Plastik “zəhər”

Havanın isti olması məni susatmışdı. Yaxınlıqdakı marketə girib nəsə içmək istədim. Plastik qabda olan sərin ayran diqqətimi çəkdi. Soyuducunu açıb birini götürdüm. Nə qədər axtarsam da, üzərində istifadə tarixini tapa bilmədim. Satıcının müdaxiləsi ilə məlum oldu ki, bəs, məhsulun son istifadə müddəti qapağın üstündə yazılıb. Ha diqqətlə baxsam da, cızma-qaradan başqa bir şey görmədim. Elə bil məqsədli şəkildə qapağın üzərini ehmalca sıyırıblar ki, rəqəmlər görünməsin. Tənbəllik etməyib soyuducudakı bütün ayranları gözdən keçirdim. Hamısı beləymiş. Satıcıya gileyləndim. Nə desə yaxşıdı, “soyuducuda belə olub, soyuq dəydikcə rəqəmlər pozulur”
Plastik “zəhər”
Belə! Təəssüf ki, onsuz da təhlükəli olan plastik qablarda saxlanılan qidaları vətəndaşlara vaxtından sonra da yedirtməyə çalışanlar var. Ona görə də vətəndaşların hər hansı bir məhsulu alarkən onun son istifadə müddətinə baxmaları vacibdir. Mütəxəssislər bildirirlər ki, istehlakçılar qatıq, ayran, ağartı məhsulları alarkən yalnız son istifadə tarixinə deyil, məhsulun qoyulduğu plastik qabların növünə də diqqət yetirməlidirlər. Amma çoxlarımız bunu necə edəcəyimizi bilmirik.
Odur ki, bəzi mühüm məqamları diqqətdən keçirək: məhsulların saxlandığı plastik növünün sağlamlığa zərərli olub-olmadığını bilmək üçün onun nömrəsinə baxmaq lazımdır. Qabın arxasında üçbucaq işarəsi içərisində rəqəmlər olur. Plastik qablar növlərinə görə 1-dən başlayaraq 7-ə qədər nömrələnir. Əgər üçbucağın içərisində 5 rəqəmi yazılıbsa, bu, qabın təhlükəli olmadığını bildirir, amma heç bir rəqəm yoxdursa, sağlamlığınız üçün təhlükəlidir. 5 rəqəmi şüşə qapaqları, əmzik, qatıq qablarından istifadənin zərərsiz olduğunun göstəricidir. 3, 6 və 7 nömrəli plastiklərdən istifadə isə düzgün deyil. Plastik qablarda olan qidaları alarkən bunlara diqqət etmək lazımdır.

Qidalanmaq əvəzinə zəhərlənirik

Bu da reallıqdır ki, məişətdə qidaların böyük qismi plastik qablarda saxlanılır. Restoran və kafelərdən sifariş olunan isti və soyuq yeməklər də plastik qablarda ünvana çatdırılır. Bütün ticarət obyektlərində də istehlakçıların aldıqları malların əksəriyyəti, demək olar ki, polimerdən hazırlanan torbalarda, plastik vasitələrdə qablaşdırılır. Bir sözlə, plastik vasitələr artıq gündəlik həyatımıza tam sirayət edib. Amma fərqində deyilik ki, iqtisadi cəhətdən istehsalçılara və xidmət obyektlərinə ucuz başa gələn plastik qablar, polietilen torbalar bizim sağlamlığımıza necə zərərlidir. Alimlər hesab edirlər ki, plastik qabların hazırlanmasında istifadə edilən “bifenol A” maddəsi insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Araşdırmalar da göstərir ki, bu maddə insanın immun və əsəb sisteminə olduqca mənfi təsir göstərir. Təəssüf ki, bəzi hallarda həmin qablar yuyulduqdan sonra təkrar istifadə olunur. Ona görə ki, şüşədən fərqli olaraq, bu qablar qırılmır və onların daşınması daha asandır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bizimlə söhbətində dedi ki, texnologiyalar inkişaf etdikcə ənənəvi olaraq təsərrüfatda, məişətdə işlədilən plastik tərkibli qablar, əşyalar meydana çıxır. Bunlardan da dünyanın hər yerində istifadə olunur. Amma plastik qabların da özlərinin işlətmə xüsusiyyətlərinə uyğun olaraq müxtəlif formaları var. Bunların istifadəsi zamanı ümumi qaydalara əməl olunarsa, bu qablar heç bir təhlükə törətməz: “Bu kimi qablar bizim məişətimizə son vaxtlar kütləvi surətdə daxil olduğundan çox zaman nə onları satanlar, nə də istifadə edənlər real təhlükənin fərqinə varırlar. Tutaq ki, elə plastik qab məhsulları var ki, onlar ancaq soyuq məhsulları qısa müddətdə daşımaq üçün yararlıdır. Elə qablar da var ki, onlar isti qidaları daşımağa və onları müəyyən müddətdə saxlamaq üçün yararlıdır. Soyuq qidalar üçün nəzərdə tutulan plastik qaba isti qida tökdükdə, təbii ki, orada müəyyən kimyəvi reaksiya gedə bilər. Bu da insan orqanizmi üçün çox zərərli kimyəvi maddələrin qidaya daxil olması deməkdir. Bu mənada vətəndaşlara ümumi tövsiyəm ondan ibarətdir ki, plastik qablarda olan qida məhsulları alarkən onun keyfiyyətinə diqqət etsinlər”.
M.Quliyevin sözlərinə görə, plastik qabların istifadəsi ilə bağlı beynəlxalq təcrübədə elə bir qanunvericilik yoxdur. Bu kimi məhsullara qanunvericilik səviyyəsində deyil, təlimatlar səviyyəsində nəzarət olmalıdır.
Mövzu ətrafında Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, professor İbrahim Əhmədovla da danışdıq. Qeyd etdi ki, birdəfəlik istifadə olunan plastik qablar məişətdə çox geniş tətbiq olunur. Sadəcə olaraq, bilmək lazımdır ki, bu məhsullarda hansı qidaları saxlamaq, yaxud daşımaq olar. Bu qablardan təkrar istifadə etmək qəti qadağandır: “nsanlar turşuları, ağartı məhsullarını da plastik qablarda qablaşdırırlar. Bu, qətiyyən düzgün deyil. İsti qidaların qoyulduğu plastik qablar öz ziyanlı tərkibini yeməyə buraxır. Nəticədə orqanizmi qidalandırmaq əvəzinə zəhərləyirik. Bir çox hallarda birdəfəlik plastik qablardakı qidanı mikrodalğalı sobalarda qızdırırlar. Bu proses isə qabların kimyəvi tərkibinin yeməyə keçməsini daha da sürətləndirir. Gündəlik istifadə etdiyimiz su da plastik qablarda satılır. Həmin qablarda uzun müddət saxlanılan su xəstəlik mənbəyidir. Ən pisi isə uşaq qidalarının belə qablarda olmasıdır. Uşaqları bu qablar vasitəsilə qidalandırırlar. Valideynlər bilmirlər ki, öz əlləri ilə körpələrini zəhərləyirlər”.

Dövlət standartı necə müəyyənləşib?

Artıq bir neçə xarici ölkə plastik qablardan istifadəni qadağan edib. Həmin qabların təhlükəli olması səbəbindən plastik qablar karton və kağız məmulatları ilə əvəzlənib. Bunları isə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov təəssüf hissi ilə bildirdi ki, ticarət və xidmət obyektləri hələ də plastik qablaşdırmaya üstünlük verirlər: “Dünyanın bir çox ölkəsində içməli suyun plastik qablarda satışına da qadağa qoyulub. Latviyada plastik qablarla yanaşı, plastik torbalar da ləğv edilib. Bunun əvəzində kağız sellofanlardan istifadə olunur”. E.Hüseynovun sözlərinə görə, ən acınacaqlı məqamlardan biri də birdəfəlik nəzərdə tutulan plastik qabların təkrar istifadə edilməsidir. Bəzən həmin qablar zibilliklərə tullandıqdan sonra yığılır və yenidən istifadə edilir. Bunlar yolverilməzdir.
Plastik “zəhər”
Görünən odur ki, qidalanmada plastik qablardan istifadə yaxşı heç nə vəd etmir. Əgər bu qablara nəzər salsaq, görərik ki, qabın üst hissəsindəki etiketdə səbətə plastik qab atan insan şəkli əks olunub. Bu da plastik qabları ətraf mühitə atmağın qadağan olduğunu göstərir. Buradan da aydın olur ki, ümumilikdə plastik qablarda ərzaq saxlanmamalı, onlardan istifadə dayandırılmalıdır.
Qeyd edək ki, yeyinti məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan, polimer materiallardan hazırlanan istehlak tarası (butulka, qutu, stəkan) “Yeyinti məhsullarının qablaşdırılması üçün polimer istehlak tarası” dövlət standartı ilə tənzimlənir. Standarta görə, yeyinti məhsullarının qablaşdırılması üçün istehlak tarasının istehsalında yüksək və aşağı təzyiqli polietilen, polipropilen və propilen sopolimerləri, ümumi təyinatlı polistirol, zərbəyədavamlı polistirol, polietilentereftelat polimer materiallardan istifadə edilir.
Sözügedən standart barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirdilər ki, temperaturu 70В±5 В°C olan suyun təsirindən tara deformasiya olmamalı, xarici görünüşünü qoruyub saxlamalıdır. Temperaturu -15В±2 В°C olan hava kamerasında 2 saat ərzində saxlandıqdan sonra tara çat verməməli, deformasiyaya uğramamalı, xarici görünüşünü, rəngini, ölçülərini və mexaniki xassələrini qoruyub saxlamalıdır. Tara 1 faizli sirkə turşusu məhlulunun təsirinə davamlı olmalıdır. Polimer materiallardan hazırlanan taradan otaq temperaturunda toksiki maddələr ayrılmır və bilavasitə kontakt zamanı insan orqanizminə zərərli təsir göstərmir.
Göründüyü kimi, orqanizmimizə hər gün zərrə-zərrə daxil olan bu “plastik zəhər”in fəsadı ağır və olduqca təhlükəlidir. Odur ki, bu barədə məlumatlı və ehtiyatlı olmalıyıq.
Elgün Mənsimov

Şərh Yaz