Anasan Lahıc

Qoynun gül-çiçəkdi, təravətlisən,
Torpağın barlıdı, bərəkətlisən.
Nəcibsən, məsumsan, şərafətlisən,
Deyərəm, bəzəkli sonasan, Lahıc,
Babama, nəvəmə anasan, Lahıc.
Anasan  Lahıc
Gəlir lap qədimdən səsin-sorağın,
Qərinələr yanır isti ocağın.
Balaların qoymaz sönə çırağın,
Üstünə nur səpir hər gün dan, Lahıc.

Bir oğlun misgərdi, birisi zərgər,
Alim ərlərinə tay varmı məgər?
Deməyə mənə söz verilsə əgər,
Deyərəm, verirsən cana can, Lahıc.

Min-bir naxış vurur toxucu qızın,
Saraylar bəzəyir xalça, palazın.
Burda səsi həzin kamanın, sazın,
Hüsnünü vəsf edib oxuyan, Lahıc.

Soltan neftimizin sirrini açır,
Əkrəm də əruzda parlaq nur saçır.
Yaz gəlcək qaranquş yanına uçur,
Olarsan bənzərsiz bir cahan, Lahıc.

Kapitan Şövkətin dənizlər üzür,
Geoloq Manafın gah roman yazır.
Maral da, kəklik də burada süzür,
Sən gülü solmayan bir məkan, Lahıc.

Qırmızıya qaçaq Fərhad basılmaz,
İgidindən faşist, daşnak qurtulmaz.
Burda şorla pendir eyni tutulmaz,
Nifrətə nifrət var, cana can, Lahıc.

Məmmədəmin səndə yazmış “Siyavuş”,
Məqsədi obaya, elə qurtuluş.
Qonaqlar söyləyir gözəlsən yaz-qış,
Oğlun, qızın yaşar firavan, Lahıc.

Xətai qoynunda ötmüş xətanı,
Qızının südünü əmmiş Xəqani.
Geridə qoymusan qanı, qadanı,
Hüsnünə heyrandı asiman, Lahıc.

Babadağın xeyir-dua oxumuş,
Cavanşir qılıncla yurdu qorumuş.
İsmətin bəllidir, aləm bürümüş,
Bizə qürur verir bu ad-san, Lahıc.

Qışın şaxtasından Niyal qoruyar,
Girdiman gecələr tarix pıçıldar.
Sənə söylənəsi çoxlu sözü var,
Şəninə qoşaram min dastan, Lahıc.

Fit dağdan fit gəlmir, əmin-amandı,
Sabahın bugündən xoşbəxt olandı.
Alyanaq qızların lap can alandı,
Hər biri şirindil, mehriban, Lahıc.

Müqəddəs o kitab saxlar dəyərin,
Hikmətli söz-söhbət yenə gərəyin.
Abırlı gəlinlər, qızlar mələyin,
Yaraşır adına toy, nişan, Lahıc.

Ana qəlbin safdı, ruhun əzəli,
Fərqlidi süfrəndə dolma, fəsəli.
Sən Azərbaycanın bir şux gözəli,
Sənsən damarımda axan qan, Lahıc.

Ədalət, düz ilqar, zəhmət vüqarın,
Qalarsa olacaq yenə uğurun.
Rəxşanlıyam – sənlə fəxr edən oğlun,
Yolunda edərəm can qurban, Lahıc.

Qoynun gül-çiçəkdi, təravətlisən,
Torpağın barlıdı, bərəkətlisən,
Nəcibsən, məsumsan, şərafətlisən,
Eli məftun edən sonasan, Lahıc,
Babama, nəvəmə anasan, Lahıc.
Rəsul Rəxşanlı,
Bakı, iyul 2016

Şərh Yaz