Babadağ əfsanəsi (Yeni kitabdan bir fraqment)

Ötən söhbətimizdə Güllüxanım nənənin təkcə kitablarından danışmışdım. Onun sinəsi həm də əfsanələr, nağıllar, rəvayətlər, bayatılar, mahnılar yuvasıydı. O həm də el adətlərinin bilicisi idi və bildiklərini (qədimdən toy-nişan məclislərində keçirilməsi dəbdə olan xalq oyunları və məzhəkələr də daxil olmaqla) düşünülmüş şəkildə, bir pedaqoq kimi, özündən sonrakılara öyrətməyə cəhd edirdi. Həmin illərdə onun təşkilatçılığı ilə keçirilən cürbəcür mərasimlərə biz uşaqlar adi əyləncə kimi baxırdıq. Böyüklər isə Güllüxanım nənənin çağırışlarına həvəslə yığışar və onun, necə deyərlər, göstərişlərini – təlqin etdiklərini məmnuniyyətlə yerinə yetirərdilər. Təbiidir ki, onun təşkilatçısı, rəhbəri və aparıcısı olduğu tədbirlərin hamısı qadınlara aid idi.
Babadağ əfsanəsi  (Yeni kitabdan  bir fraqment)
Məsələn, Peyğəmbərimizin mövludu bayram edildiyi günlərdə axşamlar qadınlar Güllüxanım nənəgilə toplaşar və o, öz kitablarından qissələr oxuyardı. Həmin rəvayətlər şeirlə yazıldığından, o, bunları incə və həzin bir avazla səsləndirərdi. Belə məclislərin hamısında müntəzəm olaraq iştirak edən Balabacı nənəm məni də özü ilə aparardı. (Daha doğrusu, mən özüm “qırsaqqız” olub əl çəkmədiyim üçün aparmağa məcbur olurdu. Amma nənəm hara getsə, onun, necə deyərlər, ətəyindən “sallaşıb qalmağım” anamın heç də xoşuna gəlmirdi. Və bu inadkarlığımın nəticəsi olaraq, bir neçə dəfə yüngülvarı “tumarlanmağın ləzzətinə” də dözməli olmuşam.). Beləcə, yeddi-səkkiz (bəlkə daha artıq) yaşıma yetənəcən, Güllüxanım nənənin oxuduğu maraqlı qissələri dinləmək mənə də nəsib olub. Mövlud şənlikləri bir aya qədər çəkərdi. Bir neçə gün ardıcıl olaraq həmin tədbirlər Güllüxanım nənəgildə, sonra isə ayrı-ayrı evlərdə keçirilərdi. Kəndimizdə Mövlud bayramı günlərinin bu şəkildə anılması 50-ci illərin ortalarına qədər davam elədi. Sonralar isə tamamilə unudulub getdi.
Həmin yığıncaqlarda Güllüxanım nənə təkcə qissələri oxumaqla kifayətlənməzdi. O həm dünyagörmüş ağbirçək kimi qadınlara, qız-gəlinlərə cürbəcür məsləhətlər verər, həm də yalnız qadınların dinləməsi məqbul sayıla bilən bəzi söhbətlər edərdi. Bu zaman o, beş-altı yaşlı bir oğlan uşağının nənəsinin dizinə dirsəklənərək həmin söhbətlərə diqqətlə qulaq asdığını ya hiss etməmiş, ya da buna əhəmiyyət verməmişdi. Əlbəttə, həmin yaşda bütün bunlar mənim üçün, sadəcə olaraq, heç bir maraq kəsb etməyən tam anlaşılmaz söhbətlər idi. Və yaddaşımda ilişib qalmağı da məndən asılı deyildi. Lakin o, bilsəydi ki, bu körpəciyəz tam ağlıkəsən vaxta qədər burada eşitdiklərini yadında saxlayacaq, yəqin ki, həmin söhbətləri sonraya saxlayardı. Bəlkə də bunu yazmalı deyildim və hətta pozmaq istədim. Sonra bu fikirdən daşındım. Düşündüm ki, qalsa yaxşıdır. Görünür, dili söz tutan vaxtdan cocuqlarla ehtiyatlı davranmaq məsləhətdir…
Sonuncu görüşümüzdə o mənə kəndimizdə keçmişdə mövcud olmuş bir sıra adət və ənənələr, ziyarətgahlar və övliyalar, on səkkizinci ildə ermənilər İsmayıllı kəndlərini talan edəndə Diyallı əfəndilərinin Müdridə – onların evində sığınacaq tapmasından, şənlik məclislərindəki məzhəkə və oyunlar və s. haqqında danışdı. Hələlik, növbə Ziyarətgahındır.
Uşaqlıq çağlarımızda bir neçə dəfə “Həzrət Baba” ziyarətgahına getmişik. Həmin ziyarət səfərlərinin birində Güllüxanım nənə, habelə bölgədə görkəmli din alimi kimi tanınan və böyükdən-kiçiyə hamının hörmət və ehtiram bəslədiyi tircanlı Molla Lətif Əfəndi də iştirak edirdi. Lətif babanın anası müdrili olduğundan, o, ömrünün sonuna kimi kəndimizlə əlaqəsini kəsməmişdi. Həmin illərdə Baba ziyarəti iki gün çəkirdi. Onda hələ bu dağlara maşın yolu çəkilmədiyindən, ziyarətçilər yolun hamısını piyada (yaşlı kişilər isə atla) getməli olurdular. Bir gün Qurbangaha qədər gedib gecəni orada qalar, səhəri isə alaqaranlıqdan Baba Yoxuşuna dikələrdilər.
Г‡alışardılar ki, günəşin çıxmasını ziyarətgahın üstündə qarşılasınlar. Г‡ünki günəşin dənizdən “çıxmasını” bu ucalıqdan müşahidə etməklə əsrarəngiz bir mənzərənin şahidi olursan. Görənlər bilir, elə bu mənzərəyə tamaşa etmək üçün ömründə bircə dəfə də varsa, gün çıxmazdan əvvəl Baba Dağının zirvəsinə çıxmağa dəyər.
Yoxuşu yarı eləməyə az qalmış bir əhvalat baş verdi ki, onu da qeyd eləmədən keçə bilmirəm. Ziyarətçilərin arasında olan ahıl qadınlardan birinin nəfəsi tutuldu. Və yazıq qadın nə qədər çalışırdısa, bir addım da irəli ata bilmirdi. Yüksəkliyə qalxdıqca belə halların baş verməsinin tibbi baxımdan dəqiq izahı var. Bununla yanaşı, el arasında belə bir inanc da var ki, hansısa böyük günahı olan, yaxud ürəyində şəkk edən şəxsləri Övliya öz üstünə ziyarətə buraxmır. Kəndin əməlisaleh ağsaqqallarından sayılan Nəcməddin kişi də ziyarətə gedənlərin arasındaydı. O, əlindəki əsanı yüngülcə həmin qadına toxunduraraq: “Kafir, tövbə elə! Kafır, tövbə elə!” – deyə təkrarlayırdı. Qadın isə göstərişə əməl edərək: “Tövbə! Tövbə! Tövbə, əstəfurullah!” –“ deyə Övliyadan yol verməsini xahiş edirdi. Hamı bir müddət dayanmalı oldu. Əyləşib nəfəslərini dərdilər. Lətif baba üzünü Nəcməddin kişiyə tutub dedi:
– Özünü yorma, Nəcmədin kişi, onunku “tövbə”dən keçib. Qalıb istirahət eləsin, qayıdanbaş özünüzlə götürərsiz.
Bu əsnada ziyarətçilərin, xüsusən də qadınların xahişi ilə Güllüxanım nənə Həzrət Baba haqqındakı deyimləri həzin səslə oxumağa başladı. Bir bənd oxuduqdan sonra dikəlib yola düzəldik.
Güllüxanım nənə hər dəfə iki misra oxuduqdan sonra, hamı onun söylədiklərini həmin avazla təkrarlayırdı. Bu sayaqla düz ziyarətgahın üstünə qədər Həzrət Baba haqqındakı deyimləri oxuya-oxuya çıxdıq. Əvvəlki ziyarətlərimizdə uşaqlar yaşlıları arxada qoyaraq, bir-birinin bəhsinə yüyürərdilər ki, görək kim tez çatacaq. Bu dəfə isə heç kəs irəli qaçmaq istəmirdi. Elə bil, Güllübacının həzin səsi və oxuduğu deyimlər hamını sehrləmişdi.
Sözardı: Breslau şəhərinin faşistlərdən azad olunması zamanı küçə döyüşlərində iştirak etmiş atam belə bir əhvalat söyləyirdi:
“Yaşayış binalarından birinin almanlardan təmizlənməsi bizim bölməyə tapşırılmışdı. Əmri yerinə yetirəndən sonra bir az dincəlmək istədik. Neçə gün idi yuxusuz idik. Birinci mərtəbənin lazımi yerlərində keşikçilər qoyuldu. Qərara gəldik ki, vaxtaşırı birinci mərtəbədəkiləri dəyişməklə növbə ilə az da varsa mürgüləyək. Küçənin o üzündəki binalarda atışma davam edirdi. Həmin binalar da faşistlərdən təmizlənəndən sonra özümüzünkülərlə birləşəcəkdik. Mən ikinci mərtəbədə geniş bir otaqdaydım. Divarın dibində çarpayı vardı. Yatağa uzanan kimi məni yuxu apardı. Yuxuda gördüm ki, Həzrət Babanın ziyarətinə gedirik. Ziyarətgahın üstünə az qalmış baca kimi dar bir yer vardı. Ordan yuxarı çıxmaq lazım idi. Ancaq nə qədər çalışırdım, “baca” dar olduğu üçün çıxa bilmirdim. Gördüm yuxarıda Saray xalam dayanıb (Balabacı nənəmin bacısı –“ M.M.). Əlini mənə uzatdı ki, tut əlimdən, çıx. Onun əlindən tutub işıqlığa, birbaşa Ziyarətgahın üstünə çıxdım. Elə bu vaxt böyük gurultu və silkələnməklə yuxudan oyandım. Buraya neçə bomba düşmüşdüsə, deyə bilmərəm. Ancaq böyük binanın bir tərəfi tamam çökmüşdü. Təkcə çarpayının üstündə damın kiçik bir hissəsi yerində qalmışdı. Əsgər yoldaşlarımdan bir neçəsi uçqunun altında qalaraq həlak olmuşdu.
Müharibə başa çatdı. Mən tərxis olunub evə qayıdanda yay idi. Ziyarət günlərinin başlanmasına az qalırdı. Elə həmin il anamı və Saray xalamı da götürüb Həzrət Babanın ziyarətinə getdim”.
Yadınızdadırsa, Qüdrət baba ilə bir neçə saatlıq söhbətimiz ərzində o, Həzrət Baba ziyarətgahı, Qurbangah və ondan bu tərəfdəki dərələr, “Şeytanadaşatılan” və sair yerlər haqqında da danışmışdı. Həmin gün uşaqlıq çağlarımızda səhərin alaqaranlığında Güllübacının oxuduğu nəğmələrin həzin sədaları altında Baba yoxuşunu çıxmağımızı xatırladım. Lakin bu deyimlərin hər bəndində nəqərat kimi təkrarlanan “Həzrət Babamı gördünmü?” ifadəsindən başqa yadımda heç nə qalmamışdı. Dağ kəndlərimiz və orada yaşayanlar haqqında yazacağım yazıda həmin deyimlərin də özünə yer tapmasını istəyirdim. Qüdrət babadan bu barədə soruşdum. O haqda bir şey eşitməmişəm dedi. Düşündüyüm silsilə məqalələr “Yol gedər sizə, dağlar” başlığı altında dərc olunmağa başlamışdı və oxucular arasında gözlədiyimdən daha artıq maraq doğurmuşdu. Əvvəlcədən nəzərdə tutmasam da, artıq söhbət elə bir məcraya yönəlmişdi ki, haqqında danışdığım deyimləri qələmə almağın vaxtının çatdığı hiss olunurdu. Məni Güllüxanım nənənin yanına çəkib gətirən də məhz bu idi. Təəssüf ki, sonuncu olacağını bilmədiyim bu görüşümüzdə həmin ziyarət gününü onun yadına saldım və Həzrət Baba haqqındakı rəvayəti söyləməyini xahiş etdim. İndi sizə təqdim edəcəyim Güllüxanım nənənin söylədiyi həmin rəvayətdir:
– Ötən zamanlarda Kürqırağı vilayətlərin hansındasa öz xeyirxah əməlləri ilə elin hörmət və məhəbbətini qazanmaqla Övliya dərəcəsinə yüksəlmiş Baba adında bir şəxs yaşayırmış. Elin bilicisi və yolgöstərəni olan bu əməlisaleh şəxsə Həzrət deyirlərmiş.
Bir gün Həzrət Baba yuxuda ikən üzündən nur yağan pirani bir şəxs ona deyir ki, sən bərəkəti –“ Qulhuvallahı tapdayırsan. Baba hövlnak yuxudan oyanır. Oturub-durduğu, gəzib-dolaşdığı yerləri axtarır, ancaq pirani qocanın söylədiyi misalda bir şey gözünə dəymir. Həmin vaxtdan bu qəribə yuxu ondan əl çəkmir. Axırda Övliya bu vilayətdən çıxıb getmək qərarına gəlir. Üzü dağlara sarı yol alır. Ancaq nə vaxt dincini almaq üçün bir az mürgüləyirmişsə, yenə həmin yuxunu görərmiş. Nəhayət, bizim indiki Baba Dağının ətəklərinə gəlib çıxır. Qurbangahdakı Г‡illəxana da onun ibadət yeri olub. Burada qaldığı müddətdə fikrindən yer sürmək, taxıl əkmək keçir. Ancaq adam yaşamayan dağlarda cütü, qoşqunu hardan tapsın?
Elə bu haqda fikirləşirmiş ki, görür bir cüt dağkəli ona sarı gəlir. Dağkəlləri gəlib üzlərini onun ayaqlarına sürtürlər. Yurd yerinə baxanda görür burda cüt də var (boyunduruq, xış, samı, samıbağı və s. –“ M.M.), toxum da. Kəlləri qoşub yer sürür, toxum səpir. Gecə yatır. Səhər durub görür əkdiyi sahədə qarpız boyda meyvələr yetişib. Birini yarır, görür içi dolu buğdadı. Sonra xırman düzəldir. Meyvələrin hamısını yarıb, buğdasını xırmana yığır. Baba xırmanının yeri indi də durur orda.
Yaz açılanacan burda qalır. Qışın çillələrində yerin altında özünün tikdiyi otaqda yaşayır. Elə ona görə də oraya “Г‡illəxana” deyillər. Ancaq həmin yuxu burda da ondan əl çəkmir. Г‡arəsiz qalıb elə bir yerə getmək istəyir ki, insan ayağı dəyməmiş olsun. Nəhayət, gəlib dağın ən hündür yerinə çıxır. Başının altına bir daş qoyub yatır. Yuxuya gedən kimi yenə həmin pirani şəxs peyda olur, eyni sözləri deyir ona. Həzrət Baba yuxudan oyanır. Daha burdan o yana gediləsi yer qalmamışdı. Yerindən qalxır, dua edib Allaha yalvarır: “İndi ki, mən müqəddəs bərəkəti -Qulhuvallahı tapdamaqda müqəssirəm, elə burda al canımıВ». Namazdan qabaq “təyəmmüm” etmək (su olmadıqda əlləri torpağa sürtməklə dəstəmaz almaq –“ M.M.) istəyir. Əlini torpağa yapışdıran kimi qumların arasından indiki Musa Bulağının suyu car olur. Ayaqlarını soyunanda, bir düyü dənəsi çəkmənin içindən düşür yerə. O, nə vaxtdan bəri gördüyü yuxunun mənasını başa düşür. Allah onun duasını qəbul eləyir. Həzrət Baba günorta namazını qıldıqdan sonra dağın ən uca zirvəsində – əldən-ayaqdan uzaq pak bir yerdə dünyasını dəyişir.
İndi də bərəkəti tapdamaq el arasında böyük günah sayılır. Nahaq yerə deməyiblər ki, çörək “Quran”dan irəlidi.
Babadağ əfsanəsi  (Yeni kitabdan  bir fraqment)
Səfərə çıxmış Babanın yolunu bir müddət gözləyən anası dözməyib oğlunun ardıycan gedir. Bundan sonra atası, nənəsi, babası, bacısı, bir də qardaşı onları axtarmaqçın bir-birinin dalıycan ayrı-ayrılıqda yola çıxırlar. Soraqlaşa-soraqlaşa onun keçdiyi yollardan ötüb gedirlər. Onların hamısı bir-birindən xəbərsiz yollarda vəfat edir. Qəbirləri də Həzrət Babaya gedən yolun qıraqlarındadı. Təkcə evdən hamıdan əvvəl çıxan anası Ziyarətgahacan gəlib çata bilir. Həzrət Babanın anası yollar boyu rast gəldiyi şeylərdən oğlunu belə soraqlıyır:
Canım yollar, gözüm yollar,
Həzrət Babamı gördünmü?
Yollar aydır: Gənc Möylam
Bu yollardan keçdi getdi.
Canım çaylar, gözüm çaylar,
Həzrət Babamı gördünmü?
Г‡aylar aydır: Gənc Möylam
Bu çaylardan ötdi getdi.
Canım bulaq, gözüm bulaq,
Həzrət Babamı gördünmü?
Bulaq aydır: Gənc Möylam
Sularımdan içdi getdi.
Canım meşe, gözüm meşə,
Həzrət Babamı gördünmü?
Meşə aydır: Gənc Möylam
Cüt çubuğun kəsdi getdi.
Canım dağlar, gözüm dağlar,
Həzrət Babamı gördünmü?
Dağlar aydır: Gənc Möylam
Qoşa kəlin qoşdu getdi.
Canım xərmən, gözüm xərmən,
Həzrət Babamı gördünmü?
Xərmən aydır: Gənc Möylam
Xərmənini döydü getdi.
Canım Musa, gözüm Musa,
Həzrət Babamı gördünmü?
Musa aydır: Gənc Möylam
Dəstəmazın aldı getdi.
Həzrətin anası Musa Bulağından ötüb dağın ən hündür yerinə çatanda görür oğlu burda vəfat edib.
Sən məni ağlar qoydun,
Sinəmə dağlar qoydun –“
– deyib, özü də orada vəfat edir. Qəbri də Ziyarətgahdan bir az aşağıdadı.
Sözardı: Rəvayətdəki “Möylam” sözü ərəbcə “Ağam” mənasını verir, “aydır” əvəzinə isə hər yerdə “aydın” deyilir. Yəqin ki, bu rəvayət nəsildən-nəslə keçdikcə В«aydırВ» sözü öz başlanğıc formasını itirmişdir. Ola bilsin ki, rəvayəti bir-birinə ötürən sadə insanlar son mərhələdə “aydır” kəlməsini başa düşmədikləri üçün, mənanın təhrif olunmasına fikir vermədən, onu daha münasib bildikləri başqa bir oxşar sözlə (“aydın”) əvəz etmişlər. Г‡ünki “xırman aydın”, “meşə aydın”, “dağlar aydın”, “Musa aydın” və s. ifadələrin mənası anlaşılmır. “Dedi” sözünün sinonimi olan “aydır” isə Azərbaycan klassik ədəbiyyatında ən işlək ifadlərdən olmuşdur. Məs:
Eşitdi bu sözü çün pəri ru,
Aydır: — Nə söz idi söylədin bu?
(Xətai)
Qazanın önünə bir su gəldi. Qazan aydır:
Г‡ığnam-çığnam qayalardan çıxan su!…
Ordumun xəbərin bilirmisən, degil mana.
(Dədə Qorqud dastanları)
Maraqlıdır ki, şeir və müraciət formasına görə də bu dialoq Dədə Qorqud dastanlarındakı Qazan xanın öz evini və ailəsini soraqlamasına bənzəyir. Bundan başqa, buradakı “Canım Musa, gözüm Musa” xitabı Baba dağının bu rəvayətdə təsvir olunan vaxta qədərki (əvvəlki) adı haqqında fikir yürütməyə də əsas verir. Deyimin üçüncü bəndində bulağa ayrıca müraciət var. Zirvəyə çatmağa az qalmış ananın “Canım Musa” müraciəti, zənnimcə, buradakı bulağa yox, məhz dağın özünə aiddir. Zirvədən bir az aşağı ziyarət yolunun üstündəki qumluqdan çıxan buz kimi soyuq suyun “Musa Bulağı” adlanması isə, bəlkə də dağın adı ilə bağlı olmuşdur.
Haşiyə: Yeri gəlmişkən, bu cür yüksəklikdə, özü də istənilən qədər suyu özündə hopdura biləcək qumluqdan belə bir bulağın çıxması əsl möcüzə deyilmi? Amma bəzən olur ki, soyuqluğu dişlərini göynətsə də suyundan dadıb keçirsən, qayıdanda isə görürsən bulaq yoxdur. Bura qum seli ilə örtüldüyü üçün, bir an əvvəl içdiyin suyun çıxdığı yeri tapmaqda çətinlik çəkirsən. İnanca görə isə bunu belə izah edirlər ki, cismən və ya mənən natəmiz adam Musa Bulağına toxunanda, suyu yerin altına çəkilir. Bir inanc da ondan ibarətdir ki, bulağın suyunu qarışdırıb bulandırdıqda uzunmüddətli yağışlar yağır. Quraqlıq keçən illərdə bəzən ziyarətçilər məqsədli şəkildə bulağın suyunu bulandırırlar. Ya da ki, ziyarətgahın ətrafındakı xırdaca daşlardan özləri ilə götürürlər və evdə bunları suya qoymaqla yağış yağacağına inanırlar.
Aydındır ki, Baba dağı təxminən orta əsrlərdə ziyarətgaha çevriləndən sonra belə adlanmağa başlamışdır. Bəs ondan əvvəl dağın adı nə olub? Məgər o, elə əhəmiyyətsiz bir yüksəklikdirmi ki, heç kəsin diqqətini cəlb etmədən adsız qala? İkinci minilliyin əvvəllərində bir neçə ərəb tarixçisinin Şirvanı məhz Musa Qayası ilə tanıtdırması barədə yuxarıda yazmışdım. Əcnəbi tarixçilərin əllərində tutarlı əsasları olmasaydı, onlara nə düşmüşdü ki, Şirvanda belə bir dağın mövcudluğunu söyləyəydilər və hətta onu tərtib etdikləri xəritələrə də salaydılar? “Qaya” sözü, əlbəttə, tərcümədəki təhriflərlə də bağlı ola bilər. Г‡ünki haqqında danışılan yüksəklik qaya yox, möhtəşəm bir dağdır. Şirvanda belə bir dağın (Musa Dağının) mövcudluğunu inkar edənlərin əks dəlili bir də o ola bilər ki, Ərzurum tərəflərdə və ya haradasa başqa bir yerdə də, ola bilsin ki, eyni adlı qaya və ya dağ var. Bu da dəlil sayıla bilməz. Bir halda ki, Baba dağı ən vacib dəlili – Musa Bulağını öz zirvəsində bugünə qədər qoruyub saxlayır. Daha vacib bir dəlil də Musa Dağında qədim tarixçilərin qeyd etdiyi sehrli heyvan bulağıdır ki, bu barədə Qüdrət babanın söylədiklərini yuxarıda qeyd etmişdim. Təkrar hesab olunmasın deyə, bir də onu deməyi özümə borc bilirəm ki, Güllüxanım nənənin Həzrət Baba haqqındakı deyimləri Musa dağı ilə bağlı söhbətlərə əlavə işıq saldığı üçün yenidən bu mövzuya qayıtmalı oldum.
Məmməd Mirzə,
Azərbaycan Yazıçılar Birliyi və AJB-nin üzvü

Şərh Yaz