Balayev Ənvər Zərbalı oğlu

İsmayıllı rayon ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ziyalı, İsmayıllı, xüsusilə də Lahıc qəsəbəsi ilə bağlı ensiklopedik biliyə malik el ağsaqqalı Balayev Ənvər Zərbalı oğlu ömrünün 96-cı ilində vəfat edib.
Balayev Ənvər Zərbalı oğlu 1920-ci il aprel ayının 7-də İsmayıllı rayonu Ximran kəndində dünyaya göz açıb. İkiaylıq körpə ikən atas vəfat edib. Özündən iki yaş böyük olan qardaşı ilə anasının himayəsində böyüyüb.
Balayev Ənvər Zərbalı oğlu
1927-ci ildə kənddən 4 kilometr aralı olan Lahıc şəhər tipli qəsəbə məktəbinin I sinfinə qəbul olunub. 6-7-ci siniflərdə oxuduğu illərdə rayonun Duvoryan kəndində yaşlı əhaliyə savad dərsləri verib.
Qəsəbə 7-illik məktəbini bitirib, 1934-cü ildə Şamaxı Pedaqoji Məktəbinə daxil olub. Buranı 1937-ci ildə bitirib.
16 sentyabr 1937-ci il tarixdə rayonun Həftəso natamam orta məktəbinə müəllim təyin olunub. İlk 3 ili sıravi müəllim, dördüncü ili dərs hissə müdiri, beşinci ili isə direktor vəzifələrində çalışıb. Pedaqoji fəaliyyəti rayonun bir sıra məktəblərində təcrübə kimi tətbiq olunub.
1942-ci ilin sentyabrında Lahıc qəsəbə orta məktəbinə fizika-riyaziyyat müəllimi təyin olunub. Burada ilk ili müəllim, sonrakı 3 ili dərs hissə müdiri vəzifəsində çalışıb.
1946-cı ilin sentyabrında rayonun Brovdal kənd 7-illik məktəbinə direktor təyin olunub. Bura gəldiyi ilk gündən məktəblə yanaşı kəndin sosial həyatında ciddi dəyişikliklərin, yeniliklərin qazanılmasına nail olub.
1946-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat ixtisası üzrə qiyabi oxumaqla ali təhsil alıb.
1950-ci ilin avqust ayında Tircan kənd orta məktəbinə direktor təyin olunub. Məktəbdə bir il müddətinə xeyli yaddaqalan işlərin icrasından sonra Lahıc qəsəbə orta məktəbinə direktor göndərilib. Ənvər müəllimin rəhbərliyi altında qısa vaxtda məktəb bir sıra uğurlara imza atıb.
1954-cü ildə Lahıc qəsəbə orta məktəbi nəzdində təhsili yarımçıq qalmış 100-dən artıq gəncin savadlanması məqsədilə qəsəbədə fəhlə-gənclər məktəbi yaradılıb. Elə həmin illərdən Lahıc qəsəbə orta məktəbinin şöhrəti nəinki Azərbaycana, həmçinin SSRİ miqyasında yayılıb.
1959-cu ildə, 1 il gecikməsinə baxmayaraq Lahıc qəsəbə orta məktəbinin 70 illik yubileyi keçirilib.
Ə.Balayevin 1937-1981-ci illərdəki pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, 1959-cu il Azərbaycan SSR-in ,”Qabaqcıl maarif xadimi“, 1973-cü ildə “SSRİ maarif əlaçısı”, 1976-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, habelə 12 medala, 20 dən artıq Fəxri fərmana, pul mükafatlarına və qiymətli hədiyyələrə layiq görülüb.
Ənvər müəllim dörd dəfə yerli sovetin deputatı, rayon partiya komitəsinin üzvü seçilib. 1960-cı ildə Respublika ziyalılar müşavirəsinin, respublika pedaqoqlarının I qurultayının, Respublika qabaqcıl təbliğatçılarının müşavirəsinin iştirakçısı olub.
1951-ci ildə Moskva, 1956-cı ildə Moskva və Leninqrad məktəblərinin iş təcrübəsini öyrənmək üçün gedən Azərbaycan heyətlərinin tərkibində olub.
1981-ci ildən fərdi təqaüddə olmaqla Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru işləyib.
Sadalananlar Ənvər müəllimin əmək fəaliyyəti barəsində məlumatlardan və əmək kitabçasına düşən qeydlərdəndir. O, bütün ömrünü gənc nəslin maariflənməsinə həsr etməklə vətənpərvər, gözəl və savadlı övladlar tərbiyə etmiş, işgüzarlığı, təmkin və uzaqgörənliyi ilə yetişən nəslin xeyirxah məsləhətçisi olmuşdur.
Ənvər Balayev “Lahıc elləri və xatirələr…” kitabının müəllifidir. Onun işıqlı xatirəsi tanıyanların xatirəsində uzun zaman yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı Rayon İcra Hakimiyyəti,
İsmayıllı Rayon Veteranlar Şurası,
İsmayıllı Rayon Ağsaqqallar Şurası

Şərh Yaz