Nağıllaşan ömür

Nağılı heç sevmir qəhrəmanım, ona görə yox ki, artıq nağıl yaşında deyil. Yox, sadəcə nağıllarla yatmaq, ananın dilindən süzülən şirin-şəkər sözlərlə yuxudan oyanmaq istədiyi o əlçatmaz, ünyetməz günlərində nağıllara, şirin sözlərə həsrət qalmanın acısını yaşayır bu gün də…
Nağıllaşan ömür
Amma neyləyəsən tale elə gətirmişdi, atasını müharibə almışdı əlindən, anasını bir parça çörək qazanmaq məcburiyyəti. Beləcə, uşaq yaşında yaşca da, cismən də böyümək məcburiyyətində qalmışdı.
Atasını onlardan qoparan Sovet –“ Fin müharibəsi başlayanda –“ 1939-cu ildə cəmi 3 yaşı var idi, atasızlıq nədi, müharibə necə bir dəhşətdi anlamırdı. Uşaq idi və öz aləmində uşaqlığını, atası olmasa belə analı, bəxtəvər günlərini yaşayırdı. Bu, cəmi bir neçə ay çəkdi, Əkbər kişinin qoyub getdiyi ehtiyatlar tükəndi və anası Sürəyya xanım məcburiyyət qarşısında qalıb kolxozda işləməyə başladı. Düzdü, əsgər ailələrinə təqaüd verilirdi, ancaq bu 3 nəfərlik ailəyə yetmirdi. Üstəlik kolxozda işçi qüvvəsi də çatmırdı, işləmək lazım idi. Beləcə, Sürəyya xanım 2 azyaşlı övladını bir-birinin ümidinə buraxıb fermada sağıcı işləməyə başladı. Ailə Sovet-Fin müharibəsinin qurtaracağı, atalarının geri dönəcəyi günün intizarında ikən İkinci Dünya müharibəsi başladı və Əkbərin sorağı bu dəfə Rumıniyadan gəldi, 1943-cü ildə son məktubu –“ “qara kağızı” da elə bu ölkədən gəldi. Son ümid də belə qırıldı. Artıq Zahid xeyli böyümüşdü, məktəbli idi, yaxşı oxuyurdu, dərsdən sonra anasına kömək də edirdi. Beşinci sinifdə oxuyanda anasının ailəni dolandırmaqda çətinlik çəkdiyini görüb elə anasının sağdığı inəklərin buzovlarını otarmağa başladı, anası istəməsə belə. Əslində qəhrəmanıma “əmək kitabçası” o gündən, o tarixdən açılmalıydı, amma yazılmamış qanunlar bir çox yazılmalı olanların üstündən xətt çəkir bəzən. Zahid Əkbərovun 11 yaşında keçdiyi 2 illik əmək yolu da həyatına yazılsa da əmək kitabına yazılmır. Yeddinci sinifi qurtaranadək kolxozun buzovlarını da otarır, dərslərini də əla oxuyur. Və yeddiillik məktəbi əlaçılıqla qurtardığı üçün 1953-cü ildə Bakı Maliyyə kredit texnikumuna imtahansız qəbul olunur. 1956-cı ildə texnikumu 75 faiz əlaçılıqla bitirir və Karl Marks adına Xalq Təsərrüfatı İnstitutuna imtahansız qəbul olunma şansı əldə edir. Lakin rayonda hələ də sağıcı işləyən ana, özündən balaca məktəbli qardaş çətinliklə dolanırdı və onun köməyinə ehtiyacları vardı. Rayona qayıdır və ilk rəsmi iş yerində – İsmayıllı rayon Maliyyə şöbəsində işə başlayır, 18 avqust 1956-cı ildə əmək kitabına ilk iş əmri yazılır. Cavan olsa da Zahid Əkbərov çox intizamlı, məsuliyyətli idi, işini bilirdi, bilmədiyini öyrənməyə böyük maraq göstərirdi. Elə buna görə də 2 il sonra maliyyə şöbəsində Həmkarlar ittifaqı yerli Komitəsinin sədri seçilir və 1973-cü ilə kimi bu vəzifəni layiqincə icra edir. Elə buna görə də 1964-cü ildə Respublika Həmkarlar İttifaqı Mərkəzi Şurasının qərarı ilə Moskva qiyabi ali həmkarlar hərəkatı məktəbinə oxumağa göndərilir. Zahid Əkbərov 11 il Dövlət Əmək Komitəsinin İsmayıllı rayonu üzrə müvəkkili, 1 il Rayon İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri, 7 il Rayon İctimai Təminat şöbəsinin müdiri vəzifələrində işləyib. Harada işləməsindən asılı olmayaraq həmkarlar təşkilatlarındakı işini arxa plana keçirtməyib, əksinə. Elə buna görə də Həmkarlar ittifaqlarındakı iş stajı üst-üstə nə az, nə çox düz 57 ildir, el arasında deyildiyi kimi –“ bir igidin ömrü. Elə Zahid Əkbərov da bir igid ömrü yaşayıb. Harada işləməsindən asılı olmayaraq həmişə rayonun ictimai siyasi həyatında böyük rol oynayıb, elinin təəssübünü çəkib, dövlətin də, sırasından çıxdığı xalqının da etimadını doğruldub. Hələ bir arada vaxt tapıb vaxtilə arzusunda olduğu, maddi imkansızlıqdan, ailə sıxıntılarından dolayı arxa çevirib gəldiyi Bakıya da dönür, həsrətində olduğu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil də alır, ali təhsilli iqtisadçı kimi işini davam etdirir.
Zahid Əkbərov bütün həyatı boyu dövlət işi ilə yanaşı ictimai iş də aparıb, həmkarlar ittifaqı ilə yanaşı, Rayon Partiya Komitəsində plenum üzvü, Rayon Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsinin müdiri, Məhkəmədə xalq iclasçısı, Dairə Seçki Komissiyasında sədr müavini kimi ən məsuliyyətli sahələrdə bacarığını bacarıqla göstərmişdir.
İşləməkdən yorulmayan, mədəniyyəti və iş bacarıqları ilə xüsusi seçilən, fərqlənən Zahid Əkbərov 36 il Dövlət İdarəetmə orqanlarında, 24 il isə Dövlət İdarələri və ictimai Xidmət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri vəzifəsində ştatlı olaraq işləyir və avqustun 18-də bu 2 rəqəmin toplu cəmi düz 60 olacaq. Yenə bir igidin ömrü, şərəfli bir ömür…
Zahid Əkbərov bu gün yenə iş başındadı, baxmayaraq ki, artıq ömrün doqquzuncu onluğunu xərcləyir, 81 yaşındadır, ancaq ilk gündəki kimi dik, vüqarlı, əzmli və işgüzardır. Arxada qalan bu uzun, keşməkeşli illər bir tək şəvə saçlarına ağ sığal çəkib, vəssəlam. Hal-hazırda da Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri kimi işini müvəffəqiyyətlə davam etdirir. Həmişəki səliqə-sahmanla, həmişəki kimi vaxtında iş başında olur və hər günü ilk iş günü imiş kimi məsuliyyətlə başlayıb məsuliyyətlə də yekunlaşdırır.
Bu illər ərzində yaxşı işinin mükafatı olaraq çoxlu tərifnamələr, təşəkkürlər, medallar, hətta Beynəlxalq Həmkarlar ittifaqı Federasiyasının medalını alıb, ancaq ən böyük mükafatı xalqının ona bəslədiyi hörmət və ehtiramdır. Cavanlığından –“ qarasaçlı günlərindən həmkəndliləri, kollektiv üzvləri arasında ağsaqqal kimi qəbul edilən, sözü eşidilən Zahid Əkbərov bu gün də rayonunun tanınan, seçilən ağsaqqallarındandır. Böyük bir ailənin başçısı olan Zahid müəllim 5 övlada, 8 nəvəyə, 3 nəticəyə də nəslin ağsaqqalı kimi şərəflə böyüklük edir. Balaları, nəvələri hamısı ali təhsillidirlər, dövlətə, dövlətçiliyə sadiq insanlardırlar.
Hər gün mütaliə edən, fiziki işi sevən dövlət qulluğu veteranı Z.Əkbərov balalarına, onu eşidənlərə həmişə həyatda Allahı başının üstündə görməyi, dövlətin başçısına, rayonun rəhbərinə, ailənin başçısına, iş yerində müdirə hörmət göstərməyin vacibliyini dönə-dönə vurğulayır.
… 81 illik ömür yolu, 60 illik əmək fəaliyyəti –“ boş keçməyən, hədər yaşanmayan bir ömür. Hər günü, hər ili ehtiramla xatırlanacaq zəngin bir ömür, nağıla həsrət birinin əzmi ilə, iradəsilə nağıllaşdırdığı nümunə bir ömür… hələ yaşamağa dəyər!
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz