daha çox can yandırır. Qalanları gözdən uzaq gəzirlər.
Biz nə ediriksə, Azərbaycan adına edirik. Onlar gəldi-gedərdi. Bizim burada balalarımız böyüyür. Nə olsun Kanadada doğulublar, onlar da Azərbaycanın bir parçasıdır. Onlara biz əmanət kimi ötürməliyik bu Vətəni. Əgər biz bu gün Vətəndən küssək, sabah bizim övladlarımızı nə gözləyər? Onlar bizdən Vətənə sevgi bəsləməyi öyrənməlidirlər. Erməni lobbisinə gəlincə, burda dünyanın hər yerində yaşayan ermənilərin bir araya gəldiyi böyük erməni məktəbi var. Bir faktı qeyd edim: bu yaxınlarda Suriyadan Kanadaya minlərlə qaçqın gəldi. Onların böyük əksəriyyəti Suriya erməniləri idi. Xəbər proqramlarında hətta bu haqda bir neçə dəfə xəbər yayımlandı. Və burda olan erməni məktəbləri həmin o suriyalı ermənilərin gəlişi üçün hər şərait yaratmışdılar. Hər il aprelin 24-də yalançı erməni soyqrımını bütün dünyaya yaymaq üçün yüzlərlə erməni Kanadanın paytaxtı Ottava şəhərinə, Parlament binasının qarşısına yığışır. Oradan isə Türkiyə səfirliyinin qarşısına gedirlər. Monrealda, Ottavada və Torontoda yaşayan türklər də Ottavada ermənilərin qarşısına çıxıb bu yalana qarşı etiraz aksiyası keçirirlər. Son üç ildə mən də bu aksiyalara qatılmışam. Keçən il iki avtobus azyaşlı erməni uşaqlarının bu aksiyaya gəldiyini gördüm. Onlar aprelin 24-də bir nəfər kimi Ottavaya yığışır. Məqsədləri də Türkiyənin bu genosidi qəbul edib onlara təzminat ödəməsidir. Ermənistan dünyanın hər yerində yaşayan ermənilərin pulu hesabına ayaqdadır. Bir tanışımın iş yoldaşı ermənidir. Onun dediyinə görə, həmin eməni özü bir dəfə narazılıq edib ki, biz nə vaxta qədər işləyib onlara pul göndərməliyik? Niyə öz boğazımızdan kəsib onlara verməliyik?
Həmin aksiyalara qayıdım. Bu il qondarma soyqırımının 101 illiyində parlament binasından Türkiyə səfirliyinə qədər Ottava küçələrini Türkiyənin və Azərbaycanın bayraqları bəzəmişdi. Türklər çox böyük bir bayraqla Parlament binasının qarşısından Türkiyə səfirliyinin qarşısına qədər yeridilər. Biz də həmişə olduğu kimi öz Azərbaycan bayraqlarımızla bü yürüşə qatıldıq. Bu dəfə Torontadan çox sayda azərbaycanlı gəlmişdi. Elə həmin möhtəşəm bayrağı da onlar gətirmişdi. “Azerbaijanis in Canada” qrupumda o aksiyalardan foto və videolar paylaşmışam. Bizm üçün çox qürurverici bir hadisə idi. İlk dəfə idi ki, dünyanın iki ən gözəl bayrağı Ottava şəhərini bəzəyirdi.
– Orda yaşayan azərbaycanlıların arasındakı münasibət necədir? Sizi qane edirmi?
– Düzünü deyim ki, yox. Bəzən çoxları soyuq münasibət göstərir, onları yalnız Novruz bayramına həsr edilmiş tədbirlərdə görmək olar. Digər hallarda ortada yoxdurlar. Mən Ottavada yaşayan azərbaycanlıların çoxunu tanıyıram. Hər il səfirliyin Həmrəylik gününə həsr olunmuş tədbirdə, Novruz şənliyində, eləcə də 28 May – Respublika Gününə həsr olunmuş ziyafətdə onlarla görüşmək şansımız olur. Eyni ilə, Torontoda yaşayan azərbaycanlıarın ən fəal diaspora üzvləri ilə də həmin tədbirlərdə görüşürük.
– Yaşadığınız yerdəki azərbaycanlıların yerli xalqla münasibəti necədir?
– Normal. Bizim xalq mehriban xalqdır. Kanada dünyada ən çox miqrant qəbul edən ölkələr siyahısındadır. Hər bir xalq da həm öz milli adət-ənənəsini qoruyur, həm də kanadalılaşır. Yəni hamı qanuna riayət etmək məcburiyyətində qalır. Sarı işıq, piyada keçidi, avtomobillərdə uşaqlar üçün nəzərdə tutulan uşaq kresloları və s. bunlar normal həyat tərzinə çevrilir. Maşını düzgün saxlamasan 175 dollardan başlayan cərimə, sürücünün yanındakı sərnişin kəmərini bağlamasan onun öz cəriməsi və s. Ən çox da park yeri cərimələri və ya sürət cəzaları hamısı işləyir. Bütün miqrantlar bu imtahandan keçib deyə istər-istəməz qanuna riayət edirlər və kanadalı olurlar. Balaca bir epizod danışım: Mən Monrealda, Brossard rayonunda (Bakıda Nərimanov, Yasamal olduğu kimi) klinikaların birində Brossard merini (Paul Leduc) hamı kimi nömrə götürüb öz növbəsini gözləyən gördüm. Mühafizəçiləri də yox idi, sakitcə oturub öz növbəsini gözəyirdi. Təsəvvür edə bilirsinizmi, öz rayonunun klinikasında?! Biz axı belə mühitdə böyüməmişik. Avtobusa minəndə sürücü salamlaşır hamıyla, düşəndə yaxşı yol deyir və sərnişinlər də təşəkürünü bildirir.
– Bizim yeməklərdən danışaq. “Fast-food”la bəslənənlərin bizim dolmamıza münasibəti necədir?
– Burada Azərbaycan restoranı yoxdur, İran və Türk mətbəxi var. Mən burda kulinariya festivalının keçirilməsini çox istəyirəm. Təsəvvür edə bilirsinizmi, milli musiqimiz səslənir, rəqslərimiz nümayiş olunur, milli suvenirlər və xalçalarımız, rəssamlarımızın əsərləri və milli kulinariyamız, yeməklərimiz təqdim olunur kanadalılara. Və bütün bunlar Kanadanın ən böyük şəhərlərində silsilə şəkildə keçirilir. Nə gözəl olardı, elə deyilmi? Amma bu, hələ ki, arzu olaraq qalır.
– Ən böyük arzunuz nədir? İdeyalarınızın həyata keçməsi istiqamətində–¦ Axırıncı dəfə nə vaxt gəlmisiniz Bakıya?
– İki dəfə Bakıya getmək imkanım olub. 2010 və 2013-cü illərdə. Qızım deyir, gəl, hər yay gedək Bakıya. Ora yaxşıdır. Mənim də ən böyük azrumdur hər il ad günümü anamın yanında, Vətənimdə keçirim. Ən böyük azrum yox, arzularım var, Monrealda yayda bir çox festivallar olur. Г‡ox istərdim ki, Avropanın bir çox şəhərlərində olduğu kimi, Kanadanın da şəhərlərində Azərbaycan günləri keçirilsin. Dünyanın bütün millətlərinin yaşadığı bir ölkədə bunu etmək, bütün dünyaya Azərbaycanı tanıtmaq deməkdir. Nəzərə alsaq ki, Kanadada yaşayan yerli əhalidən tutmuş, ölkədə məskunlaşan digər xalqlar da daxil olmaqla Azərbaycanı heç kim tanımır, ümümiyətlə ilk dəfə Azərbaycan sözünü burda yaşayan azərbaycanlılardan eşidir, bu tədbirlərin keçirilməsi vacibdir.
– Azərbaycana sözünüz…
– Dünyanın hər bir yerində yaşayan hər bir azərbaycanlımıza uğurlar diləyirəm. Hər bir azərbaycanlı kimi Vətənimizi azad, firavan görmək istəyirəm. Hər bir azərbaycanlı kimi ən böyük arzum tezliklə işğal altında olan torpaqlarımızı düşməndən azad olunmuş görmək istəyirəm. Günahsiz insanlarımızın axıdılan qanı yerdə qalmamalıdır. Vətənə canımız fəda, qanımız halal deyirik. Amma o qanımız tökülən, canımız alınan torpaqlarda bu gün düşmən at oynadırsa, bu bizə ən böyük ləkədir, ən böyük utancımızdır. İnanıram ki, tezliklə şəhidlərimzin qanı alınacaq, Azərbaycan bayrağı işğladan azad olmuş bütün rayonlarımızda dalğalanacaq. Sonda Amerikanın sabiq prezidenti Con Kennedinin “Soruşma ki, Vətən sənin üçün nə edə bilər, soruş ki, sən Vətən üçün nə edə bilərsən” ifadəsini sitat gətirmək istəyirəm. Ölkədən kənarda yaşayan azərbaycanlılar unutmamalıdırlar ki, onlar azərbaycanlıdırlar və bununla fəxr etməlidirlər. Həmişə demişəm, deyəcəyəm də, biz bir olanda güclüyük.
Bir olaq, var olaq!
Vətənə salam!
Nigar İsfəndiyarqızı

Şərh Yaz