İsmayıllıda bütün imkanlar insanlara xidmətə yönəlib

Azərbaycan Respublikasının Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə qeyri-hökumət təşkilatlarının nümayəndəsinin də daxil olduğu 15 nəfərdən ibarət tərkibdə qərargah yaradılmışdır. Rayonda yeni istehsal sahələrinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar hər ayda 2 dəfə hesabat hazırlanır.
İsmayıllıda  bütün imkanlar insanlara xidmətə yönəlib
İsmayıllıda  bütün imkanlar insanlara xidmətə yönəlib
Rayon üçün açılmış yeni iş yerlərinə işçilərin cəlb olunması üçün müvafiq tədbirlərin görülməsi məqsədilə əhalinin məşğulluq səviyyəsinin artırılması və işaxtaran vətəndaşların işə cəlb olunması üçün 11 nəfər üzvü olan ikinci qərargah yaradılmışdır.
Nazirlik və dövlət şirkətləri tərəfindən rayonda 368 yeni iş yeri, o cümlədən quruculuq və abadlıq işləri üzrə 100, çoxmənzilli binaların təmiri üzrə 90, SOCAR üzrə 100, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 12,”Azəravtoyol” ASC üzrə 38,”Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə 11,”Azərsu” ASC üzrə 6, “Azərişıq” ASC üzrə isə 11 iş yeri açılmışdır. 1 iyun tarixə olan məlumata əsasən 367 nəfər vətəndaş işlə təmin olunmuşdur.
3 fevral və 5 fevral 2016-cı il tarixlərdə RİH başçısı Mirdaməd Sadıqovun İƏD üzrə nümayəndəliklərin ərazisində sahibkarlığın inkişaf etdirilməsi və məhsul istehsalının artırılması ilə əlaqədar aid qurumların nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Lahıc, Basqal, Qalacıq, İstisu, Sumağallı, Topçu, Qurbanəfəndi, Xanagah, Cülyan, Talıstan, Diyallı, Təzəkənd, Qoşakənd, Tircan, Bizlan, Keyvəndi, Sulut, Tağlabiyan, Zərnəva, Əhən, Müdri, Həftəsov və Xankəndi İƏD-lər üzrə nümayəndələr, sahibkarlar iştirak etmişdir. Tövsiyə olunmuşdur ki, sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet məsələsidir və hər bir bölgəyə uyğun sahibkarlıq fəaliyyəti inkişaf etdirilməli və bu istiqamətlərdə müvafiq layihələr hazırlanaraq təqdim olunmalıdır. Tədbirdə 250 nəfər iştirak etmişdir.
Qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar “İsmayıllı-2” Su Elektrik Stansiyasında tikintiquraşdırma işləri və İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin tikintisi başa çatdırılmış, istismara hazır vəziyyətə gətirilmişdir.Keyvəndi kəndində “Azza-aqro” MMC tərəfindən iri heyvandarlıq kompleksinin və Qalınçaq kəndində hind toyuğu əti istehsal edən fabrikinin, Diyallı kəndi ərazisində velosiped zavodunun, İsmayıllı şəhərinə 140 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Xanagah kəndi yaxınlığında dam örtüklərinin istehsalı zavodunun tikintisi başa çatdırılmışdır. İstehsal üçün avadanlıqların gətirilməsi istiqamətində iş aparılır. İsmayıllı şəhəri ərazisində istehsal gücü gün ərzində 12 ton olan kartof emalı zavodunun və yeni quşçuluq fabrikinin tikintisi davam etdirilir.
Mollaisaqlı kəndində 30 başlıq südlük, 25 başlıq kökəltmə istiqamətli iri buynuzlu mal-qara üçün tövlədən son tamamlama işləri, Qubaxəlilli kəndində un məmulatları istehsal edəcək sexin tikintisi üçün torpaqayırma işləri aparılır.
Talış kəndində sahibkar tərəfindən pendir istehsalı sexinin tikintisində son tamamlama işləri gedir.
Talıstan kəndində ev şəraitində xalça, Hacıhətəmli kəndində isə kilim toxunması üçün təşkilati tədbirlər həyata keçirilir.
Aqrar sahənin inkişaf etdirilməsi və əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi ilə əlaqədar 85 hektar sahədə sənaye üsulu ilə əkilmiş kartof sahəsində becərmə işləri aparılır. Rayon ərazisində quraşdırılmış 62 istixana təsərrüfatında məhsul yığımı davam etdirilir.
Qalınçaq kəndində 11 hektar sahədə salınmış intensiv meyvə bağında 60 nəfər işçi çalışır.
12 fevral 2016-cı il tarixdə Vergilər naziri Fazil Məmmədovun İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə sahibkarlığın inkişafı,sahibkarların fəaliyyəti üçün yaradılan şəraitdən, son zamanlar həyata keçirilən layihələrdən, kənd təsərrüfatının intensiv inkişafı yollarından,büdcənin dotasiyadan asılılığının azaldılması məqsədilə həyata keçirilən tədbirlərdən danışılmış və ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu məsələlər geniş müzakirə edilmiş və fəaliyyət istiqaməti müəyyən edilmişdir.
5 mart, 15 və 25 aprel 2016-cı il tarixlərdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilmiş, ümumilikdə 20 mindən artıq ağac əkilmişdir.
Rayonda tütün və barama istehsalı ilə bağlı sahibkarların iştirakı ilə tədbir keçirilmişdir. Rayon ərazisində 5 hektar sahədə tütün əkilmiş və qulluq işləri aparılır. 40 qutu barama qurdu toxumu gətirilmiş kümçülərə paylanmış, bəslənməsi davam etdirlir. Rayon üzrə 2 ton barama istehsalı gözlənilir. Cari ildə rayon ərazisində 2000 ədəd tut ağacı əkilmişdir. Gələcəkdə istehsalı artırmaq məqsədilə 4000 ədəd tut ağacının əkilməsi planlaşdırılır. Ənənəvi tütünçülük və baramaçılıq bərpa olunmaqla yeni iş yerləri açılır.
2016-cı ilin beş ayı ərzində dövlət siyasəti və ideologiyası ilə bağlı bir sıra düşünülmüş, elmi cəhətdən əsalandırılmış, rayon əhalisinin maraqlarına uyğun hazırlanmış, müasirliyi və dəyərliliyi ilə seçilən tədbirlər-elmi konfranslar, seminarlar, toplantılar, xatirə günləri, yubileylər və sair keçirilimişdir.
2013-cü ilin aprel ayında təsis edilmiş “Heydər Əliyev İdarəetmə məktəbi”nin ayda bir dəfə məşğələsi keçirilmişdir. Məşğələlərdə ümummilli liderin siyasi irsi, ölkənin müasir inkişafının bütün istiqamətlərində ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyaları, Prezident İlham Əliyevin xarici və ölkədaxili səfərlərinin yekunları öyrənilmişdir.
2016-cı ilin “Multikulturlizm ili” olduğu əsas götürülərək, bu vacib sahəyə xüsusi diqqətlə yanaşılmışdır. 17 mart 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə “Dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir”,YAP Gənclər Birliyi ilə birgə “Azərbaycan multikulturalizmi gənclərin gözü ilə” və YAP Qadınlar Şurası ilə birgə “Multikulturalizm siyasətində Azərbaycan qadınlarının yeri”mövzularında toplantılar keçirmişdir.
Yerli imkanlar hesabına “Bilik evi” açılmış və burada Regional multikulturalizm mərkəzi yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayonun 6 zonasında “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbirlər keçirilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətə başlamışdır. Fondun icraçı direktoru Anar Ələkbərovun rəhbərliyi ilə Sumağallı kəndində əhali ilə görüş keçirilmişdir. Nəticə olaraq buraya qaz çəkilmiş və istifadəyə verilmişdir.
Hərbi xidmətdən qayıdan peşə və ixtisas təhsili olmayan gənclər üçün təsis edilmiş “Gənc təsərrüfatçılar məktəbi”nin birinci buraxılışı olmuşdur. Məzunlar aqrar sahədə sahibkarlıqla məşğul olmaq istiqamətində lazımi biliklər alıblar.
Rayon icra hakimiyyətinin dəstəyi ilə müxtəlif dil və dizayner kursundan keçən gənclərin ən istedadlıları seçilib və bu seçim əsasında “İnnovasiya Mərkəzi” yaradılıb. 2016-cı ilin ötən müddətində mərkəzin fəal iştirakı ilə bir çox ekoloji və turizm layihələri hazırlanıb.
Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun 80, tarix elmləri doktoru, professor, Azərbaycan Teleradio şurasının sədr müavini Qafar Cəbiyevin 65 və şair Maarif Soltanın 60 illiyi, sosialist Əməyi Qəhrəmanı, İvanovkada 43 il kolxoz sədri işləmiş Nikolay Nikitinin 90, dövlət qulluqçusu, Kənd Təsərrüfatı Nazirinin müavini işləmiş, Qalacıq kəndinin yetirməsi Rza İsmayılovun 80 illiyinə həsr olunmuş xatirə gecələri keçirilmişdir. Bunlar da ideoloji baxımdan əhəmiyyətli olmuşdur.
24 noyabr 2016-cı il tarixdə İsmayıllının yaradılmasının 85 illiyi tamam olması münasibətilə silsilə tədbirlərə başlanmış, Rayon İcra Hakimiyyəti ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə elmi konfransı keçirilmişdir. “İsmayıllı 85 ildə”adlı kitab hazırlanması istiqamətində iş aparılır.
2-5 aprel günlərində ordumuzun ilkin qələbəsi rayonda ən yüksək səviyyədə qeyd edilib. Bütün İsmayıllı əhalisi, xüsusilə gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə, ordumuzun zəfər yürüşünə hazırlığına səfərbəredici mitinqlər keçirməklə dəstək veriblər.
İsmayıllı rayonunun Yaponiya, Fransa, Latviya və Belorus ölkələri ilə dostluq əlaqələri mövcuddur.
7 may 2016-cı il tarixdə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti İsmayıllıya gəlib, nümayəndə heyəti əvvəllər Yaponiya dövlətinin maliyyə dəstəyi ilə həyata keçirilmiş layihələrlə və rayonun görməli yerlərinə səfər etmişlər.
Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA ) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” vasitəsilə həyata keçirilən “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi 2015-ci ilin oktyabr ayında başlayıb cari ilin fevral ayında başa çatıb.
Görülən işlərin tam təsvirini vermədən qeyd etmək istərdim ki, İsmayıllı rayonunun rəhbərliyi mövcud bütün idarə, müəssisə və təşkilatlarla birgə bütün imkaları cənab Prezident İlham Əliyevin tapşırığına əsasən insanlara xidmətə, onların sosial həyatının durmadan yeniləşməsinə yönəldib.
Qarşıya qoyulan məsələlərin həlli üçün bütün İsmayıllı əhalisi səfərbər sıralardadır.
Sevil Əhmədova,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

Şərh Yaz