Vətən yükünü daşıyan müəllim

Müəllim adı bütün zamanlarda şərəfli olub. İstər şəhərdə, istərsə kənddə insanlar bu peşə sahiblərinə həmişə hörmət, ehtiram bəsləyiblər. Yüksək müəllim adını daşıyanlar isə daim bunun məsuliyyətini, mənəvi cavabdehliyini hiss ediblər. Axı onlara xalqın ən qiymətli sərvəti – gənc nəsil, vətənin sabahı etibar edilib.
Müəllim nümunə deməkdir. Təsadüfi deyil ki, ziyalı ifadəsini işlədəndə də nədənsə, ilk növbədə, insanın gözü önünə müəllimlər gəlir. Г‡ünki ömürlərə işıq müəllimin biliyindən, ziyasından düşür.
Hansı fənni tədris etməsindən asılı olmayaraq, bu peşə sahibləri ziya, bilik bəxş edəndir. Haqqında danışacağımız müəllimin keçdiyi fənn isə bir qədər qeyri-adidir. O, artıq 24 ildir ki, orta məktəbdə gənclərin hərbi çağrışaqədərki hazırlığı ilə məşğuldur.
Vətən yükünü daşıyan müəllim
İsmayıllı rayonu N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbində çalışan Manafov Əsgər Əmirxan oğlunun pedaqoji fəaliyyəti ən yaxşı müəllimlik nümunələrindəndir. Keçdiyi həyat yolu isə şagirdlərinə, yetirmələrinə bir örnəkdir.
Hazırda ehtiyatda olan zabit Əsgər Manafov 1957-ci ildə Bakı şəhərində neftçi ailəsində anadan olub. 1989-cu ildə Moskva şəhərində Şvernik adına Həmkarlar Hərəkatının Ali Məktəbinin iqtisadiyyat fakültəsini bitirib. Bir müddət İsmayıllı rayon 138 nömrəli texniki peşə məktəbində pedaqoji fəaliyyətdə olub. 1992-1998-ci illərdə İsmayıllı şəhər 3 və 4 nömrəli tam orta məktəblərində Gənclərin Г‡ağırışaqədərki Hazırlıq fənni müəllimi işləyib. 1998-ci ildən Natiq Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbində ürəkdən bağlandığı bu fənni tədris edir. 1998-ci ildə qabaqcıl iş təcrübəsi İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən öyrənilərək yayılıb.
Əsgər müəllim ömrünün 24 ilini gənclərin vətənpərvərlik tərbiyəsinə həsr edib. İşlədiyi illər ərzində məqsədi vətənini, torpağını sevən, onların müdafiəsinə daim hazır olan gənclər yetirməkdən ibarət olub. İşindən həmişə zövq alıb, peşəsi ilə fəxr edənlərdən olub. Bu deyilənlərdə sadə bir həqiqət, bir insanın vicdan və ləyaqətlə xalqına xidmətinin ifadəsi var.
Əsgər Manafov ulu öndər Heydər Əliyevin “Mən yer üzərində müəllimdən yüksək ad tanımıram” sözlərini tez- tez xatırlayır. Deyir ki, bu sözlər əslində dəyərli kəlamdır, müəllimlərin üzərinə çox böyük məsuliyyət yükü qoyur. Odur ki, Əsgər müəllim özü də həmin kəlamla verilən etimadı daim doğrultmağa çalışır.
Əsgər müəllim 2004-cü ildə Təhsil Nazirliyi Tərəfindən keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsində II dərəcəli diploma layiq görülüb. 2008-ci ildə şagirdləri “Cəsurlar” hərbi idman yarışında fərqləndiyinə görə Müdafiə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub.
Hazırladığı “Vətənin Müdafiəsinə Hazıram” komandası Respublika çempionatının yekun mərhələsində 2008-ci ildə I, 2009-cu ildə II yerə layiq görülüb. 2011-ci ildə “Qarabağ uğrunda qələbəyə doğru” şüarı altında keçirilən güllə atıcılığı yarışında komandası respublikanın final yarışında I yeri qazanıb. 2012-ci ildə yaz çağırışına həsr olunmuş yarışda “Vətənin Müdafiəsinə Hazıram“ komandası Respublika çempionatının qalibi olub. 2012-ci ildə “Gənc xilasedici və yanğısöndürən” komandası respublika final yarışında II yeri tutub. 2013-cü ildə “Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında I, Respublika final yarışında II olub. Həmin yarışda 2014-cü ildə də eyni nailiyyəti əldə edib.
2015-ci ildə də ”Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında I, Respublika final yarışında III yerə layiq görülüb.
2016-ci ildə də ”Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında I yerə layiq görülüb.
2015-ci ildə ”Şahin“ hərbi-idman yarışının Respublika final mərhələsində komandası III yeri tutub.
Şagirdi Rəhimov Hənnan Vidadi oğlu – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram” I Ümumrespublika rəsm müsabiqəsində IV yeri tutub.
Təcrübəli pedaqoq Ə.Manafov onu da deyir ki, bu gün bütöv şəxsiyyət probleminin müsbət həlli məktəbdən, tədris sistemindən çox asılıdır. Məqsəd uşaqların aldığı biliklərin dərinləşdirilməsi ilə bərabər, həm də onların dünyagörüşünü, mənəvi zənginliyini artırmaqdır. Müəllimlər şagirdlərə həm də vətəni sevməyi, xalqa sədaqəti, qanunların aliliyinə hörmət bəsləməyi, saf mənəviyyatda yaşamağı öyrətməlidirlər. Uşaqlar təkcə özlərini deyil, ətrafdakıları düşünməyi bacarmalı, insanlar üçün yaşamağı da bəri başdan öyrənməlidirlər.
Qabaqcıl müəllimin tədris etdiyi fənnin bir sıra özəllikləri var. Belə ki, bu fənn təkcə bir sahədə bilik verməklə kifayətlənmir. Həm də şagirdlərdə müəyyən vərdişlər yaratmağa xidmət edir. Ən başlıcası isə torpaq, yurd sevgisi aşılayır, mərdlik, mübarizlik, hünər öyrədir. Əsgər müəllim bu fənni tədris etdiyi vaxtlardan həmin şərtlərə önəm verir və bildiklərini uşaqlara həvəslə öyrədir.
Ehtiyatda olan zabit Əsgər Manafov yeniyetmələrinə anladır ki, mərdlik insanın mənəvi gücünü və möhkəmliyini ifadə edən davranış əlamətidir, qorxuya nifrətdir. İnsan hara gedirsə-getsin , nə kimi rütbələrə, vəzifələrə qalxırsa-qalxsın, dəxli yoxdur, doğma yurda məhəbbət onun xəyalından bir an belə silinmir. Xüsusilə müharibə şəraitində olan bir ölkədə ordu quruculuğu, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi xidmətə hazırlanmağı mühüm məsələlərdəndir.
Əsgər müəllim dərslərində yetirmələrinin Azərbaycan Silahlı Qüvvələri haqqında dolğun şəkildə məlumatlandırılmasına, onların zəruri hərbi Nizamnamə qaydalarını mənimsəmələrinə, ordu həyatı ilə tanışlıqlarına, habelə gənclərin fiziki və psixoloji cəhətdən hərbi xidmətə hazırlanmalarına xüsusi diqqət yetirir, onlar arasında ölkənin hərbi məktəblərində təhsil almaq istəyənlərin, yəni namizədlərin seçilməsində güclü peşə təmayüllü iş aparır. Yeniyetmələrə görkəmli sərkərdələrin, milli qəhrəmanlarımızın döyüş yolu haqqında söhbətlər edir, müxtəlif filmlərə baxış keçirir. Yurdsevərliyin, vətənpərvərliyin kökləri çox qədimdir. Vətənpərvərlik millətin tarixinə, mədəniyyətinə dərin hörmətdə, milli ənənələrə əməl olunmasında, torpağın, onun sərvətlərinin göz bəbəyi kimi qorunmasında təzahür edir. Hazırda Əsgər müəllimin 74 nəfər yetirmələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi bilik və bacarıqlarını nümayiş etdirərək zabit kimi nümunəvi xidmət göstərirlər. O, Gənclərin Г‡ağırışaqədərki Hazırlıq fənni üzrə dayaq məntəqəsinin rəhbəri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitlərinin Şirvan regionu üzrə sədrinin müavinidir. Azərbaycan Respublikası Müəllimlər Qurultayının nümayəndəsi olub.
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri, Azərbaycanın Əməkdar müəllimi Rasim Orucov deyilənləri belə tamamlayır:
– Məktəblərimizdə müasir dövrün tələblərinə uyğun gənclərin çağırışaqədərki hazırlığı kabinetinin yaradılmasında Əsgər müəllimin böyük əməyi olub. Onun əldə etdiyi respublika miqyaslı uğurlar yalnız 6 nömrəli tam orta məktəbin deyil, İsmayıllı təhsilinin adına yazılan uğurlardır. O, novator hərbi-hazırlıq müəllimidir.
Vətən yükünü daşıyan müəllim
Bütün bunlara Əsgər müəllim əməksevərliyi, peşəsinə vurğunluğu, işə yaradıcı yanaşması ilə nail olub.
Əsgər Manafovun iş təcrübəsi dəfələrlə RTŞ-da və Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət xidmətinin (SHXГ‡DX) İsmayıllı rayon idarəsi tərəfindən bəyənilmiş və yüksək qiymətləndirilmişdir. Ona təşəkkür məktubları göndərilmiş, Fəxri fərmanlar verilmişdir. 2015-ci ildə Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev və Böyükağa Mikayıllı “Qabaqçıl iş təcrübəsinin yayılması “ layihəsi çərçivəsində Əsgər müəllimin dərsində iştirak etmiş və professor Əjdər Ağayev yüksək qiymət verərək demişdir: “ Bu gün gənclərin çağırışaqədərki hərbi hazırlıq fənnindən öyrəndikləri onların gələcək hərbi xidmət həyatında mühüm köməkçisi olacaqdır. Biz Əsgər Manafovun dərsində müəllimin nəzəri vətəndaş bilikləri ilə yanaşı, hərbi bilikləri də mükəmməl şəkildə aşılandığının şahidi olduq. Əsgər müəllimin simasında hərbi sirlərindən xəbərdar olan mütəxəssis və əsl pedaqoqu gördük.”
Gənclərin Г‡ağırışaqədərki Hazırlığı rəhbəri Əsgər Manafov pedaqoji sahədəki səmərəli fəaliyyətinə və vətənini, torpağını sevən, doğma yurdunun müdafiəsinə daim hazır olan gənclər yetişdirdiyinə görə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub, 2012-ci ildə “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi” döş nişanına layiq görülüb. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
Əsgər müəllimin ailəsi Azərbaycanın ən gözəl, səmimi, mədəni ailələrdən biridir. Milli-mənəviyyatımızı, adət-ənənələrimizi ləyaqətlə yaşadır. Həyat yoldaşı Həqiqət xanım Əsgər müəllimin bütün uğurlarına sevinir. Dörd övladı ali təhsilli müəllimlərdir. Qızı Gülçöhrə Fərəcova atasının çalışdığı məktəbin qabaqcıl dil-ədəbiyyat müəllimidir. Nümunəvi ata olmaqla bərabər Əsgər müəllim, sədaqətli və mehriban babadır. Onun 8 nəvəsi var.
Əsgər Manafov fənni ilə bağlı bir neçə kitabın müəllifidir. Deyirlər ki, hər bir insanın dəyəri onun niyyətindən, arzularından bəlli olur. Məslək, əqidə, mübarizə və əxlaq dərslərində ilk növbədə şagirdlərinə cəsarət və qətiyyət aşılayan Əsgər Manafovun bu illər ərzində əsas amalı Vətən yükünü çəkə bilən ləyaqətli gənclər yetişdirməkdir.
Hacıməmməd Məmmədov,
Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi

Şərh Yaz