Müəllim-şagird münasibətləri

Müasir dövrün problemləri içərisində insan münasibətləri xüsusi yer tutur. Şəxsiyyətlərarası münasibətlər insanın psixi sağlamlığına, əmək məhsuldarlığına, yaradıcılıq uğurlarına ciddi təsir edir. Müxtəlif ailələrdə, kollektivlərdə baş verən və bəzən uzun müddət davam edərək normal psixoloji iqlimin yaranmasına mane olan, əmək məhsuldarlığını, işin keyfiyyətini aşağı salan, yaradıcılıq axtarışlarının səmərəsini azaldan bir çox konfliktlərin səbəbi də məhz insan münasibətlərində yaranmış problemlərdir. Bu münasibətlər pedaqoji prosesin tamlığında da əhəmiyyətli rol oynayır.
Müəllim-şagird münasibətləri
Müəllim-şagird münasibətləri
Müəllim-şagird münasibətləri
Son illər təlim-tərbiyə prosesində təhsilin mühüm şərtlərindən biri olan müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi diqqət yetirilir. Г‡ünki təlimin keyfiyyəti, səmərəsi bu münasibətlərdən çox asılıdır.
Məktəbdə bu münasibətlərin şəbəkəsi kifayət qədər genişdir. “Müəllim-müəllim”, “müəllim- valideyn”, “şagird-şagird”, “şagird-valideyn” münasibətləri və s. əhatə edir. Lakin bu münasibətlərin mərkəzi, sistemləşdirici həlqəsi müəllim-şagird münasibətləri sayılır.
Təlim-tərbiyə işi iki tərəfin, öyrədən və öyrənənin arasında baş verən mürəkkəb prosesdir. Bu prosesdə hər iki tərəfin münasibəti, təlim-tərbiyə işinə, nəticə etibarı ilə təhsilin keyfiyyətinə həlledici təsir göstərir.
Müəllim-şagird münasibətlərində yaş ölçülərinin böyük əhəmiyyəti var. Məktəbəqədər və ibtidai sinif şagirdləri ilə qurulan münasibətlər, yuxarı sinif şagirdləri ilə qurulan münasibətlərdən fərqlənir. Hər bir müəllim öz fəaliyyətində bunları hökmən nəzərə almalıdır. Kiçik yaşlı məktəblilər müəllimin sözünə, tələbinə etiraz etmir. Göstəriş və tapşırıqlara sözsüz əməl edirlər. Yuxarı sinif şagirdləri isə müəllimin sözünə, tapşırıqlarına, hərəkətlərinə bir qədər tənqidi yanaşır, yeri gəldikdə bunlara münasibətini də bildirirlər. Təcrübə göstərir ki, bir çox məktəblərdə müəllim-şagird münasibətlərində yol verilən səhvlər məhz müəllim tərəfindən şagirdə göstərilən münasibətlərdə yaş həddinin nəzərə alınmamağından irəli gəlir. Bəzən müəllimlər özünü tanımış, dərk etmiş yuxarı sinif şagirdlərinə də uşaq gözü ilə yanaşır, onlarla uşaq kimi rəftar edir. Şagirdi danlayır, sinifdən çıxarır, onları müxtəlif sözlərlə təhqir edir. Bugünkü təhsil sistemində bu hallar yol verilməzdir. Müəllim-şagird münasibətləri şagirdin bir şəxsiyyət kimi formalaşmasına, inkişaf etdirilməsinə xidmət etməlidir. Müəllim şagirdlərin qəlbində böyükdür, uludur, yenilməzdir. Müəllim şagirdin qabiliyyətini, bacarığını, nəyə qadir olduğunu üzə çıxarmağı bacarmalıdır. Müəllim dəmirçi kürəsində bişən dəmir kimi olmalıdır. Sözü bütöv olmalıdır və şagirdlərə isti münasibət göstərməlidir.
Müəllimin sözünü, tələbini, qeyri-şərtsiz qəbul edən ibtidai və V-VIII sinif şagirdlərindən fərqli olaraq IX-XI sinif şagirdləri özlərini yaşlı adamlara bənzətməyə, öz şəxsiyyətlərinə hörmət etməyə meyllidirlər. Bəzi hallarda müəllimlər onların bu meylilərini nəzərə almırlar. Bu da sonradan müəllim-şagird münasibətlərinin pozulmasına gətirib çıxarır.
Əsil müəllim öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün sinif kollektivini yaxından tanımalıdır. Əgər şagirdlə müəllim arasındakı münasibət obyektiv yaradılıbsa o səmərəli nəticə verə bilər. Şagirdlərin ayrı-ayrı müəllimlərə və müxtəlif fənlərə münasibəti fərdi xarakter daşıyır. Müəllimini sevən və hörmət edən sinif kollektivi onun dərsinə də həmişə hazırlıqlı gəlməyə çalışır. Bu hal əksinə xarakter də daşıyır.
Ədəbiyyat müəllimi olduğumdan ədəbi-bədii materiallar üzərində şəxsiyyətyönümlü aparılan iş X-XI siniflərdə ön plana çəkilir. Ədəbi simaların tərcümeyi-hal dərsləri və mövzular yalnız dərslikdəki materiallar əsasında aparılmır. Burada əlavə materiallar, ədiblərin şəxsiyyəti haqında əlavə fikirlər də şagirdlərə çatdırılır. Bu da şagirdlərin formalaşmasına xidmət edir.
Şagirdin şəxsiyyətinə hörmət edən müəllimə şagirdin inamı artır. Ondan çəkinmir. Sirr saxlamır, hətta müəyyən məsələlərdə məsləhət də alırlar. Pedaqoji fəaliyyətimdə bu səpgidə apardığım işlər yaxşı nəticə verir. Bəzi müəllimlərimiz öz sərt rəftarı ilə şagirdlərdə qorxu hissi yaradır. Hər bir müəllim tələbkarlıqla yanaşı, qayğıkeşliyi də unutmamalıdır. Müəllim şagirdə dost münasibəti göstərərsə sinfin bilik səviyyəsinin artmasına səbəb ola bilər. Amma müstəsna hallar da var. Müasir dövrdə şagirdlərlə ciddi rəftar etmək, onu həmyaşıdları arasında ayağa qaldırıb danlamaq, düzgün metod hesab olunmur. İndi gəncliyin dünyaya baxışı fərqlidir. Şagird bir gün dərsə hazırlaşmayıb gəlibsə ona “2” qiymət yazmaqla kifayətlənmək olmaz. Müəllim fərdi şəkildə ona yanaşaraq qayğıkeşliklə dərsə hazırlaşmamağının səbəbini öyrənməyə çalışmalıdır. Həmin məqamda şagird bu doğmalığı hiss edər, necə olursa-olsun gələn dəfə dərsə hazır gəlməyə çalışar. Bu da hamıya şamil olunmamalıdır. Burada da müstəsna hallar var. Bu gün tədris prosesində müasir təlim metodlarından geniş istifadə ilə yanaşı müəllim-şagird münasibətləri də müasir tələblərə uyğun qurulmalıdır. Bu zəmində ancaq uğur qazanmaq olar.
Hacıməmməd Məmmədov
N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi.

Şərh Yaz