Ağasən Bədəlzadə – universitet içində universitet

Əziz dostum Şahməmməd! Ömrümüzün ən unudulmaz günlərindən biri keçən ay ağsaqqal alim və şair Ağasən Bədəlzadə ilə görüşümüz oldu. Bu böyük şəxsiyyətin ziyarəti hər ikimizdə elə dərin təəssürat yaratdı ki, zaman onun bir cizgisini də silə bilməz. İndiyə qədər yalnız şeirləri əsasında şair-filosof kimi tanıdığımız insanın dərin biliyi, zəngin daxili aləmi, parlaq zəkası, səmimiyyəti bizi heyran etdi.
Ağasən  Bədəlzadə - universitet  içində  universitet
76 yaşlı Ağasən müəllim indi təqaüdə çıxıb doğma Pirəbilqasım kəndində bu gün daxma adlana bilən (eyvah!) köhnə bir evdə yaşasa da, əsl filosof kimi: “Yoxsulluğum mənim üçün fəxrdir, o, məni təmiz saxlayır”, –“ deyir. “Fürsətdir … bir göz qırpımı da”, “Ümiddən büt yarat”,–“ deyən A.Bədəlzadə, həqiqətən, gözütoxluq, paklıq, həyatsevərlik mücəssəməsidir. Onunla dörd saatlıq söhbəti dörd illik təhsil adlandırmaq olar.
A.Bədəlzadə haqqında hələlik bəzi fikirlərimi Sizinlə və oxucularla bölüşdürmək istərdim. Ən əvvəl o, sözün həqiqi mənasında yüksək fəzilət sahibi olan, yurdunu, soydaşlarını dərin məhəbbətlə sevən insan və vətəndaşdır. O, İsmayıllı adı ilə o qədər fəxr edir ki, rayonumuzdakı ən kiçik abadlıq işini də böyük quruculuq kimi, nəinki insana, hətta Allaha xidmət kimi mənalandırır, bu torpağın övladlarını bütün qüsurlardan xali hesab edir: “Hər yerdə deyirəm ki, İsmayıllıda pis adam ola bilməz. Babadağ paklığı hopan torpaqda bu, mümkün deyil”.
A.Bədəlzadə ən müxtəlif elmi, dini, əxlaqi və fəlsəfi bilgilərə yiyələnən, onları zəka süzgəcindən keçirən və özünəməxsus dəyərli bir fəlsəfi sistem yaradan alim və filosofdur. Bu sistemdə islami və zərdüşti hikmətlər daha çox uğurla qovuşur. Uzun müddət orta və ali məktəblərdə dərs demiş bu şəxsiyyət, həqiqətən, M.Ellinin dediyi kimi, “unuversitet içində bir universitet”dir. Onun “Zamanın üzü, yazıçının sözü”, “Qələmin ucu, qılıncın gücü” monoqrafiyaları, “Yapon ədəbiyyatı tarixi” adlı dərsliyi Azərbaycan elminə töhfədir.
A.Bədəlzadə qaynar ilhamlı, uzun bir yaradıcılıq yolu keçsə də, hər gün yazan, istedadını Tanrı verən şairdir. Onun şeirlərində filosof soyuqqanlılığı ilə şair qızğınlığı qovuşur –“ Kürlə Araz qovuşan kimi. A.Bədəlzadənin qəlbi ilə qələmi eynidir, daha doğrusu, qələmi ancaq ürəyi deyəni yazır: “And içmişəm ki, ürəyimdən kənara çıxmaram. Ondan kənarda kim desən, var, amma mən yoxam”. “İlk dəfə ağaca vurulan”, sonra bütün dünyanı və xilqəti sevən Ağasən müəllimin poetik yaradıcılığı bütöv bir fəzilət toplusudur. Dünyanı bütün rəng və çalarları ilə görə və göstərə bilən şair həyatı Xeyirlə Şərin əbədi çarpışması kimi təqdim etsə də, Xeyirin ehtiraslı təbliğatçısıdır.
A.Bədəlzadənin dərin mühakimələri olduqca anlaşıqlı və cazibəli məcazlarla ifadə edən, gənclər üçün ibrət dərsliyi olan poeziyası haqqında ayrıca yazmaq niyyətimiz var. Ona görə də hələlik bu qeydlərlə kifayətlənmək istəyirik. Bizcə, yaxşı olar ki, imkan olduqca qəzetinizi Ağasən xəzinəsindən seçilmiş cavahirlərlə bəzəyəsiniz!
Dərin hörmətlə,
Oqtay İsmayıllı
Ağasən  Bədəlzadə - universitet  içində  universitet
QAN TUTAN KİMİ

Bir dərdə dolmuşam, dərman ovutmaz,
Dolmuşam sünbüllər dən tutan kimi.
Sədəf də incini heç belə tutmaz,
Sinəmdə dərdini can tutan kimi.

Həsrətdən gözümün kökü saralır,
Macal tapmayanda vaxt da daralır.
Sən mənim günümsən, baxtım qaralır
Üzünü üzümdən yan tutan kimi.

Odum Allahacan şüa salıbdır,
Baxt dərddən boynuma dua salıbdır.
Min dərd ürəyimdə yuva salıbdır,
Arılar pətəkdə şan tutan kimi.

Məcnun torpağından mən yoğrulmuşam,
Dərdimə dərd ilə çarə qılmışam.
Ümidi öldürüb, qanlı olmuşam,
Eşqin tutub məni qan tutan kimi.

YOXDUR

Qurtara bilmirik biz qaçaqaçdan,
Gah haqdan umuruq, gah da ki tacdan.
Min cür zər qutu var adi ağacdan,
Tabutdan qorxulu bir qutu yoxdur!

Fürsət ayda, ildə bir şəfəq saçar,
Gözünü qırpdınsa, əlindən qaçar.
Aləm var, görünməz –“ sübutu aşkar,
Aləm var, göz görür –“ sübutu yoxdur.

Fələyin də dişi hamıya batmaz,
Məzlumu su gələn vaxtda oyatmaz.
Dərə var, yamyaşıl, çəməni atlaz,
Zirvə var, bir çəngə göy otu yoxdur!

Deyirlər, hərənin öz cəzası var,
Nisyə nəqdi udar, başdan dərd aşar.
Niyə cəhənnəmdə yansın günahkar,
Məgər bu dünyanın öz odu yoxdur?!

Didir, parçalayır varlığı yoxluq,
Nəyimə gərəkdir yalançı şuxluq?!
Dünyada insandan bir incə məxluq,
Dünyada insandan kobudu yoxdur!

Dinməmiş içində qırılır səsin,
Dilin taqəti yox daha söz desin.
Sabahı həsrətlə gözləyən kəsin
Bu gündən sabaha umudu yoxdur!

İNSAN

Bir ayrı dünyadır insan büsbütün,
Bir gün payız olar, bir gün yaz olar.
Sən gülər gördüyün adamı bir gün
Ağlayan görəndə tanınmaz olar.
Yanar ürəyindən, tökər dilindən,
Ömrü yük olsa da, atmaz belindən.
Varını-yoxunu tut al əlindən,
Bir damcı ümid ver, kefi saz olar.

Daşı da ucaldıb müqəddəs eylər,
Haranı axtarsan, ordan səs eylər.
Hər şeyə bir yandan baxsan, bəs eylər,
İnsana yüz yandan baxsan, az olar!

YAXŞILAR, YAMANLAR

Yaxşılar yamanın əlindən tutar,
Arada yamanlıq olmasın deyə.
Yamanlar yaxşının dilindən tutar,
Haqq sözü yadına salmasın deyə.

Qönçələr ayılar bülbül səsindən,
Qarğalar gen durar gül nəfəsindən,
Dağlar pay göndərər öz zirvəsindən,
Aranda çiçəklər solmasın deyə.

Yaxşı gün görsə də, yaxşı qudurmaz,
Namərd pis gündə də heç dinc oturmaz.
Yaxşılar yamandan aralı durmaz,
Araya bədgüman dolmasın deyə.

Yaman yoldan çıxar, yaxşı ar eylər,
Yaman bir söz deyər, eli xar eylər.
Tanrı yaxşıları tezbazar eylər,
Yamanlar içində qalmasın deyə!

DİV GÖRƏSİYƏM

Dosta nə üz tutum, dost məndən betər,
Harda gülüş dolu ev görəsiyəm?
Bu qədər dərdi-sər gördüyüm yetər,
İnnən belə necə kef görəsiyəm?

Sürünə-sürünə sürdüm ömrümü.
Həmişə zillətdə gördüm ömrümü.
Dəyər-dəyməzinə verdim ömrümü,
Mən hansı bazarda nəf görəsiyəm?

Vaxt nə o taylıqdır, nə də bu taylıq,
Qurtaran deyildir bu hay-haraylıq.
Birinin əlində göz yaşlı yaylıq,
Birinin əlində dəf görəsiyəm.

Nə ipək istəyər yoxsul, nə atlaz,
Nə yolda şər görsün, nə evində yas.
Susasam, suyumun içində lil, pas,
Acısam, çörəkdə kif görəsiyəm.

Nağıl dünyasına gəlib çıxıram,
Bir yolayrıcında durub baxıram.
İt hürən tərəfdə itdən qorxuram,
İşıq gələn yerdə div görəsiyəm.

İNSAN TALEYİ

Göylərdə bir qərib hava dolanır,
Ürək çalxalanır, könül bulanır.
Göydə günəş yanır, yerdə yer yanır,
Amma görürsən ki, üşüyür insan.

Bayırdan bir hədə, içdən bir hədə,
Bir qiblə yoxdur ki, gümanım gedə.
Yoxuş çıxanda da, düz gedəndə də
Nəfəsi təngişir, töyşüyür insan.

Dörd yandan üstünə bəla yeriyir,
Ürək nalə çəkir, dilin kiriyir.
Səhər dərd qazanır, axşam qəm yeyir,
Gecələr bu dərdi göyşüyür insan.

Nahaq haqq önündə çökə bilməyir,
Yüz əl sınıq qəlbi tikə bilməyir.
Bir günün dərdini çəkə bilməyir,
Min ilin dərdini daşıyır insan.

Qayalar dağılıb, ta qum olubdur,
Dərd kotana dönüb, can şum olubdur.
Ölüncə göylərə məhkum olubdur,
Axır yenə yerə baş əyir insan.

TAPŞIRMA

Qoyub kənarda yaxşını,
Məni yamana tapşırma.
Mən çox görmüşəm naşını,
Baxtımı ona tapşırma.

Bir oba elinə tapşır,
Bənövşə gülünə tapşır,
Məni dağ selinə tapşır,
Bir kor dumana tapşırma.

Ötüb keçir hey ömür-gün,
Ömrümüz heçliyə sürgün.
Məni məndən özü üçün
Fayda umana tapşırma.

Dəli bir küləyə tapşır,
Təmiz bir diləyə tapşır,
Məni düz ürəyə tapşır,
Hər and-amana tapşırma.

Vaxt dediyin yeridəcək,
Haqq-hesabı çürüdəcək.
Zaman məni əridəcək,
Məni zamana tapşırma.

Fikir-xəyal başdan aşır,
Başda boş güman dolaşır.
Məni ac torpağa tapşır,
Hər tox gümana tapşırma.
TƏPİKLƏR ALTINDA

Düşmə namərd ayağına,
Qalma təpiklər altında.
Г‡ox güvənmə dayağına,
Qızma çəpiklər altında.

Ocaq haqdır, əzizlənir,
Divar tüstüdən hislənir.
Bulanıq sular gizlənir
Г‡ox vaxt köpüklər altında.

Haram halala əl qatır,
İçində iblis yaşadır.
Xəlvət milyonçular yatır
Qara qəpiklər altında.

Durub baxtımı gözlədim,
Günahımı təmizlədim.
Ağ saçı necə gizlədim
Beş qara tüklər altında?

Sularda şellənir yosun,
Dalğalar saçını yusun.
Yananlar necə soyusun
Vecsiz yelpiklər altında.

… Dünya yamanca korlanır,
Sirr qapısı qıfıllanır.
Bəs dünya necə fırlanır
Bu boyda yüklər altında?

YOZUN YUXUMU

Bu gecə bir qərib yuxu görmüşəm,
Kim yozar bu qərib, uzun yuxumu?
Yuxuda bir qıza bir gül vermişəm,
Bir qız xəyalından süzün yuxumu.

Onsuz da yuxutək keçir ömür-gün,
Sevgi gecəsinin yuxusu –“ gülgün.
Bir dərin yuxuya getsəm də bir gün,
Yar məni soruşsa, pozun yuxumu.

Gizli saxladığım çox tez car olar,
Yuxuda yox görsən, gerçək var olar.
Yuxumu ən doğru yozan yar olar,
Yarın kirpiyinə düzün yuxumu.

Bəzən ağıllının yuxusu –“ sərsəm,
“Yuxuya gedibdir” deyin, ölərsəm.
Yuxuda zülüm də, ölüm də görsəm,
Həmişə yaxşıya yozun yuxumu.

Şirin xəyalların çökər yuxuma,
Gülüm, bir qonaq gəl şəkər yuxuma.
Özün girməsən də əgər yuxuma,
Həmişə özün yoz, özün yuxumu.

QURTARMIR

Gəlir insan oğlu dünyaya min-min,
Ömür yollarında karvan qurtarmır.
Dərdi var dəryada qalan gəminin,
Nuh dərddən qurtardı, tufan qurtarmır.

Hər duyğu dalınca min sual gəlir,
Dünyaya baxıram, qəlbim kövrəlir.
Dağların başında duman seyrəlir,
Fikirdən, xəyaldan duman qurtarmır.

Durub nə umasan boş tərəzidən,
Pərsəngi atalar kaş tərəzidən.
Yaman gileyliyəm daş-tərəzidən,
Yaxşılar azalır, yaman qurtarmır.

Daha qızılgüllə tikan görüşür,
Nadanlar yığışıb dərdə gülüşür.
Düz yolda namərdə yaxan ilişir,
Yanıb-yaxılsan da, yaxan qurtarmır.

Kükrəyən çayların bəndi qırılıb,
Haqq sözə nahaqın möhrü vurulub.
Adəmdən bu yana divan qurulub,
Haqq-hesab səhv düşür, divan qurtarmır.

Agasən, illər öz köçhaköçündə,
İnsanlar yenə də əkin-biçində.
Dünyanın bu qədər dərdi içində
Ümid üzülməyir, güman qurtarmır.

YERİM OLMALIDIR

Kol-kosdan qızıl dərsələr,
Bütün yollara sərsələr,
Dünyanı mənə versələr,
Öz qədərim olmalıdır.

Açmalıyam, açanamsa,
Solmalıyam, xəzanamsa.
İnsan oğlu insanamsa,
Öz kədərim olmalıdır.

Dünyaya nəfə gəlmirik,
Beş-altı dəfə gəlmirik.
Dünyaya kefə gəlmirik,
Dərdi-sərim olmalıdır.

Arzum qəlbimə şahdısa,
Əhdim, əməlim haqdısa,
Qəlbimdəki Allahdırsa,
Allah kərim olmalıdır.

Dünyanın çoxu sudusa,
Yaşı qurunu yudusa,
Olub-qalanı budusa,
Ölüm-dirim olmalıdır.

Bu hal mənim halım deyil,
Əzəlki xəyalım deyil.
Dünya “gəlim-qalım” deyil,
“Gəlim- görüm” olmalıdır.

Lap bir uçuq dərəyəmsə,
Nöqtəyəmsə, zərrəyəmsə,
Bu dünyada hər nəyəmsə,
Burda yerim olmalıdır.

Şərh Yaz