Sükan etibarlı əllərdədir və ya qabaqcıl təcrübənin ünvanı

Pıçıltılı, nəğməli bulaqlar saflığı ilə sakin axan çaylar keçdiyi yollarda cansız, quru səhralara həyat bəxş edib, gözoxşayan yaşıllıqlar güllü-çiçəkli, bağlı-bağatlı ormanlar yaratdığı üçün sevildiyi kimi, dünyaya göz açan insanlar da yaşayaraq arxada qoyduğu ömür payında, əməllərinə və qazandığı nailiyyətlərinə görə ictimaiyyət tərəfindən seçilərək sayılırlar. Peşəsindən, vəzifəsindən asılı olmayaraq əməli və fəaliyyəti ilə xalqına, dövlətinə xeyir verməyə çalışanları əsil vətəndaş kimi tanıyır həm də ürəkdən sevirlər. Belə insanlardan biri Elçin Rafiq oğlu Məmmədovdur.
Sükan etibarlı əllərdədir və ya qabaqcıl təcrübənin ünvanı
Sükan etibarlı əllərdədir və ya qabaqcıl təcrübənin ünvanı
Sükan etibarlı əllərdədir və ya qabaqcıl təcrübənin ünvanı
Elçin Məmmədov 1976-cı ildə İsmayıllı rayonunun Gideyli kəndində dünyaya göz açıb. Gideyli ibtidai və Kürdeldarbəyli tam orta məktəblərində təhsil alıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 2001-ci ildən əmək fəaliyyətinə başlayıb. Dövlətə və dövlətçiliyə sədaqətli, bu vətənpərvər gənc 1994-cü ilin yanvar ayından 1997-ci ilin oktyabr ayına qədər döyüş bölgəsində Tərtər və Ağdam rayonları istiqamətində hərbi xidmətdə olub. Nümunəvi xidməti ilə seçilib, komandirlərinin, əsgər yoldaşlarının dərin hörmətini qazanıb. Torpaqlarımızın azadlığı, düşmənlərdən təmizlənməsi sahəsində aparılan hərbi əməliyyatlarda uğurla iştirak edib.
Əmək fəaliyyətinə 2004-cü ilin noyabr ayının 24-dən başlayıb. Yenicə istifadəyə verilmiş şəhər 5 nömrəli tam orta məktəbində direktorun tərbiyə işləri üzrə müavini vəzifəsində çalışıb. 2008-ci ilin avqust ayından İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinə direktor vəzifəsinə irəli çəkilib. O işlədikcə, yüksək təşkilatçılıq qabiliyyəti də onun xeyrinə işləyib. E.Məmmədov 2011-ci ildən şəhər 5 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təsdiq olunub.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbi 24 noyabr 2004-cü il tarixindən fəaliyyətə başlamışdır. Məktəb binası 480 yerlikdir. Fəaliyyətə başlayanda 549 şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olmuşdur. Hazırda məktəbdə 487 şagirdin təlim-tərbiyəsi ilə 72 nəfər müəllim məşğul olur. Məktəbdə dərslər iki növbəli və altı günlük iş həftəsi üzrə aparılır.
Fəaliyyətə başladığı gündən indiyədək kollektiv çoxsaylı uğurlara imza atmışdır. İndiyədək məktəbi 709 şagird bitirmişdir ki, bunlardan da 301 nəfəri ali məktəblərə daxil olmuşdurlar, 43 nəfəri qəbul zamanı 600-dən yuxarı bal toplamışdır. Bu il isə məzunlardan biri 700 bal toplayaraq, məktəbin adını daha da yüksəltmişdir.
Məktəbdə bu gün sükanın layiqli əllərdə olduğunun şahidiyik. Məktəbin ilk direktoru olmuş, rayon ağsaqqallarından biri, təhsil veteranı olan Fərman Bəşirovun yaxşı ənənə qoyduğu məktəbdə nailiyyətlər inkişaf etmiş, məzunların, şagirdlərin, müəllimlərin sorağı neçə-neçə ünlü yerlərdən gəlir. Məktəbin şagirdləri müxtəlif yerli, respublika əhəmiyyətli, beynəlxalq layihələrdə iştirak edir, onların qalibi olur, müxtəlif təltiflərə layiq görülürlər.
Məktəbin direktoru Elçin Məmmədov dəfələrlə Təhsil Nazirliyinin, Respublika Həmkarlar Komitəsinin, rayon İcra Hakimiyyətinin Fəxri-fərmanını alıb. Digər təltifləri, tərifnamə, diplom və qiymətli hədiyyələr də az deyil. E.Məmmədovun rəhbərlik etdiyi məktəb iki dəfə – 2010-cu və 2015-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı Ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 10 000 manatlıq pul mükafatına layiq bilinməsi təhsil ocağında işlərin düzgün qurulmasından, təlim-tərbiyənin yüksək səviyyədə olmasından xəbər verir.
Məktəbdə heç kəs təkbaşına yüksək uğur qazana bilməz. Əlbəttə, pedaqoji kollektivdə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə hər kəsi səfərbər etmək vacibdir. Məktəbdə son illər ürəkaçan, tərifə layiq çox işlər görülüb. Elə son faktı diqqətə çatdırmaq yetərlidir ki, məktəb haqqında müsbət fikirdə olasan. IV qrup üzrə 700 bal toplamış məktəbin məzunu Lətifov Ağalətif İsaq oğlu məktəbi qızıl medalla bitirib. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub. Oxuduğu illərdə o, dəfələrlə olimpiadalarda müxtəlif müsabiqələrdə fəal iştirak etmiş, yüksək yerlər tutub. Onun yüksək müvəffəqiyyət qazanmasında Fənn müəllimləri Elçin Məmmədov, İlahə Bağıyeva, Nazənin Həsənova, Samirə Həsənova və Elvüsal Babayevin böyük əməkləri olub. Müəllimlər Ağalətifə arzusunu reallaşdırmaq üçün bütün köməklikləri göstəriblər. Qeyd edim ki, Ağalətifin göstərdiyi nəticə İsmayıllı rayonunun təhsil tarixində ilk dəfədir. TQDK-nin statistik məlumatlarına görə məktəb 2008-ci ildən bu günə kimi ali məktəblərə tələbə qəbulundakı göstəricilərinə görə Respublikanın ən yaxşı məktəbləri sırasındadır. Məktəbin 3 məzunu Prezident təqaüdçüsüdür. 3 məzun isə son illər məktəbi qızıl medalla bitirib. Məktəbdə 29 sinif otağı, iki laboratoriya, 3 kompyuter kabineti, 9 fənn kabineti var. Məktəbin zəngin kitabxanası, tarix-diyarşünaslıq muzeyi, bufeti, idman zalı, fərdi istilik sistemi, tədris-təcrübə sahəsi var. Məktəbdə 67 kompyuter, 5 elektron lövhə, İKT avadanlıqları var. Məktəbdə şagird özünüidarə orqanları, məktəb şurası, əməyin mühafizəsi üzrə komissiya fəaliyyət göstərir. Məktəb 2010 və 2015-ci illərdə əməyin mühafizəsi, iş şəraitinin yaxşılaşdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi sahəsində gördüyü müsbət işlərə görə RTŞ və TİAHİ RK tərəfindən qiymətləndirilib.
Məktəb, təhsil sektorunun inkişafı layihəsi üzrə iki qrand layihəsində qalib gələrək 10.000 ABŞ dolları məbləğində vəsait əldə etməklə, məktəbin maddi-texniki bazasını xeyli zənginləşdirib.
Məktəbdə yenilikçi, qəlbinin hərarətini işə verən müəllimlər çoxdur. Tarix fənnini tədris edən Əməkdar müəllim Ramiz Baloğlanov, fizika fənnini mükəmməl bilənlərdən Qabaqcıl təhsil işçisi Nazənin Həsənova, Azərbaycan dili və ədəbiyyatı fənnini ustalıqla tədris edən Yasəmən Ağayeva belələrindəndir. Onlar dünyanın məşhur təhsil müəssisələri ilə əməkdaşlığa çox ciddi önəm verirlər. Bu gün pedaqoji kollektiv qarşısında təhsilin səviyyəsini yüksəltmək, böyüməkdə olan nəsli yeniliklərin tətbiqinə hazırlamaq, proqram materiallarının şagirdlər tərəfindən qavranılmasına, onların dünya görüşünün formalaşmasına diqqəti artırmaq kimi məsul vəzifə qoyulub. Artıq yarandığı gündən bəri məktəbin kollektivi kompyuter vasitəsi ilə təhsilin keyfiyyətini yüksəltmək üçün çalışır, bu sahədə müəyyən uğurlar da əldə edib. Novator müəllimlər həm nəzəri, həm də praktiki işdə digər həmkarlarına köməklik göstərirlər. Məktəbin direktoru Elçin Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayon üzrə nümayəndəsidir. Yaranmasının ikinci ili tamam olan Bilik Fondunun çoxsaylı layihələri məktəbdə güclü insan kapitalının formalaşdırılmasına xidmət edir. Fond struktur etibarı ilə “Ölkədaxili layihələr”, “Beynəlxalq layihələr”, “İnformasiya təminatı”, sektorlarından ibarətdir. Məktəbdə Fondun “İl boyu bilik proqramı”, “Öyrədərək öyrənirik”, “Azərbaycan Bayrağı”, “Yazmağı bacaracaqsan”, “Məscid kitabxanası”, “Qardaşlaşmış məktəblər”, layihəsi çərçivəsində işlər aparılıb.
“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində fondun təşəbbüsü ilə məktəb Q.İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbi ilə qardaşlaşıb. Məktəbin müəllim və şagirdləri 5 nömrəli məktəbdə olmuş, təcrübə mübadiləsi aparmış, rayonun gəzməli, görməli yerləri ilə tanış olmuşlar. Elçin müəllim Azərbaycan dili və ədəbiyyatı fənnini şagirdlərə aşılamaqdan əlavə, yazılı və şifahi dil qabiliyyətinin inkişafında, məktəblilərdə fitri istedadın formalaşdırılmasında, şair və yazıçılarının əsərlərinin böyük təsiri olduğunu keçdiyi dərslərdə hər zaman vurğulayır. Şagirdləri bu ruhda tərbiyələndirir. O, həmçinin məktəbdə çalışan müəllimlərin şəxsiyyətinə, mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə əhəmiyyət verərək deyir:
– Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagörüşü, dəyərləri, Vətən sevgisi, hər bir şagirdin aldığı başlıca dərsə çevrilir. məktəbdə, təlimin yüksəldilməsində bu amilin böyük dəyəri var. Buna həmişə önəm veririk. Məktəb yaxşı ənənələrə malik elm ocağıdır. Məzunların sorağı müxtəlif yerlərdən gəlir. Hər il onlarca məzun müxtəlif ali məktəb və texnikumlara qəbul olunur. Kollektiv Azərbaycan təhsil sistemini dünya təhsil sisteminə uyğunlaşdırmaq məqsədi ilə bir sıra islahatlar həyata keçirir. İnternetlə Beynəlxalq aləmə çıxmaq, müasir texniki avadanlıqlar əldə etmək, onlardan istifadə qaydalarını öyrənməyə önəm verirlər.
Məktəbin şagirdləri inşa və rəsm müsabiqələrində mütəmadi olaraq mükafata layiq yerlər tuturlar. Dəfələrlə məktəbin “Şahinlər” və “Cəsurlar” komandaları da Respublika turunun qalibləri olmuşlar. Məktəbin idmançıları təkcə Respublikada deyil, dünya miqyaslı yarışların qalibi olmuşlar. Məhəmməd Məmmədli (ağır atletika), Vüsalə Dəmirova (cüdo), Aqil Abdullayev, Gülşən Allahverdiyeva (şahmat), misal çəkə bilərik. Gülşən Allahverdiyeva 2016-cı ildə Г‡exiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatına vəsiqə qazanıb
Məktəbin uğurları olduqca oxdur. Onları sadalamaqla qurtarası deyil. Qeyd etməyi lazım bilirik ki, sükan etibarlı əllərdədir.
Hacıməmməd Məmmədov

Şərh Yaz