Kəndimizin toy adətləri

(“Yol gedər sizə, dağlar!” silsiləsindən fraqmentlər).

Güllüxanım nənənin söhbətlərindən. Onun söylədiklərini öz sözü, öz danışıq tərzi və öz ləhcəcilə verməyə çalışmışam:
– Keçmişdə toylar aşıqsız olmazdı. Pəhlivannar güləşərdi, cavannar at çapardılar. Toylarda qız-gəlinnər də oynıyardı. Qarazurna ilə çalınan hər havanın öz oyunu vardı. Elə hamısını bir cür oynamırdılar ha. Qoca kişilər ən çox “Köhnə Azərbaycan”, yaşlı qadınnar “Mirzeyi”, oğlannar “Xançobanı”, “Qazağı”, “Tərəkəmə”, qızdar “Muleyli”, “İnnabı” və başqa havaları xoşduyurdular.
Kəndimizin toy adətləri
Toylarda oyun-məzhəkə çıxardallardı. Bunun da öz bacarannarı vardı. Vaşalı Mirzə və Ziyad bu məzhəkələrin ustası idilər. Vaşanın da, Müdrinin də toylarında məzhəkə çıxardardı onnar. Г‡ox vaxt belə bir oyun göstərərdilər: Onlardan biri Qaşqa Bəy, biri də Yorğa Bəy olardı. Məzəli söhbətləri, məzhəkəli hərəkətləriynən toydakıları güldürərdilər.
– Qız toylarında qadınnarın arasından söz biliciləri qavalla çalıb-oxuyardılar. Rəhmətlik Şabacı nənə, daha əvvəllər isə onun anası qız toylarında bu sayaqla məclis aparallardı. Toylarda oxunan mahnıların bir çoxunu qız-gəlinnərin hamısı əzbərdən bilirdi. Mahnı bir dəfə söylənən kimi hamı qoşulardı oxumağa.
Toylarda qız-gəlin məclislərində ən çox “Toy-məlik” deyişməsini oxuyallardı. Deyişmənin iştirakçıları iki dəstəyə bölünüb üz-üzə dayanallardı. Mahnı oxumaqla yarışardılar. Hər misra deyilincə, üç dəfə əl çalınardı, oxuya-oxuya bir-birinə yaxınnaşar, sora da həmin qayda ilə geri çəkilərdilər. Bir nəfər mahnının sözlərini diyər, qalannarı da “toooy-məlik” deyə hamısı bir yerdə oxuyallardı. Bunun da öz havası vardı, “Muleyli”yə oxşuyurdu. Bir bəndi iki dəfə təkrar eləmək olmazdı. Söz yarışı o vaxtacan davam eliyərdi ki, dəstələrdən biri cavab tapa bilməzdi. Onda qalib gələn tərəfin qızları oxuyallardı:
Dəstə bizim dəstədi, toooy-məlik!
Sizinkilər xəstədi, toooy-məlik!
Bunu bir neçə dəfə təkrar eliyəllərdi. Uduzan tərəf pərt olardı. Ona görə də toylar yaxınnaşanda qızdar sözbilənnərdən çoxlu şeir, mahnı öyrənərdilər ki, “toyməlik”də uduzmasınnar. Bir-ikisin deyim qulaq as:
Dam üstədi damımız, toooy-məlik!
Qoşadı eyvanımız, toooy-məlik!
Sən ordan çıx, mən burdan, toooy-məlik!
Kor olsun düşmanımız, toooy-məlik!

Yeri ki, yeriyəsən, toooy-məlik!
Döylətə bürünəsən, toooy-məlik!
İndi ki, öylənmisən, toooy-məlik!
Qoşaca qarıyasan toooy-məlik!

O tayda qoç yatıbdı, toooy-məlik!
Buynuzu yerə batıbdı, toooy-məlik!
Mahmud ağanın qızı, toooy-məlik!
Şahbazınan yatıbdı, toooy-məlik!

Ağ alma, qızıl alma, toooy-məlik!
İrəfə düzül, alma, toooy-məlik!
Ya məni yara yetir, tooo-məlik!
Ya məndən üzül, alma, toooy-məlik!

Ağ almanı atallar, toooy-məlik!
Barmaq üstə tutallar, toooy-məlik!
Nadanıdım, bilmədim, toooy-məlik!
Yarı necə tutallar, toooy-məlik!

Ağ almanı dişlərəm, toooy-məlik!
Dişlərəm, gümüşlərəm, toooy-məlik!
Qardaş gəlsə vermənəm, toooy-məlik!
Yar gəlsə bağışlaram, toooy-məlik!

Bu dərənin uzunu, toooy-məlik!
Г‡oban, qaytar quzunu, toooy-məlik!
Get babova deginən, toooy-məlik!
Bizə versin qızını, toooy-məlik!
Bu dərə uzun dərə, toooy-məlik!
Getdikcən uzun dərə, toooy-məlik!
Gəlmişdim bir bağ salam, toooy-məlik!
Yar gələ üzüm dərə, toooy-məlik!

Bu dərə narın dərə, toooy-məlik!
Getdikcən narın dərə, tooy-məlik!
Gəlmişdim bir bağ salam, toooy-məlik!
Yar gələ narın dərə, toooy-məlik!

Bağça bar üstən gəlir, toooy-məlik!
Heyva nar üstən gəlir, toooy-məlik!
Nədəndi bu mahnılar, toooy-məlik!
Hamsı yar üstən gəlir, toooy-məlik!
(Yazının bu hissəsi və “Babadağ əfsanəsi” ilə bağlı söylədikləri Güllüxanım nənənin sağlığında “Zəhmətkeş” qəzetində dərc olunmuşdu).

Sonuncu “Qaşqa bəy” oyunları

Güllüxanım nənənin adını çəkdiyi məzhəkə ustalarını (Mirzə və Ziyad) görməsəm də, “Qaşqabəy” oyunlarının göstərildiyi sonuncu iki toyu xatırlayıram. Onda, təxminən, 6-7 yaşında olardım. Biri, bu yazıda bir neçə dəfə adı çəkilən məşhur el ağsaqqalı müdrili Baba kişinin nəvəsi Muradxan əminin, ikincisi isə, Göyçay pedməktəbini qurtardıqdan sonra Şəkidə ikiillik müəllimlər institutunu bitirib, yenicə kəndə qayıtmış Cahangir müəllimin toyu idi. İndi onların heç biri həyatda yoxdur. (Hər ikisinin ruhu şad olsun!). Həmin toylarda məzhəkəni Dəlləy Əmi (müdrili Eynulla kişi) və vaşalı Aşıq Qərib aparırdı. Aşıq Qərib vaxtilə sayılıb-seçilən məşhur el sənətkarı Aşıq Xanalının oğlu idi. Г‡ox zaman ətraf kəndlərdə toyları o aparırdı, qardaşı İsa da xanəndəlik ediri. Həmin tamaşalardan birinin (Cahangir müəllimin toyunda) komik qəhrəmanları yenə də “Qaşqa Bəy”lə “Yorğa Bəy” idi. Hələ tamaşa başlanmamışdan, onların qəribə şəkildə geyinmələri şən gülüşmə yaradırdı. Onsuz da bəstəboy olan Dəlləy Əmi əbasının altına o qədər balış-nimdər doldurub üstündən qurşaq bağlamışdı ki, eni ilə uzunu bir olmuşdu. Aşıq Qərib isə ətəyi yerlə sürünən uzun bir kürk geyinmiş, sir-sifətini isə Amerika hindularında olduğu kimi, cürbəcür cizgilərlə bəzəmişdi. Hər ikisinin əlində tüfəng, kəmərində isə xəncər vardı. Onlar bir-birinə əks istiqamətdən toyxanaya daxil olanda ətrafı şən qəhqəhələr bürüdü. Nə üstündəsə ucadan mübahisə edərək bir-birinə hədə-qorxu gəlirdilər. Bu da camaat arasında gülüş doğururdu. Axırda Yorğa Bəy (Dəlləy Əmi) xəncərini çıxarıb, rəqibinin üstünə hücum çəkəndə, tərəf-müqabili –“ Qaşqa Bəy “güllə ilə” vurub onu yerə sərdi. Cır tüfəngə təkcə piston qoyulduğundan, çartıltı səsi də eşidildi.
Onlarn geyim və hərəkətləri olduğu kimi yadımda qaldığı halda, təəssüf ki, mübahisələrindən bir kəlməni belə xatırlaya bilmirəm. Görünür, bu dialoq uşaq ağlının yetəcəyi səviyyədə deyilmiş. Oyun başa çatdı. Aşıq Qərib paltarını dəyişib özünü qaydaya saldıqdan sonra yenə sazını götürüb, meydanda dövran eləməyə başladı. Qəribədir ki (bugünkülərin gözü ilə baxsaq), belə hörmətli insanlar məzhəkə göstərib adamları güldürməyi qətiyyən özlərinə əskiklik saymırdılar. Əksinə, bu, onların hörmətini daha da artırırdı. Onu da deyim ki, kəndimizdə başqa bayramlarda, məsələn, Novruzda göstərilən tamaşalar ənənəvi mövzuda (Kosa, Keçəl və s.) olsa da, elə hamısına “Qaşqabəy” oyunu deyirdilər.
Sözardı: Bəlkə də bu məzhəkələrdəki Qaşqabəy vaxtilə Həftəranda (İndiki İvanovkada) oturan, el arasında “Qaşqa Piristo” adlandırılan çar məmurunun prototipi imiş. Deyilənə görə, həmin Qaşqa Pristava oğrulardan şikayət edəndə deyərmiş:
– Canım, it saxla!
Həmin illərdə məktəbin eyvanında da müəllimlərin təşkil etdiyi tamaşalar göstərilərdi. Yadımdadır ki, bu tamaşalardan birində Dəlləy Əmi (Eynulla kişi) Hacı Qara, məktəbimizin direktoru (sonralar “müəllimlər müəllimi” kimi şərəfli bir ad qazanan Əməkdar müəllim Saleh Həsənov) isə nökər Kərəməli rolunu aparırdı. Onda mən birinci sinifdə oxuyurdum. Sonrakı ildə Saleh müəllim rayon mərkəzindəki məktəbə dəyişildi.
Muradxan əminin toyunda isə eyni zamanda iki tamaşa göstərilirdi. Onların evinin üst mərtəbəsində iki uzun otaq vadı. Həmin otaqlardan birində kişilər “Qaşqabəy” oyunu çıxarır, o birində isə qadınlar və qızlar “Toy-məlik” yarışması keçirirdilər. Qızlar həzin səslə o qədər “toooy-məlik” oxuyub təkrarladılar ki, axırda “bəyin” anası Qəmər nənə (yuxarıda haqqında bəhs etdiyimiz məşhur türkəçarəçi Hənnət nənənin qızı) zarafata salıb dedi: “Ay qızdar, bəs döyül Məlikin adın bu qədər çəkdüz? Balakərimin oğlunun toyudu – bir dəfə də “Toy-Balakərim” desöz dilüvüz qurumaz ki?!”. Balakərim kişi Qəmər nənənin, Məlik əmi isə qızların ogünkü söz yarışını aparan Şabacı nənənin əri idi. Şabacı nənə mahnının ritminə uyğun qaval əvəzinə çaldığı padnosu yerə qoyub dedi: “İndi ki, isdiyirsən Balakərimnən desinnər, gəl özün çal, oxu”. Onların bu zarafatı da məzəli bir deyim kimi uzun müddət dillərdə dolaşdı.
“Qaşqabəyçilər” isə dalbadal bir neçə tamaşa göstərdilər. Onlardan biri “müasir” mövzuda – üç-dörd il əvvəl başa çatmış müharibəyə aid idi. Aparıcılardan hərəsinin əlində içərisinə cürbəcür şeylər doldurulmuş çuval vardı. Bu tamaşada yaşının çoxluğuna görə müharibədə iştirak etməyən qocalar “parodiya” olunurdu. Г‡uvalda həmin qocaların hər biri üçün xarakterik olan əşyalar toplanmışdı ki, onları çıxarıb göstərəndə, həmin andaca söhbətin kimdən getdiyi məlum olurdu. Məsələn, kənddəki yaşlı kişilər arasında qulaqlı papaq geyən yeganə adam rəhmətlik Məmməd əmi idi. Bəzən də ipi qırıldığından, papağın “qulağı” yana əyilərdi. Əminin (Baladadaş kişinin) isə uzun çubuqlu demisi məşhur idi. Balakərim əmi qıçları ağrıdığından qış-yay həmişə sırıqlı şalvar geyərdi. Meşədi əmi qadınların kustar üsulu ilə əl dəzgahında yun iplikdən toxuduğu parçadan tikilmiş şalvar geyərdi. Ağababa əminin əlində həmişə uzun bir təsbeh olardı. Beləcə, yaşlı kişilərin hər birinin özünəməxsus əlaməti (atributu) vardı. Aparıcılar guya döyüş meydanında axtarışlar apararaq, həmyerliləri haqqında topladıqları məlumatlarla geri qayıtmışdılar.
Məzhəkəçilər ən əvvəl toyun sahibi Balakərim əmini “parodiya” elədilər. Sırıqlı şalvarın içinə cır-cındır dolduraraq, yuxarıdan və aşağıdan bağlamışdılar. Şalvarın hər iki ayağının qurtaracağına isə “şirazi” çarıqları hansı üsullasa bənd eləmişdilər. Belə ki, ilk baxışda bu, bədənin qurşaqdan aşağı qoparılmış (guya mərmi və ya bombanın qopardığı) hissəsınə bənzəyirdi. Elə “şirazi” çarıqların özü də rəhmətlik Balakərim əminin “atributlarından” biri idi. Aparıcılardan biri:
– Balakərim kişini çox axtardıq, gördüm deyən olmadı. Ondan qalan nişanə kimi təkcə bunu tapdıq, – deyərək, çarıq “geymiş” şalvarı çuvaldan çıxarıb meydana tulladı və “ağlamağa” başladı: – Öhö, öhö, öhö!..
Otağı şən qəhqəhələr bürüdü.
İkinci aparıcı:
– Meşədi əmidən isə təkcə bu qalıb… Öhö, öhö, öhö! –“ deyə toxunma şalvarı çaxarıb göstərdi.
– Bu papağı isə bir kolun üstündə tapdıq… Öhö, öhö, öhö!… – deyə, Məmməd əminin qulaqlı papağını göstərdi.
Bu sayaqla, aparıcılar Əminin qəlyanını, Nəcməddin əminin məşhur əsasını, Məlik əminin ağ kürkünü, Usta Rəcəb dayının daşqıran çəkicini, Dəlləy əminin ülgücü ilə “kisbət”ini (sabunu köpükləndirmək üçün istifadə etdiyi su qabı belə adlanırdı) və sair şeyləri hər dəfə çuvaldan çıxarıb, sahiblərinə uyğun bir izahatla göstərərək məzəli şəkildə “ağladıqca”, tamaşaçılar arasında şən qəhqəhə qopurdu. Aparıcılar isə təxminən həmin qocalarla eyni yaşda olduğundan (onlardan biri elə kəndin dəlləyi Eynulla Əminin özü idi), bu zarafatdan heç kəs incimirdi.
O vaxtı kəndimizin toylarında adamlar ya tək-tək, ya da iki nəfər birlikdə oynayardı. İndiki kimi hamı birdən oynamaqçın meydana girməzdi. Üçüncü şəxs meydana girəndə, adamlar pul (şabaş) verməyi dayandırardılar. Onda pulu yerə (yaxud kiminsə başına) səpələmək adət deyildi, oynayanın özünə verərdilər. Hər havanın öz oynayanı vardı. Qızlar “Nəlbəki”, oğlanlar isə “Məzəli” və bəzi bu kimi rəqsləri xüsusi hərəkətləri ifadə etməklə oynayardılar. “Köhnə Azərbaycan”ı 80-dən yuxarı yaşı olan Baladadaş Əmi, “Amannənə”ni vaşalı Xanbaba kişi, “Nazeləmə”ni Xanı dadaş (Xanəhməd əmi), “Dərbəndi”ni ağsaqqal olmasına baxmayaraq, qıvraq bir insan olan Hacımusa kişi, “Xançobanı”nı isə hələ o vaxtlar subay oğlan olan Fətixan (hazırda yaşı 80-dən yuxarıdır) xüsusi məharətlə oynayardılar. Bəziləri həmin rəqs havasını guya hansı xanınsa gözəl rəqs edən bir çobanı ilə əlaqələndirirlər. Əslində isə, bu rəqs də “Qazağı”, “Tərəkəmə” və sair havalar kimi “Xançobanı” adlı türk tayfası ilə bağlıdır.
“Kətandüymə”: Qadın məclislərində “Kətandüymə” rəqsini oynamaqla yarışmaq dəbdə olub. Buradakı “düymə” sözü “düyünləmək” –“ “düyün vurmaq” sözünün ixtisar variant kimi işlənmişdir. “Kətandüymə”, yəni, “kətanı düyünləmək” mənasındadır. Bu rəqs bir dəfə (bəlkə də sonuncu dəfə) ifa olunanda, uşaqlıq çağlarımda (5-6 yaşım olardı) ona tamaşa etmək mənə də nəsib olub–¦
Keçmişdə ortasında üç iri naxış, haşiyəsində də özünəməxsus naxışları olan, eni 1,8 metrə yaxın, uzunluğu 3,8 metr olan və yalnız Müdri kəndində toxunan palaz çeşnisi vardı –“ “Müdri palazı” adlanırdı. (Yeri gəlmişkən, tamam fərqli naxışları olan və Vaşa kəndində toxunan “Vaşa naxışı” adlanan iri həcmli palaz çeşnisi də vardı). Ərə gedən qızların cehizlərinin arasında “Müdri” palazının olması vacib şərt sayılırdı. Ona görə də kənddəki ailələrin hər birinin evində bu palazdan olardı, indi də var.
“Kətandüymə” yarışması zamanı meydana mütləq təptəzə “Müdri” palazı salınar, üstünə də uzun bir kətan dəsmal sərilərdi. Yarış başlasmazdan əvvəl (adətən, Lahıcdan gəlmiş) qarmonçu qadın “Qoç-Əli” rəqsinə bənzər bir hava çalmağa başlayardı. Cəsarət edib yarışmada iştirak etmək üçün meydana girən qadın (qız, gəlin) sol əlini sağ əlilə arxasında tutduğu halda rəqs edə-edə əyilib, dəsmala dişləri ilə düyün vurmalı idi. Bunu bir neçə hərəkətlə yerinə yetirmək lazım idi. Həmin hərəkətlərdən əvvəl hər dəfə bir bənd mahnı oxuya-oxuya və rəqs ədə-edə dəsmalın ətrafında dövrə vurmalı (dəsmalın başına fırlanmalı), mahnının axırında “indi düyərəm kətanı mən” misrasnı təkrarlamalı və yalnız bundan sonra aşağı əyilib dəsmalın ucunu dişi ilə qatlayaraq, lazım bildiyi yerə qoymalı idi. Bu oyunun müəyyən şərtləri də vardı. Dəsmala düyün vurulunca əllər arxadan açılmamalı, rəqs edən dəsmalı düyünləmək üçün əyilərkən, büdrəyib yıxılmamalı, mahnılar mütləq oxunmalı idi və s.. Bu şərtlər pozulduqda oyunçu təzələnirdi.
Meydanda növbə ilə rəqs edən qızların heç biri dəsmala düyün vurub oyunu başa çatdıra bilmədi. Belə olduqda, bu rəqsin ən gözəl ifaçısı sayılan Г‡ərkəz nənəni meydana dəvət etdilər. Onu da deyim ki, həmin gün elə Г‡ərkəz nənənin böyük oğlu Xanəhmədin toyu idi. O, mahnı oxuya-oxuya, bütün hərəkətləri ardıcıl olaraq yerinə yetirməklə dəsmalın uclarını dişləri ilə lazım olan şəkildə qatlayaraq düyün vurmaq üçün hazırladı. Sonra isə dəsmalın bir ucunu sol ayağı ilə tapdayıb, o biri ucunu dişi ilə tutaraq qalib kimi dikəlib qəddini düzəltdi. Bu sayaqla dəsmal dartılıb tarıma çəkiləndə ortasında düyün əmələ gəldi. Və Г‡ərkəz nənə oxuduğu mahnını “Axır ki, düydüm kətanı mən” misrası ilə tamamladı.
Onun ardınca cəsarətlənmiş məktəbli qız Ziyafət (Г‡ərkəz nənənin qaynı Abdul əminin qızı) “Kətandüymə”ni rəqs eləməyə başladı. O da kətan dəsmala düyün vurub oyunu uğurla başa çatdırmaqla yaşıdlarının və qız-gəlinlərin alqışlarını qazandı. Sonralar körpə uşaqlı cavan gəlin ikən dünyasını dəyişən bu mehriban və gözəl xasiyyətli insan (Г‡ərkəz nənənin ikinci oğlu Teymurun gəlini idi) indi də hörmət və ehtiramla xatırlanır.
Təəssüf ki, bu mahnıdan təkrarlanan misradan başqa yadımda heç nə qalmayıb. Yazını işləyəndə çoxlarından bu barədə soruşdum. Lakin mahnının sözlərini xatırlaya bilən tapılmadı. Təkcə Güllübacı (Güllüxanım nənə), yaxud Şabacı nənə, ya da ki, elə Г‡ərkəz nənənin özü həmin mahnının sözlərini tamamlamağa kömək edə bilərdi. Onlar isə çoxdan dünyalarını dəyişmişdilər… Ruhları şad olsu!
Sözardı: Kəndimizin toylarında oyun və məzhəkələrin göstərilməsi də, Mövlud bayramlarının keçirilməsi kimi, əllinci illərin əvvəllərinə qədər davam elədi. Unudulan təkcə bunlar deyildi. Həmin illərdə uzun qış gecələrində kişilər, oğlan uşaqları və qızlar dəstəsi ayrı-ayrı evlərdə yığışaraq, oyun və yarışmalar keçirərdilər.
(Yaşım az olduğundan (5-6 yaşda) həm kişi, həm də qadın məclislərini maneəsiz olaraq müşahidə etmək üstünlüyünə malik idim).
Məmməd Mirzə

Şərh Yaz