“Həmrəylik düşərgəsi” Lahıcda

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi münasibətilə keçirilən silsilə tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən iyulun 20-də Lahıcda “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Əvvəlcə Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin ifasında dövlət himni səsləndirilib və düşərgə açıq elan edilib.
“Həmrəylik düşərgəsi” Lahıcda
“Həmrəylik düşərgəsi” Lahıcda
“Həmrəylik düşərgəsi” Lahıcda
Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Həmrəylik düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış ediblər.
Mirdaməd Sadıqov bu layihənin həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, düşərgə müddətində bu tədbirə qatılanlar unudulmaz günlər yaşayacaq, Lahıcın tarixi, mədəniyyəti, digər fərqli və çox maraqlı məziyyətləri ilə tanış olacaqlar.
Lahıc yaşayış məskəni kimi mövcud olduğu tarixdən bu yana multikulturalizmin təşəkkül və tərəqqi tapdığı məkan olub. Ümidvarıq ki, düşərgəyə dəvətlilər söylədiklərimizdən daha artıq bəyəniləsi adət-ənənələrin şahidi olacaq, bununla da Lahıca bağlılıqları üçün burada keçirdiyi günlər bir başlanğıc olacaq.
M.Sadıqov düşərgənin ümumi heyətinə, ASAN xidmətin konüllülərinə gözəl istirahət arzulayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Həmrəylik düşərgəsi”nin ASAN Könüllülərinin növbəti yay məktəbi olduğunu qeyd edib. O bildirib ki, digər yay məktəblərindən fərqli olaraq budəfəki düşərgə daha çox hərbi formatda təşkil olunub. Sədr düşərgədə yaradılan infrastrukturun Dövlət Sərhəd Xidməti tərəfindən yaradıldığını deyib. Diqqətə çatdırıb ki, beş gün ərzində ASAN Könüllüləri Lahıcın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Layihə Azərbaycanın digər kənd və qəsəbələrində davam etdiriləcək.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin gənclərin hərb sənətinə marağının artırılması və onların vətənpərvərlik ruhunda böyüməsinə şərait yaratdığını qeyd edib.
Layihə çərçivəsində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı, həmçinin dövlət rəsmiləri və Milli Məclisin deputatları ilə görüşlər nəzərdə tutulub. “Həmrəylik düşərgəsi”nin keçirildiyi ərazidə Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.
Ş.Soltanov

Şərh Yaz