İsmayıllı rayonu üçün nə etmisiniz?

3 ildən artıq bir müddətdir ki, İsmayıllı rayonunda başlamış tikinti-quruculuq, abadlıq işləri ara vermədən davam etdirilir. Rayon sakinləri bu qədər yeniliyi gördüklərinə görə sevinir, işlərin davamlı olmasını arzulayırlar.
İsmayıllı ölkəmizin gözəl təbiətə, iqlimə malik bölgələrindən biridir. Qədim tarixə malik olan, sənətkarları, elm xadimləri, əmək adamları ilə tanınan rayonumuzun adı hər yerdə həmişə hörmətlə çəkilib və bu gün də belədir. İllərdən bəri formalaşan bu həqiqəti yaşatmaq və daha da inkişaf etdirmək isə İsmayıllıdan olan hər kəsin borcudur.
İsmayıllı rayonu üçün nə etmisiniz?
Tikinti meydançasını xatırladan İsmayıllıya Prezident İlham Əliyevin son 3 səfəri və bu səfərlər zamanı görülmüş işlərə görə razılıq ifadə etməsi göstərir ki, burada işlər planlı şəkildə, əhalinin istək və arzuları, rahatlıqları nəzərə alınmaqla aparılır.
Sözün yaxşı mənasında gündə-günə simasını dəyişən İsmayıllıda asfaltlaşdırılan, işıqlandırma sistemi ilə təchiz olunan küçələr, salınan yaşıllıqlar, meydanlar, istirahət parkları onun tez bir zamanda böyük turizm potensialı olan bir məkana çevriləcəyindən xəbər verir. Tikilən istehsal müəssisələri, yaradılan iş yerləri, bir vaxt gözünü sosial yardıma dikənlərin faydalı əməklə müntəzəm məşğulluğu onu göstərir ki, yaxın gələcəkdə İsmayıllıda yaşayış səviyyəsi kifayət qədər yüksələcək və hər kəs yaxşı yaşamaq üçün yaxşı işləməyin meyar olduğunu dərk edəcəkdir.
Bu gün gedən quruculuq, ümumxalq işlərindən kənarda duranlar, qüvvələrini, düşüncələrini gedən inkişafa sərf etməyənlər varsa və onlara qarşı seyrçi mövqeyi tuturuqsa, bizim onlardan heç o qədər də fərqimiz yoxdur.
Ziyalılarımız, ağsaqqallarımız, söz adamlarımızın ictimai qınaq obyekti olanlara qarşı fikirlərini söyləyə bilməsi vacib şərtdir. Ölkənin hər bir layiqli vətəndaşı inkişafımızı, tərəqqimizi dəyərdən salmaq cəhdi ilə orda-burda neqativ fikir formalaşdırmaq istəyənlərin layiqli cavabını verməlidirlər. Görülmüş işlər deyəcəyimiz söz, verəcəyimiz cavabdır. Yetər ki, laqeyd olmayaq.
Hər kəs bilməlidir ki, rayonda görülən işlər hamımız, ictimaiyyət –“ mənim, sənin, onun üçündür.
Belə isə, tikilib-qurulanları qorumalı, iş görənləri daha çox iş görməyə ruhlandırmalıyıq.
Qəzet redaktoru kimi rayonun əksər yaşayış məntəqələrində, iştirak etdiyim çoxsaylı səyyar qəbullarda vətəndaşlar səmimiyyətlə İsmayıllı Rayon İcra hakimiyyəti başçısı Mirdaməd Sadıqovun gündəlik fəaliyyətindən razılıq edirlər. Mövcud vəziyyətə baxmayaraq nə vaxtsa, nədənsə narazı düşmüşlərin qərəzçiliklə, heç kəsə, hətta narazılıq edənin özünə belə xeyri dəyməyəcək fikirlər yaymasının da şahidi oluruq.
Bu gün sözün həqiqi mənasında Azərbaycanın mirvarisi olan İsmayıllıda həyat öz coşqunluğu, öz axarı ilə davam edir. Yaşayış tərzimiz, şəraitimiz gündən-günə yaxşılaşır. İsmayıllılar RİH başçısı M.Sadıqovun rəhbərliyi altında yeni-yeni xarüqələr yaratmaq əzmindədirlər. Bu xeyirxah fəaliyyətə dodaq büzənlərə, seyrçi mövqeyi tutanlara isə demək istəyirəm:
– Siz özünüz İsmayıllı rayonu üçün nə etmisiniz?
Şahməmməd Soltanov

Şərh Yaz