Hardan gəlib, hara gedir bu yollar?

“Yol gedər sizə, dağlar” silsiləsindən fraqmentlər
İkinci yazı
(İxtisarla)
Qüdrət babanın sözünün davamı:
– Vaxt vardı ki, Vəxmi yolundan ot yüklənmiş at da keçə bilərdi. Yuxarı kəndlərdən gələn yolların hamısı Vəxmidə birləşirdi. Xeyli gedəndən sonra Namazgah körpüsündən keçib, indiki yolnan gedərdik Gəndo girəvəsinə. Namazgahın altındakı körpüdən isə piyada yoluna keçərdilər. Həmin yol o qədər darısqal və təhlükəli idi ki, lahıclılar adına “Rah Qəloğ” (“Qarğa Yolu” –“ M.M.) deyərdilər.
  Hardan gəlib, hara gedir bu yollar?
Bütün bu ara kəndlərdən çarvadarlar mənzil başına tez yetişmək üçün evdən elə vaxtda çıxardılar ki, səhər namazını Namazgahda qılıb, sora yollarına davam eləsinlər. Elə Namazgah adı da onnan qalıb. Ona görə də Namazgahdan yola düşəndə çarvadarların dəstəsi gurlaşardı.
RƏVAYƏT: Qaranohura gedən yolun qurtaracağında çayın qırağında böyük bir daş var. Hündürlüyü bir neçə metr olar. Bu daşla bağlı belə bir rəvayət var el arasında. Kürqırağı kəndlərdən hansındasa möhkəm nəzər atan bir kişi olub. Eşidib ki, bir özü kimisi də dağ kəndlərində var. Deyir gərək tapım onu, görüm hansımızın nəzəri güclüdür. Qaranohura çatanda yuxarı tərəfdən gələn bir atlı ilə rastlaşır. Salam-kalamdan sonra, dağdan gələn qonaqdan soruşur ki, hardan gəlib hara gedirsən? Bu da deyir ki, bəs belə bir adamın sorağını eşitmişəm. İndi gəlmişəm ki, onunla görüşüm, yoxluyum görüm hansımızın nəzəri güclüdür. Dağ kəndindən gələn deyir o adam mənəm. Gəl yoxlayaq. Bax o qayanın başındakı daşı görürsən, nəzər at ona. Kürqıraqlı başını qaldırıb daşa baxır, əlini əlinə vurub deyir: paatonnan daş yiyəsi, bu boyda da daş olar?! Bir də görürlər daş gurultu ilə yerindən qopub gəlir aşağı. Bu indiki yerinə çatanda dayanır.
Kürqıraqlı deyir indi sən nəzər at bir şeyə. O da cavab verir ki, daha mən sənin qabağında necə nəzər atım? Paatonnan, göz yiyəsi! Nəzər buna deyərlər ha! – deyə əlini əlinə vurur. Elə bunu deyib qurtarmamış kişinin gözlərinin ikisi də çıxıb düşür yerə.
ŞİRƏXANI YOLU
Sellər-sular Cülyan çayı və Vəxmi yolunu bağlayanda Lahıcdan günbatan tərəfdəki kəndlərin aran zonasına çıxmaq üçün daha bir neçə yolu olub. Biri Kənəyə yoludur. Bu yol Müdrisənin üstündən keçir Kənyə kəndinə. Oradan da bir yol düşür Namazgahın altındakı körpüyə, bir yol da Dərə (Mirzəxan Dərəsi) kəndinin yaxınlığından keçərək Gəndoya çıxır.
İkinci yol Şirəxanı Yoludur. Bu yol Müdrisənin üstündən keçir Düzəki yaylağına, oradan isə üç tərəfə şaxələnir. Biri gedir Köhnə Daxara və oradan enir Qaranohura. Biri Cülyandan İsmayıllıya gedən Dağ Yoluna birləşir. Biri isə düşür meşə aşağı İsgəndər Bulağına. Sonra Kar Daşın yanından düşür köhnə kənd yerinə və ordan da qəbiristanlığın yanına. Deyilənə görə, buranın keçmiş sakinləri nə vaxtsa Talıstana köçüblər. Yurd Yerindən aşağı getdikdən sonra Qaraçaydan keçib düşür Talıstana; Şirəxanı Yolu budur.
Düzəkidə (Müdrisə ilə Kənəyə arasında) iki böyük daş var: biri ağ, biri qara. Bu daşlara və onların olduğu sahəyə “Qız-Oğlan” deyirlər. Kiminsə təqibindən qaçaraq buraya çatanda daşa dönmüş qızla oğlan haqqında el arasında müxtəlif rəvayətlər söylənir.
O ki qaldı Şirəxanı Yolundakı Kar Daşa, belə bir daş vaxtilə Gəndo ilə Qaranohur arasındakı yolda da vardı. Onda hələ bu, piyada və at yolu idi. Lahıca yol çəkilişi zamanı həmin daşı da buldozerlə kürüyüb, çaya yumaladılar. “Kar Daş”lar elədir ki, onun yanından yol arxa tərəfə burulub keçir və daşın bu üzündən baxmaqla gedənləri görmək olmur. Bu yolla ilk dəfə gedənləri həmin daşa çatanda aldadıb deyirlər ki, daşın o üzündən nə qədər qışqırsan da, bu üzdə səs eşidilmir. Г‡ünki bu daş səsi udur. Sınamaqçın deyirlərmiş, dayan burda. Biz daşın o üzündən qışqıracağıq, görək eşidə biləcəksənmi? Buna inananlar səbirləri tükənincə oturub diqqətlə qulaq asırlarmış. Axırda keçib görürlər daşın o üzündə heç kəs yoxdur. Beləcə, Kar Daşa aldanıb gözləyənlər xeyli yüyürəndən sonra yoldaşlarına çatardılar. Ötən illərdə yol yoldaşları bu zarafatla çox adamı, xüsusən də uşaqları aldadaraq məzələniblər.
DAДћ YOLU
Cülyanla Aşağı Cülyanı birləşdirən yola Dağ Yolu deyirlər. Bu yol Salavatgahdan keçib Г‡uxur Yurda endikdən sonra iki tərəfə şaxələnir. Dağ yollarında “Salavatgah” adlanan yer çoxdur. Bu da Baba Dağı ilə bağlıdır. Adətdir, dağ keçidlərinin harasından Baba Dağının həmişə qarla örtülü olan ən yüksək zirvəsi (Həzrət Baba ziyarətgahı) görünürsə, yolçular üzlərini ziyarətgaha tərəf çevirib salavat gətirərlər. “Salavatgah” adı da ondan qalıb.
Г‡uxur Yurddan ayrılan Köç Yolu Küpüc, Г‡albayır yaylaqlarına tərəf gedir. Bir yol da düşür aşağı –“ dərəyə. Dağ Yolu da budur. Həmin dərədə çoxlu bulaqlar var. Sonrakı yerlərin adları belədir: Yuxarı Qonaqlığa, Amanöyi (burda yolçuların qardan-çovğundan daldalanması üçün ev var), Dolama (Dağ Yolu ilə sürülərini yaylağa aparıb-gətirən tərəkəmələr bu dolama yola “Kəp-kəp” deyirlər), çaydan keçəndən sonra enir Aşağı Qonaqlığaya. Ətrafda çoxlu əzgil və başqa cır meyvə kolları var. Burada yetişən əzgillər başqa yerlərdəki cır əzgillərdən iri olması (peyvəndə oxşaması) ilə fərqlənir. Aclıq illərində istər dağ, istərsə də dağətəyi kəndlərdən çox adamlar buraya əzgil yığıb aparmağa gələrlərmiş.
Aşağı Qonaqlığadan sonra Adamsoyulan yer gəlir. Bura bir tərəfi dərə, bir tərəfi meşə olan darısqal bir yerdir. Keçmişdə “qaçaqlar” (quldurlar –“ M.M.) yolu kəsmək üçün buranı münasib biliblər. Qara Yoxuşu enəndən sonra çayla aşağı gedib çıxırsan Aşağı Cülyana. Bu yolla Aşağı Cülyandan Yuxarı Cülyana üç saata (diribaş getsən daha tez) çatmaq olur. Dağ Yolu ilə, əsasən, quraq vaxtlarda gedərdilər, bir də yaz-payız selləri Vəxmi Yolunu bağlayanda.
Müharibə qurtaran ili dekabrın əvvəllərində böyük qırğın olmuşdu bu yolda. Həmin gün səhər tezdən Cülyan kəndindən 40-a yaxın Adam gedibmiş İsmayıllı bazarına. Geri qayıdanda Salavatgaha çatmamış düşürlər çovğuna. Külək adamları qar burulğanına qatıb doldurur dərələrə. Qız anasına, qardaş bacısına harayçılıq edə bilmir. Beləcə çovğunla süpürləşə-süpürləşə taqətdən düşən insanlar donurlar.
Bir də axşamayaxın kənddəkilər duyuq düşürlər ki, bazara gedən adamların başında nəsə iş var. Yoxsa, gərək indiyəcən ləngiməyəydilər. Hər evdə bazara gedənlərin yolunu gözləyənlər vardı. Məhəllələrdə vay-şivən düşür. Bütün kənd axışıb gedir onların harayına. Г‡ovğuna düşənlərin bir qismini xilas edə bilirlər. Qalanları isə…
Bir gündə 26 qəbir qazılır Cülyanda. Г‡oxu da arvad-uşaq. Kişilərin isə onsuz da müharibə çıxmışdı axırına. Г‡ovğunda ölənlərin bir neçəsini yazda qar əriyəndən sonra tapırlar.
Şirəxanı, habelə Dağ Yolu və bu yolda baş verən faciə barədə özü Güney Vaşa kəndindən olan, indi İsmayıllıda yaşayan, əvvəllər bir sıra vəzifələrdə işləmiş, hazırda isə İsmayıllı Tarix-Mədəniyyət Qoruğunda çalışan Musa Babayev danışıb mənə. (Söhbət 89-cu ildən gedir. Artıq Musa dayı çoxdan dünyasını dəyişib).
ƏNƏNƏ, YOXSA, TƏSADÜF?
Qüdrət babanın sözünün davamı:
– Baba Yoxuşu çox çətin yoldu. Şeytanadaşatılannan atın ayağı sürüşüb uçdusa, onu axtarmazdılar. İstər xurcunu dolu qızıl olsa da. Г‡ünki ora düşmək mümkün deyil.
Bizim bu yerdən Quba tərəfə üç yol olub. Onun biri Xeybər Zaratınnan, biri isə burdan – Qurbangahdan keçib gedir, Babadağın üstünnən. Ən yaxın yol bu olub. Atla çıxmaq çətindi. Ancaq istəsən, yenə getmək olar. İndinin özündə də əli-ayağı tutmuyannar atnan çıxıllar Ziyarətgahacan. Vaxt olub, qoşun gəlib keçib Baba Yoxuşunnan. Atalarımız söyləyərdilər ki, keçmişdə Quba tərəfdən hansı xansa bu yolnan gəlib gedib arana müharibəyə. Bu vağyanın şahidi olan daşlar indi də durur. Deyim nə təhər olub, sən də eşit.
Bığırın üstündə Zarat Г‡alası deyilən yer var. Qoşun ora çatanda xan əmr eliyir ki, hərə bir Daş gətirib yığsın bura. Əsgərlərin hərəsi bir daş gətirib qoyur düzənliyə. Ordan da gedirlər müharibəyə. Xanın qoşunu müharibəni udur onda. Sonra həmin yolnan da geri qayıdıllar. Zarat Г‡alasına çatanda xan əmr eliyir ki, hərə öz daşını götürüb qırağa atsın. Müharibədə ölənnərin daşları qalır düzdə. Həmin daşlar indi də ordadı…
Qüdrət baba sözünə ara verdi. Mənimsə yadıma vaxtilə qocalardan eşitdiyim bir əhvalat düşdü. Cülyan sovetliyindən (Mulux və ətraf kəndlər də buraya daxildir) Böyük Vətən Müharibəsinin ilk günlərində cəbhəyə yola düşənlər Dağ Yolundan enib, indiki Aşağı Cülyan çayının yaxınlığındakı düzənliyə, gərək ki, Aşağı Qonaqlığa adlı yerə çatanda hərəsi iri bir daşı gətirib topa halında yığıblar ora. Cəbhəyə yola düşənlər söz qoyurlar ki, kim müharibədən sağ-salamat qayıtsa, buraya çatanda öz daşını götürsün. Qayıdıb gələnlər belə də edirlər. Müharibədən qayıtmayanların isə daşları bu gün də oradadır, sahiblərinin yolunu gözləyir. (Nərgiz xalamın əri –“ Moskva altındakı döyüşdə həlak olmuş Əlidamət əminin qoyduğu daş da həmçinin). Bu, kədərli bir həqiqətdir…
Qüdrət babanın söylədiyi rəvayəti eşidəndə müharibədə həlak olan həmyerlilərimizin indi də Aşağı Qonaqlığada yol gözləyən daşları gəlib durdu gözlərimin önündə. Üstündən yüzillər ötmüş o əfsanə ilə hələ yaraları üz gətirməyən bu həqiqət arasında bir bağlılıq yoxmu görəsən? Bəlkə qədim zamanlarda döyüşdə qırılanlarla sağ qalanların hesabını bu sayaqla aparırlarmış? Bəlkə də bu, ondan ötrüymüş ki, həlak olanlar öz əlləri ilə özlərini əbədiləşdirmək üçün bir xatirə-nişanə, ziyarətgah qoyub getsinlər? Axı müharibələrdə o qədər adam qırılırdı ki, onların sayı qədər daş bir yerə yığılsa təpə əmələ gələr. Təsadüfmüdür bu bənzəyiş, ya əsrləri adlayaraq bu günlərə gəlib çatmış bir ənənə? Kim bilir?!
Söhbətin bu yerində Əmir Teymur haqqında çoxlarına məlum olan bir rəvayəti xatırlamaq, yəqin ki, yerinə düşərdi. Deyirlər, bu cahanşumul hökmdar hansısa ağır bir döyüşdən qabaq düşərgənin yerləşdiyi düzənliyə öz əli ilə iri bir daş gətirib qoyur. Və qoşundakı əsgərlərə əmr edir ki, hərə bir daş gətirib onun daşının üstünə qoysun. Nəticədə, meydanda daşlardan ibarət böyük bir təpə yaranır. Ordu hücuma keçir. Bu döyüşdə hər iki tərəfdən çoxlu əsgər qırılır. Və Əmir Teymur, adəti üzrə, qalib gəlir. Ordu geri qayıdanda hökmdar yenidən həmin düzənlikdə düşərgə salır. Sağ qalmış döyüşçülərə tapşırır ki, hər kəs öz daşını götürüb kənara tullasın. Bu əmr yerinə yetiriləndən sonra, döyüşdə həlak olanların daşlarından ibarət böyük bir təpə meydanda qalır. Belə rəvayət edirlər ki, Əmir Teymur həmin daşların yanında oturub hönkür-hönkür ağlayır…
Döyüşlərdə həlak olan əsgərlərin öz əlləri ilə özlərinə В«abidəВ» ucaltmağı barədə bizə məlum olan yalnız iki hadisədən söz saldıq. Bizə məlum olmayan belə hallar azmı olub görəsən? Əmir Teymurla bağlı rəvayəti yada saldıqdan sonra məlum olur ki, yuxarıda söylənilənlər heç də təsadüflərlə bağlı deyilmiş…
YOLLARDA NƏLƏR OLUB…
Qüdrət babanın dediklərindən:
– Müharibə illərində Həftəso-Varna-Brovdal yolları dağ kəndlərinin ən işlək yollarına çevrilmişdi. Г‡örək yox idi. Adamlar göy-göyərti ilə dolanırdılar. O da ki, qışda olmur. Kartof ikinci çörək idi. O da bizim kəndlərdə yetişirdi. Bir göreydün ruzu dalınca haralardan baş alıb gəlirdilər bu yerlərə. Bu dağın o üzündəki kəndlərdən, Girdimandan o üzdəki aşağı kəndlərdən – Hacman, Xatman, Kalva, Dilman və Ağsunun bu üzə baxan başqa kəndlərindən gələn boş qayıtmırdı. Bir batman da varsa alıb aparırdı. Bir belə gəlib-gedənə nə çatar?! Ona görə də kartofun qiyməti bilirsən hara çıxmışdı? Evdə ələ keçən nə vardısa, gətirib bu yerlərdə dəyişirdilər kartofa. Bir onluq qızıla üç batman kartof verirdilər, bir put buğda. Bir put kartofa bir xalça, bir-iki batmana isə bir ərəş palaz verirdilər.
Г‡oxları elə piyada gəlirdi. Aldığını dalına şələləyıb düzəlirdi yola. Bəziləri qan qiymətinə tapdıqları ruzunu ac qalmış oğul-uşaqlarına yetirə bilmirdilər. Qarda-çovğunda ölüb-itirdilər bu yaylaqlarda. Budey, bu çayın içindəcə bir oğlan uşağını canavarlar yemişdi onda. İndi də bilinmədi kimdi, haralıdı, niyə gəlibmiş bu yerlərə. Niyə deyəndə ki, yəqin hamı kimi o da puldan-paradan tapıb kartof almağa gəlibmiş. O, öz kəndiyçin, öz yaxınlarıyçın izsiz-soraqsız yox olub getdi. Bəs onun yolunu və aparacağı ruzunu gözləyənlərin halı necə oldu görəsən? Aclığın əlindən qurtulub sağ qala bildilərmi? Məlum deyil.
Varnadan o üzdəki yaylaqda da iki arvad dəstədən geri qalıb çovğuna düşmüşdü. Yazda qar əriyəndən sonra birini axtarıb tapdılar. Bir daşın üstündə oturub şələsinə söykənmiş halda donub qalıbmış. O biri arvadın da kartof şələsi onun yanında olub. Özünü isə bu gün də tapmadılar. Yəqin yol yoldaşının şaxtadan donub keçindiyini görəndən sonra şələsini tullayıb, özünü bir yana çatdırmaq istəyib. Gecənin qaranlığında yol tapmaq olar bu yaylaqlarda? Bəlkə elə o da canavarlara yem olub? Evdə yol gözləyən ac uşaqların taleyi necə olub, Allah bilir.
Sənə deyim də, nə qədər ki müharibədə həlak oldu, bir o qədər də acınnan qırıldı kəndlərdə. Getsin o günlər…
YAXŞILIQ İTMƏZ
Dağ kəndiərinin hamısından Quba –“ Dərbənd istiqamətində gedən yollar Qoydan yaxınlığında birləşir. Sonra isə Həftəsolu qocaların söylədiyi yolla gedir Quba tərəfə. Bu yolda da çox macəralar baş verib. Bunlardan biri haqqında hal-hazırda (89-cu ildə – M.M.) Vaşa kəndində yaşayan 91 yaşlı Məhəmmədəli kişi danışıb.
– Cavanlığında Vaşalı Nurbala bir dəstə qaçaqla oturub-durarmış. Onlarla soyğuna, çapqına da gedərmiş. Ancaq mərd adamdı, kasıb-kusubnan işi olmazmış. Ləyaqətsiz işlərə baş qoşmazdı. Elə ona görə də qaçaqlarnan sözü tutmadı, tez aralandı onlardan.
Hə, bir gün qaçaqlar xəbər tutullar ki, Xeybər yolu ilə köç gəlir. Kəsillər həmin yolu. Adamların olan-olmazın alıllar. Г‡iynində beşatılan olan cavan bir oğlan da varmış burda. Yanında da bir gəlin. Oğlanın tüfəngin, pul kisəsin alıllar, gümüş kəmərin də açıllar. Onnan sora gəlinin yaxasındakı qızıl şeylərə əl atıllar. Nurbala deyir: “Gəlinin üst-başına toxunmuyun!”. Soyğunçulardan biri bunun sözünə məhəl qoymur. Belədə Nurbala beşatılanı çəkir üst ayağa. Deyir: “Biqeyrət, de kişisən, aç görüm, necə açırsan! Həmin adam çəkilir dala. Onun bu mərdliyinnən ürəklənən gəlin deyir:
– İgid, indi ki sən belə yaxşı adamsan, de, mənim nişannımın kəməriynən tüfəngin də qaytarsınnar. Pul kisəsi sizin olsun.
Oğlanın nəyi varmışsa, Nurbala hamısını yoldaşlarınnan alıb, qaytarır onun özünə. Г‡axmağın çıxarannan sora, tüfəngi də qaytarır. Belə eliyir ki, dallarıycan güllə ata bilməsinnər. Ayrılanda deyir:
– Oğlan, çaxmağı budey, o daşın üstünə qoyub gedəcəm. Biz gedənnən sora gəlib götürərsən.
HAŞİYƏ:
Bu əhvalatdan çox keçmişdi. Şura hökuməti gəlmişdi, qaçaq-quldurun ayağı yığılmışdı. Bir müddət sora qolxozduğ başdandı. Kəntdərdə acdığıydı. Hərə ruzu dalıycan bir yana gedirdi. Mənim cavan vaxtımıydı, Nurbala ahıllaşmışdı. Bir gün məni də özüynən götürdü, ata minib Xeybər yoluynan Quba tərəflərə buğda almağa getdüy. Kəndlərdən birinə çatanda buğdasatan soraqlaşduğ. Bir qadın bizi görən kimi dedi satdığ buğdamız var. Gəlün evə, yoldaşım işdən qayıtsın, çəkib verərüy.
Düşdük. Atdarı rahatdıyıb çıxduğ yuxarı. Qadın öz əliynən su tökdü, əl-ayağımızı yuyub rahatdanduğ. Axşamüstü ev sahibi də gəldi. Həyətdə arvadıynan nəsə bir az pıçıldaşdılar. Sora kişi biz olan otağa girdi. Xoş-beş, köhnə tanışlar kimi hal-əhval tutdu. Bir azdan süfrə salındı. Г‡aydan sora çolpa-pilov hər cür xuruşuynan gəldi meydana. Biz lap məhtəl qalmışduğ bu işə. Buralarda o qədər çarvadarrığ eləmişdüy, ancaq belə hörmət görməmüşdük. Acdığ illərində hərə öz hayındeydi. Qonaq-qarıya fikir verən hardeydi? Ona görə də adam çalışırdı ki, harda dostu-tanışı var, ora getsin. Burda bizim tanıdığımız adam yoxıydı. Bizi də heç kim tanımırdı. Pəs bu hörmət-izzətə səbəb nəydi görəsən? Cavan adamıydım da, hər şeydən şübhələnirdim. Axşam yatan vaxtı Nurbalaya pıçıldadım ki, sənün bu işdən ağlun nə kəsir? Nurbala dünyagörmüş adamdı. Oddan-sudan keçmişdi. Г‡ox çətinniylərə düşüb-çıxmışdı. Dedi, səbir elə, görəy axırı nə olur. İlan vuran yata bilərdi, amma mən o gecə gözimi yummadım. O üz-bu üzə çöyrülməyinnən bildim ki, Nurbala da narahatdı.
Xülasə, başıvu nə ağrıdım, səhər oldu, asma tərəzidə çəkib, çuvallarımızı buğda ilə doldurdular. Mən aldığım buğdanın pulun verdim. Nurbala pulu uzadanda almadılar. Ev yiyəsi dedi, sənün pulun çatıb. Yadundadı, fılan vaxtı qaçaqlar köçü soyanda sən bir mərdlik elədün ha. Tüfəngiynən kəmərin qaytarduğun cavan oğlan məniydim. Üst-başının bəzəklərini soymağa qoymadığun o gəlin də, bax, həmin bu qadındı. Mənim həyat yoldaşımdı. O, səni görən kimi tanıyıb. Sənün bizə borcun yoxdu. Xoş getdün. Nə vaxt lazım olsa, yenə gələrsən.
Bir başqası olseydi, acdığın o pis vaxtında əl çəkməzdi həmin kəntdən. Ancaq Nurbala yaman tutulmuşdu bu işdən. Bir də o tərəflərə ayaq basmadı. Atalar nahaq yerə demiyib ki, hər nə iş tutdun, mərdliyüvi əldən buraxma.
Məmməd Mirzə,
Azərbaycan Yazıçılar Birliyi və AJB-nin üzvü

Şərh Yaz